Açıq kitabxana haqqında ümumi məlumat

2016-cı ilin iyul ayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Kitabxanasının birgə layihəsi əsasında paytaxt sakinləri və şəhərimizin qonaqları üçün fasiləsiz və sərbəst mütaliə imkanlarının yaradılması məqsədilə, Milli Kitabxananın nəzdində həftənin bütün günləri, 24 saat ərzində xidmət göstərən “Açıq Kitabxana” yaradılmışdır.

Mütaliə bütün insanların, o cümlədən gənc nəslin tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Mütaliə edilən hər bir kitab oxucunun təfəkkürünü inkişaf etdirir, yeni bilik qazandırır, marağını, mənəvi təlabatını ödəyir, insanın şəxsiyyət kimi formalaşmasına kömək edir. Kiçik yaşlarından kitaba olan maraq gəncləri həyat həqiqətlərini dərk etməyə sövq edir, onlarda mütaliə mədəniyyətini inkişaf etdirir.

Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır.

Mütaliəyə marağın artması, kitabxana-oxucu əlaqələrinin genişlənməsi, kitab müzakirələrinin keçirilməsi, mütaliənin sevdirilməsi və oxucularda mütaliə mədəniyyətinin formalaşdırılması Milli Kitabxananın da qarşısında duran əsas vəzifələrdən biridir.

Gənclərin fəal mütaliəyə cəlb olunması, mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi əsasında 2016-cı ilin iyul ayında Milli Kitabxananın nəzdində həftənin bütün günləri fasiləsiz 24 saat ərzində gənclərin və bütün vətəndaşların sərbəst şəkildə kitab mütaliə etməsinə şərait yaradan “Açıq Kitabxana – sərbəst mütaliə məkanı” yaradılmışdır.

Burada ayrı-ayrı oxucular, yazıçılar, şairlər, görkəmli elm və mədəniyyət xadiməri tərəfindən kitabxanaya hədiyyə edilən kitablar nümayiş olunur və onların mütaliəsinə şərait yaradılır.

Yeni kitabxanada həmçinin, açıq səma altında poeziya gecələri, mütaliə axşamları, ayrı-ayrı yazıçı və şairlərlə görüşlər keçirilir, yazıçı və şairlərin yeni kitablarının təqdimat mərasimləri, imzalı görüşlər təşkil olunur.

Belə görüşlərdən biri yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın Azərbaycan milli mətbuatının banisi, “Əkinçi” qəzetinin baş redaktoru Həsən bəy Zərdabinin həyat yolundan bəhs edən “İşığa gedən yol” romanının Açıq Kitabxanada imza mərasimidir.

Məlumdur ki, bu gün Bakıda və respublikamızın digər şəhər və rayon mərkəzlərində kitab mağazaları çox azdır. Buna görə də Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə kitabxanalarda kitab satışının təşkilinə icazə verilmiş və Milli Kitabxananın nəzdində yaradılan Açıq Kitabxanada da vergi qanunvericiliyinə əməl edilməklə kitab satışı və kitab sifarişi mərkəzinin yaradılması nəzərdə tutulmuşdur. Burada istənilən müəllifə özünün yeni çap olunan kitabını satış üçün Açıq Kitabxanaya təqdim edərək müəyyən müddətdən sonra satılan kitablarının dəyərini geri ala bilmək imkanı yaradılacaqdır.

Açıq Kitabxanada Azərbaycanla yanaşı Rusiyada, Türkiyədə və digər ölkələrdə çap olunan kitabları onlayn sifariş etmək mümkün olacaqdır. Bir sözlə, yeni layihə oxucularla müəlliflərin görüş yerinə çevrilərək, kitabla oxucular arasında fəal əlaqələndirmə funksiyasını yerinə yetirir.

Yeni yaradılmış Açıq Kitabxananın əsas üstünlüklərindən biri də odur ki, müəlliflər tərəfindən təqdim edilən kitablar Milli Kitabxananın fondu ilə yoxlanılır və fondda olmayan kitabların bir nüsxəsi dərhal kitab fonduna daxil edilir və elektron kataloqda qeyd edilir. Bu üsulla 3 ay müddətində fonda 800 addan çox yeni kitab daxil edilmişdir.

Yeni tipli Açıq Kitabxanada Azərbaycan Milli Kitabxanasının Elektron kataloqundan, Elektron kitabxanasından, “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”ndan və digər elektron kitabxanalardan oxucuların istifadəsi üçün kompüter avadanlıqlarının quraşdırılması, internet şəbəkəsi ilə təminatı da planlaşdırılır.

Açıq Kitabxananın fəaliyyət göstərdiyi qısa müddət ərzində bu sərbəst mütaliə mərkəzi çoxlu sayda insanların asudə vaxtlarını səmərəli keçirdikləri bir məkana çevrilmişdir. Heç təsadüfi deyildir ki, bir sıra kütləvi informasiya vasitələri – televiziyalar, o cümlədən internet televiziyalar, qəzetlər, saytlar artıq bu məkan haqqında çoxsaylı reportajlar hazırlamış və insanlar bu təcrübəni çox yüksək qiymətləndirərək respublikanın və paytaxtımızın digər yerlərində də təşkilini arzu etdiklərini söyləmişlər. Qısa müddət ərzində Açıq Kitabxanaya gələn oxucuların sayı artıq 10 min nəfəri keçmişdir. Rəy və təkliflər kitabında təkcə şəhərimizin sakinlərinin deyil, Bakıya gələn çoxlu sayda xarici qonaqların və turistlərin də müsbət rəyləri öz əksini tapmışdır.

Qısa müddət ərzində layihənin bir çox insanları özünə cəlb etməsini, passiv oxucularda belə mütaliə həvəsinin artmasına səbəb olmasını nəzərə alaraq, onun daha da təkmilləşdirilməsi və Milli Kitabxananın bu layihə üzrə əldə etdiyi təcrübənin digər kitabxanalarda tətbiq edilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyası 14 oktyabr 2016-cı il tarixli 7/1 nömrəli qərar qəbul etmişdir. Bu qərara müvafiq olaraq və ondan irəli gələn vəzifələrin icrası məqsədilə "Açıq Kitabxananın fəaliyyətinin əsas istiqamətləri: metodik tövsiyələr" metodik vəsaiti hazırlanaraq kitabxanaçılara təqdim olunmuşdur.