|

Azərbaycan
Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin
suverenliyi rəmzidir.
Bu gün Azərbaycan
Respublikası üzərində dalğalanan müqəddəs Dövlət
Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il
noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti
Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və
qaldırılmışdır.
Müstəqil
Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi
və XX əsrin əvvəllərindəki milli istiqlal
ideologiyamızın üç təməl prinsipini təşkil edən
“Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi
görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.
Azərbaycan
Respublikasının dövlət bayrağından istifadə müstəqil
Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 75-ci
maddələri, “Azərbaycan Respublikasnın Dövlət bayrağı
haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də,
həmin Qanunla təsdiq edilmiş “Azərbaycan
Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə”
əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət
bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun
və Əsasnamə ilə təsdiq edilmişdir.
Əsasnaməyə görə
Azərbaycan Respublikasının Dövlət bayrağı eni və
uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət
düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə,
orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir.
Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ
rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır.
Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və
səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4
olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının
diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın
təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin
hissələri şəklindədir; böyük dairənin diametri xarici
düzbucaqlının eninə, kiçik dairənin diametri isə
bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin
mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə,
bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir.
Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir,
ulduzun xarici dairəsinin diametri bayrağın eninin
1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil
edir.
Azərbaycan
Respublikasının Dövlət bayrağı və onun təsviri,
ölçülərindən asılı olmayaraq təsvirlərə həmişə dəqiq
uyğun gəlməlidir.
Prezident İlham
Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi
barədə sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9
noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd
ediləcək.
2009-cu ilin
noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək
Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmiş əlavəyə
əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan
olunur və bu bayram ölkədə qeyri-iş günü olan
bayramların siyahısına daxil edilir.
2010-cu ilin sentyabrın 1-də Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı
İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının -
Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial
abidə-istirahət parkının təntənəli açılışı olmuşdur.
162
metr yüksəklikdə dalğalanan
Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır.
İnşa olunmuş dayağın hündürlüyü 162 m, bünövrəsinin
diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09
m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni
35 m, uzunluğu 70 m, ümumi sahəsi 2450 m², kütləsi isə
təqribən 350 kq-dır. Ginnes Dünya Rekordları Təşkilatı
2010-cu il
mayın 29-da Azərbaycan Dövlət Bayrağı Dirəyinin
dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Meydanda qurulmuş
Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni
və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən
hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
|