Sultan Mehriban

Tələbə-rəssamların sərgisi

 

Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət ixtisası üzrə tələbələrinin rəsm sərgisi keçirilmişdir. Tələbələrdən Tural Həsənli, Arzu Novruzov, Kılıc Bahadur və digərlərinin müxtəlif səpkidə və janrda çəkdikləri rəsmlər maraqla qarşılanmışdır.

Sərgini açan rektor, akademik İsa Həbibbəyli gənc tələbələrin yaradıcılıq istedadlarının üzə çıxarılmasında bu cür sərgilərin təşkilinin əhəmiyyətindərl danışmışdır. Tələbə-rəssamların zəngin dünyagörüşündən, qeyri-adi fantaziyalarından söz açan rektor onlara mövzu orijinallığı, yaradıcılıq prinsipləri istiqamətində maraqlı tövsiyələr vermişdir.

Təsviri incəsənət kafedrasının müdiri, xalq rəssamı Hüseynqulu Əliyev sərgidə nümayiş olunan natürmort, mənzərə janrlarında yağlı və sulu boya ilə çəkilən rəsm əsərlərini təhlil etmişdir. Xalq rəssamı bu əsərlərin - hər birində istedadlı tələbələrin fərdi yaradcılıq üslubu, rənglər koloritinin güclü qavrayışı olduğunu qeyd etmişdir.

Kafedranın müəllimi Həbibə Allahverdiyeva şəxsi yaradıcılıq yolunda vaxtilə təhsil aldığı Naxçıvan Dövlət Universitetinin rolundan danışmış, vaxtilə tələbə ikən fərdi rəsm sərgisinin burada keçirildiyini, yaradıcılığının yüksək qiymətləndirildiyini xatırlatmış, bu gün əsərləri sərgilənən tələbələrə yaradıcılıq uğurları arzulamışdır.

Tələbələr adından çıxış edən Tural Həsənli universitet və Muxtar Respublika rəhbərliyinin gənc istedadlara göstərdiyi yüksək diqqət və qayğıdan danışaraq gənc istedadlar adından bu qayğı və etimadi yaradıcılıq uğurları ilə doğruldacaqlarına söz vermişlər.

 

İki sahil.- 2006.- 16 noyabr.- S. 6.