Nəzakət

 

Nəğmələrdə susan ömür

Ölümü ilə doğum gününə bir körpü salan sənətkar

 

Musiqili dünyamızı zəngin notları, rəng çalarları ilə ahəngdarlaşdıran sənət nümayəndələrindən olan Emin Sabitoğlu neçə onilliklərin müasiri kimi musiqisevərlərin yaddaşına adını yaradıcılığına daxil olan nümunələri ilə  həkk edə bilmişdir. Bu yaddaşın əsasında Emin Sabitoğlunun lirikliyi, dramatikliyi ilə seçilən sənət nümunələri dayanır ki, onların melodiyası qəlbimizin məhəbbət dolu simlərini daim titrədir.

Emin Sabitoğlunun dünyasını bizimlə yaxınlaşdıran, həmahəng edən musiqisi Azərbaycanın milli xəzinəsi üzərində yaranmış onun ifasında yeni bir çalarla təqdim olunmuşdur. O, sənət aləminə ötən əsrin 60-70-ci illərində gəlmiş, yaradıcılıq axtarışında olan sənət dostları ilə birlikdə xalqa sənətin ən yüksək zirvəsində duran əsərləri təqdim edə bilmişdir. Uşaqlıqdan musiqili dünyaya yaxın olan sənətkar orta təhsilini başa vurduqdan sonra, Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, nümunəvi tələbə kimi görkəmli sənətkarlardan dərs almışdır. Bu təhsil Emin Sabitoğlunu tam qane etmədiyindən, yəni musiqinin sirlərinə daha dərindən bələd olmaq ehtiyacı onu rahat buraxmadığından, bu gənc Şaporin adına Moskva Dövlət Konservatoriyasına daxil olmuş, mükəmməl musiqi təhsilinə malik musiqişünas kimi vətənə qayıtmışdır. Onun yaradıcılığı janr etibarilə çoxşaxəli emosionaldır. Belə ki, bəstəkar mahnı janrına daha çox yaxın olsa da, Azərbaycanın teatr səhnələrində oynanılan tamaşalara musiqi yazmağı da yaradıcılığında ana xətt kimi davam etdirmişdir. Belə ki, Emin Sabitoğlunun yaradıcılığı Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə bağlı olmuş, bu teatrın səhnəsində oynanılan "Hicran", "Oxuyan ürək" kimi tamaşalara musiqi bəstələmiş həmin sənət nümunələri uzun illərdir ki, uğurla oynanılır.

Emin Sabitoğlunun musiqisinin özünəməxsus rəng çalarları vardır ki, bu da onu dövrünün çox istedadlı tanınmış bəstəkarları olan Tofiq Quliyev, Cahangir Cahangirov, Rauf Hacıyev kimi musiqiçilərdən fərqləndirir. Onun musiqisindəki həzinlik, kövrəklik, ilk öndəcə özünü büruzə verir. Təbii ki, bu məqamlar bəstəkarın özünəməxsus fərdi insani dəyərləri ilə bağlıdır. Musiqiyə çökən bu dəyərlər Emin Sabitoğlu dünyasının fərdi cizgilərini qabarıq şəkildə göstərir. Onun musiqisinə qulaq asan şəxs, bu sənətkarın olduqca kövrək təbiətə malik olduğunu hiss edir. Bəlkə bu kövrəklik sənətkarın doğulduğu ayla əlaqədardır ki, payızın son ayında təbiətə köçən həzinlik onun təbiətinə daxil olmuşdur. Yaradıclığında “Payız gəldi, uçdu getdi quşlar” mahnısının yer alması da elə bu notlardan köklənmişdir. 1937-ci ilin noyabr ayında dünyaya gələn Emin Sabitoğlu elə doğulduğu zamanda, yəni noyabr ayında da həyata əlvida demişdir.

Bu gün sənətkarın doğum günüdür. Ölümü ilə doğum gününə bir körpü salan Emin Sabitoğlu bir ömür yaşadı. Nəğmələrdə əbədi səslənən sənətkar ömrü. Payızın xəzan dövrünün tökümü, qışın sərt, amansız çovğunu bu ömrün üstünə kölgə salıb, onu silə bilməz. Çünki həqiqi sənətkara məxsus olan musiqiçinin ömrünə düşən illər bu dövr ərzində olduqca məhsuldar mükəmməl olmuşdur. Azərbaycanın klassikləri olan Fikrət Əmirov, Qara Qarayev, Cövdət Hacıyev digər bəstəkarların yaradıcılıq yolunun davamçısına çevrilən Emin Sabitoğlu, sözsüz ki, sənət dünyasına yarımçıq sönük olan əsərləri həkk edə bilməzdi.

Emin Sabitoğlu uzun illər Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəalliyyət göstərmiş, bir çox gənclərin bəstəkar kimi yetişməsində rolu olmuşdur. Belə ki, o, peşəkar musiqiçi kimi əxz etdiyi bilikləri gənclərə humanist bir şəkildə təqdim edir, onların püxtələşməsinə daim yol açmağa çahşırdı. Deyilənə görə Emin Sabitoğiu ilə tələbələri arasında çox sıx əlaqə olmuş, yetişən nəslə heç bir qısqanclıq hissi olmadan bəstəkarlığın fərdi, spesifik xüsusiyyətlərini aydınlaşdırmağa cəhd göstərmişdir.

Emin Sabitoğlu Azərbaycan musiqi sənəti tarixində gözəl bəstəkar, pedaqoq olmaqla yanaşı, həm çox istedadlı pianoçu kimi adını həkk etmişdir. Bir müddət Azərbaycanda simfonik orkestrin solisti olmuş solo-müşayiətçi kimi şöhrət tapmışdır. Özünün yazdığı musiqi əsərləri ilə yanaşı, Azərbaycan dünya klassiklərinin əsərlərini məharətlə ifa etmişdir. Bu gün onun ifasında həmin kadrları əks etdirən lent yazıları vardır. Qızıl Fondun arxivində həmin əsərlər qorunub saxlanılır onlar vasitəsilə biz Emin Sabitoğlu dünyasına bir daha səyahət edə bilirik.

Yaddaşlarda gözəl insan, gözəl ifaçı kimi qalan Emin Sabitoğlu düz 6 il bundan əvvəl dünyadan köç etmiş, lakin əsərləri ilə bizimlə bahəm yaşamağa nail olmuşdur. Cismani yoxluq ruhun zənginliyi ilə Emin Sabitoğlunu əbədi yaşar etmişdir. Emin Sabitoğlunun bu gün doğum günü olsa da, biz onu bu yazı vasitəsilə yad edib, böyük sənətkarın doğum anımını xatirinizdə bir daha yaşatdıq.

 

Səs.- 2006.- 11 noyabr.- S. 12.