Əbülfəs Qarayev “EKO-ETNO-Folk” festivalının qaliblərinə mükafatlar təqdim edib

 

Rumıniyada keçirilən “EKO-ETNO-Folk” beynəlxalq film festivalında iştirak edərək, müxtəlif nominasiyalar üzrə qalib olan həmyerlilərimiz dünən Mədəniyyət Turizm Nazirliyi tərəfindən mükafatlandırıldı. Festivalda rejissor Yusif Quliyevin “Keçid” bədii filmi xüsusi mükafata I mükafata layiq görülüb.

Digər bir rejissor İqbal Məmmədəliyevin “Azərbaycanın qədim tarixi abidələri” filmi isə eko-turizm üzrə mükafata layiq görülüb. Bir müddət öncə isə Smolenskdə baş tutan beynəlxalq film festivalında Eldar Quliyevin quruluşunda ekranlaşdırılan “Girov” filmi ən yaxşı musiqi işinə görə qalib olub. Qalibləri mükafatlandırılma mərasimində Mədəniyyət turizm naziri Əbülfəs Qarayev çıxış edərək film sahəsindəki bu uğurlu hadisəni yüksək qiymətləndirdi. Filmlərimizin beynəlxalq festivallarda iştirakını milli kinematoqrafiya sahəsinin uğurları kimi dəyərləndirən Ə.Qarayev dedi ki, “Bir dövlət məmuru olaraq, 3 filmin yaradıcısına mükafat təqdim etmək böyük fəxrdir. Baxmayaraq ki, bu gün Azərbaycan kinosu sahəsində bir çox uğurlar əldə olunub, amma bu sahədə görüləcək işlərimiz çoxdur. mən inanıram ki, bu yöndə daha da böyük nailiyyətlər qazanacağıq. Bizlər üçün baş ucalığıdır ki, vətənpərvərlik ruhunda çəkilən “Girov” filmi artıq 4-cü festivaldır ki, ölkəmizi layiqincə təmsil edir”.
Sonra nazir qalibləri diplom ilə mükafatlandıraraq, təbrik etdi. Qaliblər sırasında olan bəstəkar Siyavuş Kərimi layiq görüldüyü mükafat üçün fəxr etdiyini söylədi. “Bu mükafatçılar sırasında Fikrət Əmirov Müslüm Maqomayevin adı var. Adımın belə dahilər sırasında olması bu gün Azərbaycan musiqisinin zənginliyinin qorunub saxlanılmasından xəbər verir. Köklü tarixi olan musiqimizin layiqincə davam etdirilməsi bu gün bizlərdən asılır”. “Girov” filminin rejissoru Eldar Quliyev isə rejissoru olduğu ekran işinin bir daha mükafata layiq görülməsini bütün Azərbaycanın uğuru kimi dəyərləndirərək, tələbələrinin uğuruna sevindiyini diqqətə çatdırdı. “İnanıram ki, bu işlər onların yaradıcılığında qiymətləndirilən son uğur yox, hələ ilk işlərdir”.

 

Yeni Azərbaycan.-2006.-1 noyabr.- S. 8.