Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
yaradılması müstəqil Azərbaycanın dövlət
quruculuğunun mühüm nailiyyətlərindən biridir.
Ordumuzun yaradılması prosesi əslində ölkəmizin
müstəqilliyinin tarixidir.
Tarixə nəzər salsaq görərik ki, Milli Ordumuzun
yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin
fəaliyyəti dövrünə təsadüf edir. O vaxtlar
Rusiya imperiyasının müsəlman xalqlarına
həqarətli münasibəti, onların orduda xidmətdən
azad edilməsi bu xalqların hərbi işləri
yadırğamasına gətirib çıxarmışdı. 1917-1918-ci
illərdə erməni təcavüzünün güclənməsi Azərbaycan
türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi
ilə üz-üzə qoymuşdu. Yaranmış vəziyyət təcili
olaraq ordu quruculuğuna başlamağı tələb edirdi.
1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan
Milli Ordusunun yaradılmasına başlanıldı.
Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis
edildi. Istedadlı general Səməd bəy Mehmandarov
dekabrın 25-də hərbi nazir, general-leytenant
Əlağa Şıxlinski nazir müavini təyin edildilər.
Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin
Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf
qəzaları erməni-bolşevik işğalından xilas etdi.
Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli
hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda
yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan
sərhəddini pozmuş erməni nizami ordu hissələrini
darmadağın etdi. Azərbaycan ordusunun Hüseynxan
Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı,
Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy
Səlimov kimi istedadlı generalları var idi.
AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli
Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti
Nargin adasına aparılıb güllələndi.
Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə
qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir
dövrdə də qorunub saxlanılır və inkişaf
etdirilir. Bu isə ümummilli liderimiz Heydər
Əliyevin ciddi səyləri nəticəsində mümkün
olmuşdur. Ali Baş Komandan Heydər Əliyevin
rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu
sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil,
qüdrətli ordu yaratmağa imkan vermiş, onun
gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı
zəmin yaratmışdır.
Lakin hələ yaxın keçmişdə Azərbaycan ordusu
yaradılmasına başlanıldığı vaxtdan müxtəlif
təzyiqlərə məruz qaldı. Həm xaricdən, həm də
daxildən göstərilən təzyiqlərin əsas məqsədi
ordu quruculuğunun qarşısını almaqla
Azərbaycanın müstəqil bir dövlət kimi
mövcudluğuna yol verməmək idi. Belə ki, sovet
hakimiyyəti dövründə də Rusiya imperiyasının
azərbaycanlılara qarşı hərbi siyasəti
dəyişməmişdi. Sovet dövründə çar dövründən
fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə
çağrılırdılar. Lakin onlar döyüş üçün nəzərdə
tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti
batalyonlarında xidmət edirdilər. Məqsəd aydın
idi - azərbaycanlılar arasında hərb elminə
dərindən yiyələnən, müasir silahlarla rəftar
etməyi bacaran hərbçilərin yetişdirilməsinə
imkan verməmək. Bu siyasətin mahiyyətini yaxşı
başa düşən Heydər Əliyev Azərbaycanda
hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun
20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış
hərbi məktəbi təşkil etdi. Dövlət başçımız
azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş
Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik
məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi
məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına
nail olmuşdu. Bu gün C.Naxçıvanski adına Hərbi
Liseyin milli zabit kadrlarımızın
yetişdirilməsində və o dövrdə ali hərbi
məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin
formalaşmasında müstəsna rolu vardır. Bu
məktəblərdə yetişən Azərbaycan hərbçiləri
Birinci Qarabağ müharibəsində misilsiz
igidliklər göstərmişlər. Lakin bu nailiyyətlər
asanlıqla əldə edilməmiş, çox mürəkkəb və çətin
tarixi inkişaf yolu keçmişdir.
Azərbaycan Respublikası 16 il əvvəl öz dövlət
müstəqilliyini bərpa edərkən artıq Ermənistan
Respublikası ilə müharibə vəziyyətində idi.
Tarix boyu Azərbaycana qarşı ərazi iddiasında
olan ermənilər onlara havadarlıq edən və
ölkəmizi parçalamaq, onun müstəqilliyinə mane
olmaq istəyən digər qüvvələrlə birlikdə bir
hissəsini işğal etmişdilər. O zaman Azərbaycana
rəhbərlik edən şəxslər qətiyyətsizlik və
iradəsizlik nümayiş etdirərək Silahlı Qüvvələri
yarada bilmədilər.
1991-ci ilin sentyabrın 5-də Müdafiə
Nazirliyinin yaradılması baradə qərarın və həmin
ilin oktyabrın 9-da Azərbaycan Respublikasının
Ali Soveti tərəfindən Silahlı qüvvələrin
yaradılması haqqında qanunun qəbul edilməsinə
baxmayaraq, Respublika rəhbərliyi bu qərarların
həyata keçirilməsi üçün heç bir səy göstərmirdi.
SSRİ-nin tərkibində qalmağa, ittifaq
orqanlarının himayəsi altında yaşamağa və onun
vahid ordusunun saxlanmasına meyli olan Ayaz
Mütəllibov Azərbaycanın müstəqil ordusunun
formalaşmasında heç də maraqlı deyildi. Ona görə
də orduya dövlət səviyyəsində lazımi diqqət
yetirilmir, onun təşkilatlanması üçün zəruri
tədbirlər görülmürdü. Nisbətən qısa dövrdə dörd
müdafiə nazirinin dəyişdirilməsi ordu
quruculuğuna mənfi təsir göstərməklə yanaşı, ona
olan münasibəti təzahür etdirirdi.
AXC-Müsavat hakimiyyəti dövründə də ölkəmizin
ərazi bütövlüyünün qorunması üçün lazımi
tədbirlər həyata keçirilmirdi. O vaxtkı iqtidar
səriştəsizliyi üzündən düşünülmüş hərbi siyasət
yeritmək qabiliyyətində olmadığına görə ölkəni
və əhalini hər cür silah və hərbi texnika ilə
təchiz edilmiş düşmənin ordusundan qoruya
bilmir, onun qarşısında aciz qalırdı.
Belə vəziyyətin yaranmasında günahkar olan o
zamankı dövlət rəhbərləri sonralar bu halı
etiraf etmək məcburiyyətində qalmışdılar.
Hərbi iş üzrə heç bir biliyi və səriştəsi
olmayan Fəhmin Hacıyevin və bu baxımdan ondan
fərqlənməyən Tahir Əliyevin, Rəhim Qazıyevin,
Surət Hüseynovun Silahlı Qüvvələrdə yüksək
vəzifələrə təyin edilməsi ordunun mənafelərinə
ciddi ziyan vurmuşdu. Bu şəxslər peşəkar zabit
kadrlarına inamsızlıq göstərir, onları ordudan
uzaqlaşdırır, ordu quruculuğunda səriştəsi
olmayan öz yaxın adamlarını şəxsi sədaqət
əsasında yüksək vəzifələrə təyin edirdilər.
Cəmiyyətin bütün qatlarını sarsıdan daxili
qeyri-sabitlik, siyasi çəkişmələrin geniş vüsət
alması, cinayətkar mafioz dəstələrin fitnələri,
xarici xüsusi xidmət orqanlarının qarşısı
alınmayan kəşfiyyat-təxribat fəaliyyətinin ordu
quruculuğu prosesinə göstərdiyi dağıdıcı təsiri
1993-cü ilin ortalarında artıq ordunu məhv olmaq
təhlükəsi qarşısında qoydu.
Bütün bunların nəticəsində erməni silahlı
qüvvələri Azərbaycan torpaqlarının 20 faizini
zəbt etmiş, 1 milyondan artıq vətəndaşımızı öz
yurdlarından didərgin salmış, on minlərlə insanı
məhv etmişdi.
Ölkə daxilində hakimiyyətsizlik, qarışıqlıq və
xaos, siyasi çəkişmələr, ordunun iflic
vəziyyətində olması, ərazilərin işğalı, ölkənin
parçalanması və müstəqilliyin itirilməsi
təhlükəsi əhalidə ruh düşkünlüyü, vahimə və
qorxu, dövlətə və orduya, sabahkı günə
inamsızlıq hissləri yaratmışdı.
Məhz belə bir ağır böhranlı şəraitdə Azərbaycan
xalqı öz müstəqil dövlətinin məhv edilməsi
təhlükəsi qarşısında üzünü Naxçıvana, xalqın
layiqli oğlu Heydər Əliyevə tutaraq onu
hakimiyyətə gətirdi.
Yalnız Heydər Əliyevin 1993-cü ildə xalqın
tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan
Respublikasının Prezidenti seçilməsi vəziyyəti
kökündən dəyişdi, respublikamızda ordu
quruculuğu sahəsində mühüm tədbirlərin həyata
keçirilməsinə güclü təkan verdi, cəbhədə
vəziyyətin müsbət istiqamətdə inkişafına şərait
yaratdı. Bu dövrdən etibarən ölkədəki silahlı
qüvvələr dövlətin tam nəzarətinə keçdi. Görülmüş
tədbirlər nəticəsində qısa zaman kəsiyində
Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış
məntəqələri işğaldan azad edildi, cəbhədə
təşəbbüs Azərbaycan ordusunun əlinə keçdi. Bu
uğurların müvəqqəti olduğunu güman edən düşmən
öz havadarlarının köməyindən və silahlı
sursatından istifadə edərək 1994-cü ilin ilk
aylarında bütün cəbhə boyu irimiqyaslı hücum
əməliyyatlarına başladı. Lakin Azərbaycan ordu
hissələrinin Füzuli, Beyləqan, Ağdam və Tərtər
istiqamətlərindəki müqaviməti ilə rastlaşan və
Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinin
şahidi olan düşmən cəbhədə atəşkəsə razılıq
verməli oldu.
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyev hərbi təhsil sisteminin daha da inkişaf
etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın
20-də Hərbi Akademiyanın yaradılması haqqında
fərman imzalamışdır. Prezidentin 20 avqust
2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr
üçün kadr hazırlığının təkmilləşdirilməsi
məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət
göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik
Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik
Məktəbi adlandırılmışdı.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin
quruculuğu prosesi davam etdirilir və ordumuz
inkişaf, təkmilləşmə dövrünü yaşayır. Bu ordu
işğal olunmuş ərazilərimizi düşməndən azad
etməli, ölkəmizin ərazi bütövlüyünü qorumalıdır.
Tarixi varislik ənənəsinə uyğun olaraq ümummilli
liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan
Xalq Cümhuriyyəti dövründə Milli Ordunun
yarandığı 26 iyun günü Azərbaycan Silahlı
Qüvvələri Günü kimi bayram edilir.