Vəliyev M.

 

Turizm inkişafı layihəsinin təqdimatı

 

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, "Ata Turizm" MMC-nin dəstəyi ilə Azərbaycan Ornitoloji Cəmiyyətinin "Excelsior Hotel Baku" mehmanxanasının Afurja zalında Avropa Birliyinin TACİS (İBPP) proqramı çərçivəsində "Qorunan ərazilərdə və onların ətrafında təbiət turizminin inkişafı əsasında Azərbaycan əhalisi üçün yeni imkanların yaradılması" layihəsinin təqdimat mərasimi keçirildi.

"Qorunan ərazilərdə və onların ətrafında təbiət turizminin inkişafı əsasında Azərbaycan əhalisi üçün yeni imkanların yaradılması" layihəsini AOC-nin sədri Elçin Sultanov təqdim etdi. Zaqatala, Türyançay Dövlət Təbiət Qoruğu ətrafları və, Şirvan Milli Parkında layihənin həyata keçirilməsi planlaşdırılıb. Göstərilən bu üç sahə və qorunan ərazilərin ətrafı milli və beynəlxalq turistlər üçün özünəməxsus cəlbedici xüsusiyyətləri ilə fərqlənir.

Turizm ilə bağlı bu layihənin yata keçirilməsi Azərbaycanın yerli əhalisi üçün yeni iqtisadi imkanlar yaradacaq.

Layihənin həyata keçirilməsi üçün Azərbaycan Ornitoloji Cəmiyyəti, yerli əhali yerli qurumlar işçi qrupunun tərkibində ekspertin rəhbərliyi altında birgə çalışacaqlar. Bu. layihənin həyata keçirilməsi yerli əhalinin işlə təmin olunmasına, onun iqtisadi imkanlarının yaxşılaşmasına böyük təkan verəcək, inzibati və yerli qurumları dəstəkləyəcək.

Tədbir iştirakçıları onu da vurğuladılar ki, Azərbaycan təbiəti turizmi inkişaf etdirmək üçün geniş potensial imkanlara malikdir, lakin onu da etiraf etmək yerinə düşər ki, bu imkanlardan kifayət qədər istifadə olunmur. Azərbaycanda yeni yaradılmış Mədəniyyət Turizm Nazirliyi milli turizmin inkişafı üçün çox böyük layihələr hazırlayır, bu layihələrin həyata keçirilməsi gələcəkdə öz səmərəli nəticəsini verəcəkdir. Turizmi inkişaf etdirmək, onu dünyaya tanıtdırmaq baxımından keçirilən hər bir belə tədbirin müstəsna əhəmiyyəti vardır.

 

Respublika.- 2006.- 23 noyabr.- S. 7.