Həsənov İlqar

 

Nar bayramınız mübarək!

 

Son vaxtlar Göyçayda görülən işləri saymaqla qurtaran deyil. Rayonun elə bir yeri yoxdur ki, orada hansısa bir yeniliklə qarşılaşmayasan.
Şəhər avtovağzalının yanında aparılan tikinti-quruculuq işlərinə isə heyran olmaya bilmirsən. Hər yerdə bir gözəllik, hər yerdə bir yaraşıq var. Baxdıqca baxmaq istəyirsən. Yeni tikilən giriş qapısı isə buraya xüsusi yaraşıq verir. Təxminən bir ay əvvəl Göyçaydan hazırladığım yazını ağsaqqal, nurani bir kişinin dediyi sözlərlə bitirmişdim: “Nar yetişibsə, deməli Göyçayın qızıl vaxtıdır”. Göyçaylılar ilk dəfə keçirilən nar bayramına məhz belə əhval-ruhiyyə ilə gəlmişdilər. Qonaqları da ilk dəfə elə bu giriş qapısının ağzında qarşıladılar. Tədbirə qatılan mədəniyyət turizm naziri Əbülfəz Qarayevi, kənd təsərrüfatıf naziri İsmət Əliyevi, gənclər idman naziri Azad Rəhimovu, xarici ölkə səfirliklərinin nümayəndələrini, Milli Məclisin üzvlərini, bir sözlə uzaqdan-yaxından gələn qonaqları əllərində gül dəstələri tutan, Azərbaycan torpağının, onun yetişdirdiyi bərəkətli məhsulları tərənnüm edən şeirlər söyləməklə paltar geyinmiş uşaqlar qarşıladılar. Şirvan elinin saz ustası Aşıq Əhliman isə qonaqlara “Xoş gəldin” deyəndən sonra “Nar ağacı, nar çiçəyi, gözəldir yar göyçəyi” mahnısını yüksək şövqlə ifa etdi.
Elə buradaca qonaqlar rayonun demək olar ki, bütün kəndlərindən gətirilən müxtəlif sortlu narlarla
tanış oldular, onun dənələrindən yedilər, bu taclı meyvənin suyundan içdilər. Qarşıda isə onları gənc idmançıların, uşaq musiqi məktəbi kollektivlərinin çıxışları gözləyirdi. Bayram iştirakçıları kəndirbaz Raqif Nuriyevin çıxışına maraqla baxdılar.
Sonra isə Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsi önünə gül dəstələri qoyuldu. Bayram mərasimində çıxış edən Göyçay rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev qonaqları, bütün göyçaylıları salamladıqdan sonra bayramın mədəniyyət turizm nazirliyi ilə birgə keçirildiyini bildirdi. Respublika Prezidenti cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkə iqtisadiyyatının yüksəldiyini xüsusi vurğulayan natiq Göyçayda da böyük işlər görüldüyünü dedi. Daha sonra bildirdi ki, belə bir bayramın Göyçayın payına düşməsi təsadüfi deyil. Bu tədbir məhz öz qiymətli narı ilə bütün dünyada tanınan torpaqda keçirilməli idi.
Şəki şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova xüsusi olaraq qeyd etdi ki, bu gün bayramın belə yüksək səviyyədə keçirilməsi bizə deməyə əsas verir ki, avqust ayının 26-da Şəkidə olan İpək bayramından sonra estafet etibarlı əllərə verilib.
Buraya toplaşan on minlərlə insanı salamlayan mədəniyyət turizm naziri Əbülfəz Qarayev bayramın xüsusi önəm daşıdığını bildirməklə bərabər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin belə tədbirlərin keçirilməsinə göstərdiyi xüsusi qayğıdan danışdı. Çıxışının sonunda isə belə etnoqrafik bayramların bütün rayonlarda təşkil olunacağını bildirən nazir ölkə Prezidentinin apardığı uğurlu siyasət nəticəsində azad olunacaq torpaqlarda da bu cür tədbirlərin keçiriləcəyini xüsusi qeyd etdi.
Sonra isə elə buradaca — ulu öndər Heydər Əliyevin abidəsinin yanında nar tingləri əkildi, yeni ailə həyatı quran Azər Əhmədov Gülər Məmmədovaya rayon icra hakimiyyəti tərəfindən hədiyyə təqdim olundu. Abidənin arxasında yerləşən Uşaq əyləncə mərkəzində isə bir-birindən maraqlı tədbirlər nümayiş etdirilirdi. Təbii ki, onların içərisində daha maraqlı olanı narı yeməklə onun dənəsinin yerə düşməsinə imkan verməmək idi. On nəfərin qatıldığı bu yarışmada Məcid Əhmədov birinci yerə çıxdı. Şüşə qaba təxminən 40 ədəd narı sıxmaqla daha çox nəticə əldə edən isə Mübariz Zeynalov oldu. Bu maraqlı yarışmanın qaliblərinə pul mükafatları verildi.
Bundan sonra qonaqlar süd zavodunun nəzdində fəaliyyətə başlayan nar şirəsi sexində oldular. Ərsəyə gəlməsinə 4,5 milyon ABŞ dolları məbləğində vəsait qoyulan sexdə quraşdırılan avadanlıqlar İtaliyadan gətirilib. 150 nəfər işçinin çalışacağı müəssisədə hər şey müasir standartlara cavab verir.
Bayram günü ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan muzeyin qarşısında iynə atsan yerə düşməzdi. Burada Azərbaycan incəsənət ustalarının çıxışları bayrama xüsusi yaraşıq verdi. Konsertin aparıcısı Nicat Kazımov ən böyük narın səhnəyə gətiriləcəyini elan edəndə isə alqış sədaları göyə ucaldı. Bu Ərəbqəbirli kənd sakini Sərdar Səmədovun yetişdirdiyi 1 kiloqram 250 qram olan nar idi. Qalibə 500 dollar mükafat verildi.
Konsertdən sonra keçirilən atəşfəşanlığı isə mən Ağsu aşırımından seyr edirdim. Qınamayın, mənə elə gəlirdi ki, buradan hər şey aydın görünür. Göyçaylıların sevinci , onların bayram arzuları da.elə buradaca yadıma icra hakimiyyəti başçısının “Nar muzeyi” yaratmaq arzusu bir bayaq tədbirdə yanımda dayanan Elnurə adlı bir məktəblinin dediyi sözlər düşdü: “Sevinirik. Sevinirik ki, indi hamıdan fərqli olaraq biz göyçaylıların öz bayramı var”.
Nar bayramınız mübarək!

 

Xalq qəzeti.-2006.-5 noyabr.- S. 6.