Oqtay Cəfər oğlu Ağayev

 

Azərbaycanın musiqi mədəniyyətinə böyük itki üz vermişdir. Noyabrın 13-də ömrünün 73-cü ilində Azərbaycan estradasının görkəmli müğənnisi, Xalq artisti Oqtay Cəfər oğlu Ağayev vəfat etmişdir.
Oqtay Ağayev 1934-cü il noyabrın 7-də Bakı şəhərində anadan olmuşdur. A.Zeynallı adına Musiqi Məktəbini bitirdikdən sonra 1956-cı ildə görkəmli bəstəkar Rauf Hacıyevin idarəsi ilə Azərbaycan Dövlət Estrada Orkestrinin solisti kimi fəaliyyətə başlayan Oqtay Ağayev eyni zamanda “Qaya” vokal kvartetinin üzvü idi. 1958-1971-ci illərdə Azərbaycan Dövlət Estrada Orkestrində paralel olaraq 1969-cu ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında öz sənət yolunu davam etdirən müğənni 1971-1984-cü illərdə Tofiq Əhmədovun rəhbərliyi ilə Azərbaycan Dövlət Radio Televiziya Estrada Orkestrinin solisti olmuşdur. 1984-88-ci illərdə Azkonsertdə çalışmış müğənni böyük müvəffəqiyyətlə zəngin milli musiqimizi dünyaya tanıtdırmış, öz lirik, bənzərsiz səsi ilə milyonları məftun etmişdir.
Oqtay Ağayevin fəaliyyətində Azərbaycan musiqi mədəniyyətinin təbliğinə həsr olunmuş qastrollar böyük yer tutur. Keçmiş Sovetlər İttifaqından tutmuş, dünyanın demək olar ki, bütün ölkələrində səfərlərdə olan Oqtay Ağayevin çıxışlarını tamaşaçılar böyük səbirsizliklə gözləyirdilər. Onu hər yerdə Azərbaycan incəsənətinin, musiqisinin istedadlı təmsilçisi kimi alqışlayırdılar. O, Kremlin Böyük Zalında, digər konsert salonlarında geniş proqramla çıxış edərək milyonlarla tamaşaçının rəğbətini qazanmışdı. 2000-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülən Oqtay Ağayev Prezident təqaüdçüsü idi.
Son illər R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında çalışan qocaman müğənni teatrın gənc solistləri ilə tez-tez təmasda olur, onların bir sənətçi kimi yetişməsində əlindən gələni əsirgəmirdi.
Oqtay Ağayev öz məlahətli səsi ecazkar ifası ilə daim qəlbimizdə yaşayacaqdır.
Allah rəhmət eləsin!
Azərbaycan Respublikası
Mədəniyyət Turizm Nazirliyi

 

Xalq qəzeti.-2006.-15 noyabr.-S.6.