Rəssamın 100 illiyinə həsr olunmuş sərgi açılmışdır

 

Azərbaycan xalçası xalq tətbiqi sənəti Dövlət muzeyində xalq rəssamı, dövlət mükafatı laureatı Lətif Kərimovun anadan olmasının 100 illiyinə həsr olunmuş xalça sərgisinin açılış mərasimi olmuşdur.
Görkəmli sənətkar Lətif Kərimovun adını daşıyan muzeyin direktoru Röya Tağıyeva çıxış edərək Azərbaycanda xalçaçılıq sənətinin tarixindən danışmış demişdir ki, ölkəmizdə bu sənətin çiçəklənmə dövrü XV-XVI əsrlərə təsadüf edir. Sonralar bu sənəti inkişaf etdirən görkəmli sənətkarlar olmuşdur. Onlardan biri Lətif Kərimov idi.
Natiq vurğulamışdır ki, məhz L.Kərimov ilk dəfə Azərbaycan xalçalarını tam şəkildə tədqiq etmiş, onları növlərə, qruplara, məktəblərə ayırmışdır. Onun müəllifi olduğu üçcildlik “Azərbaycan xalçası” kitabı zəngin bədii irsimizin öyrənilməsi işinə qiymətli hədiyyədir. Dünyada ilk xalça muzeyinin Bakıda açılmasında da Lətif müəllimin böyük zəhməti olmuşdur.
Mədəniyyət turizm naziri Əbülfəs Qarayev diqqətə çatdırmışdır ki, bir qədər bundan əvvəl Fəxri Xiyabanda qəbirüstü abidəsinin açılması, indiki mərasim, bir həftə davam edəcək digər tədbirlər Azərbaycan Prezidenti İlham Əliyevin Lətif Kətimovun 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar imzaladığı sərəncam çərçivəsində həyata keçirilir. Nazir məlumat vermişdir ki, gələn ilin yazında YUNESKO-nun xətti ilə Parisdə L.Kərimovun əsərlərindən ibarət sərgi açılacaqdır.
Qeyd olunmuşdur ki, L.Kərimov bütün mənalı ömrünü Azərbaycan xalçasının təbliği işinə sərf etmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev başqaları tədbirdə çıxış edərək Lətif Kərimovun həyat yaradıcılığından danışmışlar.
Sərgi iştirakçıları Azərbaycanın qədim xalq çalğı alətləri ansamblının ifa etdiyi həzin musiqi nömrələrinin sədaları altında Lətif Kərimovun əsərlərinə tamaşa etmişlər.
Tədbirdə yubilyarın həyat yaradıcılığına həsr olunmuş “Ömrün naxışları” sənədli filmi göstərilmişdir.

Xalq qəzeti.-2006.-15 noyabr.-S.6.