Mətin R.

 

«Xanəndə, əsgər kimi, hər zaman oxumağa hazır olmalıdır»

 

Səkinə Ismayılova: «Indi gənclərin çoxu hardan rahat pul gəlir, ora gedir»
Deyirlər, gözəl ifalar xanəndənin məharətindən doğur. Bu məharət sahiblərindən gözəl ifaları dəfələrlə dinləmişik. Azərbaycan muğamatının gözəl ifaçıları həmişə olub, indi var. Müsahibimiz həmin mahir istedad sahiblərdən biri - respublikanın xalq artisti Səkinə Ismayılovadır. Qadın xanəndələr arasında özünəməxsus ifası ilə seçilən, muğamı dəstgah şəkilində oxuyan qadın xanəndəmizdir Səkinə xanım. Onunla muğamın sirlərini tədris etdiyi Mədəniyyət Incəsənət Universitetində görüşüb söhbətləşdik.
- Azərbaycanda sizi tapmaq müşkül işə çevrilib. Tez-tez xaricə qastrol səfərlərinə gedirsiniz...
- Xarici səfərlərdə milli musiqimizi təbliğ edirik.
Ilk dəfə xaricdə, 1983-cü ildə Fransada olmuşam. Düz 45 gün Fransada qaldıq. Qana Kanpala şəhərlərində folklor musiqisi festivalı keçirilirdi. Həmin festivalda mənimlə birlikdə rəhmətlik Məmmədbağır Bağırzadə, Şəkidən məşhur balaban ustası Ələfsər iştirak edirdi. Təsəvvür edin, festival hər gün Azərbaycan muğamı ilə açılıb-bağlanırdı. Elə o zamanlar Avropada muğama qarşı böyük diqqət vardı. Ondan sonra ildə heç olmasa, bir dəfə Fransaya konsertə dəvət alıram. Təxminən 35 dövlətdə, qitələrin hamısında olmuşam. Səfərlər həm şəxsi olur, həm Mədəniyyət Nazirliyinin xətti ilə.
- Bu gün bir çox gənclər gileylənirlər ki, yaşlı nəsil onların xaricə getməsinə imkan vermir.
- Bu, bizdən asılı məsələ deyil. Kimin haraya getməsini nazirlikdən özləri müəyyənləşdirirlər. Onlar yəqin bilirlər ki, kimi hara göndərmək lazımdır. Çünki xaricə gedib, ölkənin adını musiqisini təbliğ etmək, onlara asan görünməsin. Bu, çox məsuliyyətli işdir. Ikincisi gənclər hələ sənətlərini öyrənirlər. “Muğam” müsabiqəsi, özünüz gördünüz ki, böyük səs-küyə səbəb olub. Baxırsan ki, bu gün gözəl oxuyanın sabah ya səsi işləmir, ya da ifası alınmır. Doğrudur, səsi qorumaq lazımdır, amma əsl xanəndənin səsi səngərdəki əsgər kimi hər zaman oxumağa, muğamın hər guşəsini “sökməyə” hazır olmalıdır.
- Siz sənətə gələndə qadınların səhnəyə gəlməsində böyük problemlər vardı. yaxşı, Bülbülə kəndi kimi bir yerdə sizə oxumağa imkan verdilər?
- O dövrdə qızların müğənnilik sənətinə üz tutmasını ailədə sevinclə qarşılamırdılar. Çünki valideynlər uşaqlarının daha ciddi peşə seçməsini istəyirdilər. Mənim arzum isə hüquqşünas olmaq idi, buna görə dərslərimi yaxşı oxuyurdum. Amma mənim bir musiqi müəllimim vardı, Vidadi Xəlilov. O, dedi ki, sənin gözəl səsin olduğuna görə, mümkün deyil ki, gedib hansısa başqa peşəni seçəsən. Onun sözü məni hüquqşünas olmaq arzusundan döndərdi. Valideynlərimi güc-bəla ilə yola gətirib, razılıqlarını aldı. Yadımdadır ki, təzə-təzə tanınırdım, böyük-böyük sənətkarların diqqətini cəlb etmişdim. Rəşid Behbudov kimi korifey sənətkar Rafiq Babayevi Bülbüləyə, bizim evə göndərmişdi ki, “Rəşid müəllim sizi öz teatrında gözləyir”. Yəni istedadlı uşaqlara dahilər qayğı göstərirdilər, özləri çağırırdılar. Amma indi tərsinədir. Gənclər özləri gedib yalvarır ki, mən səhnəyə gəlim.
- Bəlkə ona görə, o vaxtlar ortalığa ən istedalılar seçilib çıxırdı. Amma indi maliyyənin hesabına hamı səhnəyə axışır...
- O da var. Digər tərəfdən gənclər asan yolu tutmağa meyl edirlər.
Bu gün muğam sinfini bitirən 30 tələbədən 1-2-si muğamın dalınca düşür. Çoxu gedir, hardan rahat pul gəlir, harda yaxşı qazanc var ora. Dindirəndə deyirlər ki, ehtiyacımız var. Bəs bizim ehtiyacımız olmayıb? Bizim ailəmiz var, pula ehtiyacımız var. Ola bilsin, istədiyimi əldə edə bilməmişəm, amma qismətimdə varsa, onu da əldə etmişəm. Öz tamahımıza qarşı çıxmışıq. Muğam sənətinin ağır yükünü daşımışıq. Bu, çox çətindir. Şükür edirəm ki, vaxtında yüngül qazancın dalınca getmədim. Amma dövlətim sağ olsun ki, mənim əziyyətimi qiymətləndirib. Əsl sənət olandan sonra güzəran da qazanmaq olur. Əsl sənəti zibilliyə atsan, orda brilyant kimi parlayıb özünü göstərəcək. Yenə çəkdiyin əziyyətin bəhrəsini görəcəksən. Amma indikilər, istəyirlər hər şeyi bir anda əldə etsinlər. Bir məsəl var ki, “tez alışan tez yanar”. Görün, qədər ifaçılar bir-birini əvəz edir. Inanın adları, soyadları yadda qalır. Yenə bir sorğu keçirilərsə, əsl musiqinin daşıyıcıları kimi bir-iki sənətçinin adı çəkiləcək.
- Sizə elə gəlmir ki, musiqinin ucuzlaşmasına, sənətin səviyyəsinin aşağı düşməsinə telekanallar baisdir?
- Təbii ki, gündə efirə çıxsalar da zamanın ələyindən keçə bilmirlər. Elin gözü tərəzidir. Kimin kim olduğunu, kimin hansı istedad sahibi olduğunu xalq gözəl bilir. Bilirsinizmi, burda maddiyatın da rolu var. Amma pul heç vaxt sənətə qalib gələ bilməz. Baxın, bu gün Səkinə Ismayılovanın klipi yoxdur. Məgər Səkinə Ismayılova tanınmır, sevilmir? Heç klipə ehtiyacım yoxdur. Elə mənim oxuduğum hər mahnı özü klipdir . Mənim ifamı dinləyən adam elə həmin klipi özü təsəvvür edir. Şövkət Ələkbərovanın, Rəşid Behbudovun, Bülbülün klipi olub? Amma onları xalq bu gün sevə-sevə dinləyir.
- Tələbələrinizin səviyyəsi sizi qane edirmi?
- Təbii ki, qane edəni var, etməyəni . Elə bizim dövrümüzdə belə olub. Məktəbi qurtaran 30 tələnin 30-u da xanəndə olsaydı, o zaman seçim aparmaq olmazdı ki. Əgər 30 tələbənin arasından 5-6 xanəndə çıxırsa, bu da böyük göstəricidir. Amma indi gözəl səsi olanların məktəbə daxil olmalarında da böyük problem yaranıb. Bu da test üsulu ilə imtahanların olmasıdır. Görürsən ki, gözəl səsi olan uşaq test imtahanından kəsilir. Amma bir balaca səsi olan imtahandan keçir. Belələrinə dərs keçəndə yoruluruq. Xanəndə üçün səs daha önəmlidir. Istedadı olan gənclərə tarix ya coğrafiya fənnini bilməməsi o qədər böyük qəbahət deyil. Axı, həmin adama Allah-təala gözəl istedad verib.
- Deyəsən, dərsləriniz sizi yorur?
- Çünki işim çoxdur. Hər dəfə tələbələrlə bu qədər məşğul olmaq, təbii ki, enerji istəyir. Mənim işim təkcə tələbə yetişdirmək deyil ki. Qastrol səfərlərim çox olur. Digər tərəfdən müəllimliklə ifaçılıq bir araya sığmır. Elə ifaçı var ki, həyatını sırf pedoqoji fəaliyyətə həsr edir. Mən müəllimliyə tələbələrimin arzusu ilə gəlmişəm.

 

Azadlıq.- 2006.- 3 noyabr.- S.15.