Mehdixanlı T.

 

“Ögey ana”nın doğmalığı

 

Azərbaycan teatr, kino sənəti tarixində şərəflə xidmət göstərən ifaçılar çox olub. Onların əksəriyyəti seçdikləri peşənin cəfalarına dözüb orijinal rolları ilə tamaşaçı rəğbəti qazanıblar. Belələrindən biri də Nəcibə Məlikovadır. O, artıq 14 ildir ki, səhnəyə, ekrana əlvida deyib. Amma məharətlə, ustalıqla yaratdığı obrazlar dönə-dönə yad edilir. "Ögey ana"da Dilarə, "Əhməd haradadır?"da Nərgiz xala rolları ekran yaradıcılığında özlərinə layiqli yer tutublar.
N.Məlikova səksən beş il əvvəl Bakı şəhərinin Buzovna kəndində dünyaya göz açıb. Dövrün, mühitin çətinliklərinə baxmayaraq, təhsilini davam etdirmiş, peşə seçimi istəyinə çatmışdı. Teatr fəaliyyətinə 18 yaşında başlamış, ilk dəfə oynadığı epizodik rolu tamaşaçılar alqışlamışdı. O, bu nailiyyətdən daha da həvəsləndi. Hazırkı Mədəniyyət və İncəsənət Universitetinin kino və teatr aktyorluğu fakültəsini başa vurandan sonra müxtəlif teatrlarda və "Azərbaycanfilm" kinostudiyasında çalışdı. Lirik, komik, xarakterik rolların mahir ifaçısı kimi tanındı. M.F.Axundovun "Lənkəran xanının vəziri" tamaşasında Şölə xanım, H.Cavidin "Şeyx Sənan" əsərində Xumar, M.S.Ordubadinin "Qılınc və qələm" pyesində Safiyə xatun obrazlarını ustalıqla yaratdı. Lakin oynadığı Xuraman rolu (S.Vurğun, "Vaqif") ona daha çox şöhrət bəxş etdi.
Unudulmaz aktyor, rejissor Adil İsgəndərov deyərdi ki, Nəcibə xanım ona təklif olunan rolun mahiyyətinə, mənasına, məntiqinə baş vurmağı bacarır. İstər məşqlər zamanı, istərsə də səhnədə özünün mövcudluğunu unudur, obrazın ovqatı, həyata baxışı ilə yaşayır. Əsərdən məlum olduğu kimi, Xuraman kövrək ürəkli, incə qəlbli, həm də aristokrat ömür yaşayan xanımdır. Ancaq onu bədbinləşdirən, niskilli qoyan cəhətlər də var. Xuramanı narahat edən, düşündürən daxili niyyətlərini, istəklərini, hətta peşmançılığını da aktrisa Nəcibə Məlikova inandırıcı şəkildə tamaşaçılara çatdıra bilmişdir. Bəziləri Nəcibə Məlikovaya "Xuraman xanım" deyə müraciət edərdi. Çünki o, bu rolu inandırıcı, mənalı oynamış, yana-yana yaşamışdı. Xuramanxarakterlilərin ümumiləşmiş obrazını yaratmışdı.
Nəcibə Məlikova "Azərbaycanfilm" kinostudiyasında xeyli rollara çəkilib. Ancaq onların arasında ikisi daha baxımlı, yaddaqalımlı olmuşdu: "Ögey ana"da Dilarə, "Əhməd haradadır?"da Nərgiz xala obrazları bu gün də saf düşüncəli qadınlarımızın prototipi kimi baxılır, sevilir və tərbiyəvi əhəmiyyət daşıyır. "Ögey ana" bədii filminin əsas qəhrəmanlarından biri İsmayıldır (mərhum Ceyhun Mirzəyev). Onun anası vaxtsız, yaşının erkən çağında dünyasını dəyişib. Ögey anasının (N.Məlikova) da həyat yoldaşı rəhmətə gedib. Taleyin qisməti ilə indi onlar bir ailədə, bir evdə yaşamaq zorunda qalıblar. İsmayıl çılğın, emosional, dəlisovdur. Doğma anasını əvəz edən "ananı" istəmir. Hikkəsini, hirsini vaxtaşırı ona bildirir. Amma ögey ana dözür, onunla nəvazişlə rəftar edir, hətta iradlarını da deyirdi. Bu nüanslar tamaşaçıları kövrəldir, sarsıdır. Ümumi nəticə isə belə yadda qalır: "ögey ana da doğma ola bilər.
İncə zövqlü, istedadlı aktyor və rejissor, mərhum Ceyhun Mirzəyev yaradıcılığının ən məhsuldar dövründə də "Ögey ana" filminin lentə alınan günləri xatırlayardı. Yenə də yaratdığı İsmayıl obrazı kimi bəzən sıxılar, küsər, bəzən də aqressiv olardı. Ondan eşitdiklərimizi hələ də unutmamışıq: - Ömrümün son anına qədər üç adamın mərhəməti, qayğısı, yaxşılığı yadımdan çıxmaz. Birincisi, anamdır, məni bu işıqlı dünyaya gətirib, yeriş öyrədib, söz anladıb. Körpə vaxtlarımdan atadan yetim qaldım. Anam həm də ata əvəzi oldu. Məni sınmağa, əyilməyə qoymadı. Gecə-gündüz işlədi, tər tökdü, evimizə çörək, qazanc gətirdi, məni oxutdurdu. İkinci şəxs "Ögey ana" filminin quruluşçu rejissoru Həbib İsmayılovdur. O, aylarla ardımca gəzdi, oxuduğum məktəbə, İçərişəhərdə kirayədə qaldığımız mənzilə gəldi. 12 yaşımda məni kinoya çəkdi, yaxın-uzaq ellərdə tanındım. Oynadığım İsmayıl rolunu ekranda görən dünya şöhrətli kinorejissor Sergey Bondarçuk yazmışdı: "O uşaq kamera qarşısında öz taleyini oynayıb. Bunun üçün də hər bir kadr - onun sözü, müraciəti, küsüb-barışması təbii, inandırıcıdır".
Üçüncü şəxs isə doğma anam qədər mənə qayğı göstərən, diqqət yetirən Nəcibə xanım Məlikovadır. Filmdə göründüyü kimi, mən onu ana kimi qəbul etmirəm, incidirəm, küsdürürəm. Hətta ona "ögeysən, səndən mənə ana olmaz" deyirəm. Lakin o, yenə məni çox istəyir. Gündəlik dərslərimlə maraqlanır, yaxşı oxumağa həvəsləndirir. Elə ki çəkiliş dayanardı, Nəcibə xanım məni köksünə sıxardı, üzümdən öpərdi, saçımı tumarlayardı, ögey ananın doğmalığı başlayardı. Ona "sən ikinci anamsan" - deyərdim. İnsan edilən yaxşılıqları, gördüyü qayğını unutmamalıdır...
Tanınan kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımzadənin bu fikri ilə çoxları razıdır: "Əgər Nəcibə xanım Məlikova ömründə tək bircə "Əhməd haradadır?" (quruluşçu rejissor Adil İsgəndərovdur) filmində Nərgiz xala roluna çəkilsəydi, yenə kino tariximizdə nüfuz qazanardı". Bu obrazı yaratmaqda Nəcibə xanımın bəxti üzünə gülmüşdü. Yoxsa işinə qarşı həddən artıq tələbkar, yüz ölçüb, bir biçən mərhum Adil İsgəndərovun ağır sınağından çıxa bilməz, onun etimadını qazanmazdı. Eyni zamanda o, məharəti, istedadı sayəsində də oynadığı rolu sənətbilərlərə sevdirmiş, populyarlıq zirvəsinə ucalmışdı. Ekran əsərində Nərgiz xalanı görənlər bir anlığa onu həyatda canlı kimi təsəvvür edirlər. O, sərt, sözübütöv, ciddi xarakterə malik insandır. Lakin kövrək, qayğıkeş anadır. Övladlarının xoşbəxtliyi uğrunda əzablara qatlaşmağa hazırdır. Onun tərəfmüqabilləri ilə rəftarı, söhbətləşməsi də yaddaqalımlıdır. "Əhməd haradadır?" tammetrajlı bədii filminin dünya miqyasında tanınmasında unudulmaz aktrisanın xidməti çox olmuşdur.


"Bakının işıqları" (Mirvarid), "Aygün" (Aygün), "Arşın mal alan" (Cahan xala), "Üzeyir ömrü" (Xan qızı Natəvan) bədii filmlərində oynayan xalq artisti, səhnə və ekran sənətkarı Nəcibə xanım Məlikova xeyli müddətdir dünyasını dəyişib. Ögey oğlu İsmayıla - Ceyhun Mirzəyevə qovuşub. Amma unudulmayıb, dönə-dönə xatırlanır, yad olunur. Bu günlərdə kino, teatrsevərlər, ədəbi ictimaiyyət onun 85 illik yubileyini təntənə ilə qeyd etdilər. Bir daha "Ögey ana"nın doğmalığı göz önündə, xatirələrdə canlandı.

 
Azərbaycan.- 2006.- 4 noyabr.- S. 8.