Hacızadə A.

 

Azərbaycan Prezidenti İlham Əliyev “Şən və Hazırcavablar Klubu”nun rəhbəri Aleksandr Maslyakovu yubiley münasibətilə təbrik etmişdir

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu diplomatik nümayəndəliyimizdə keçirilən görüşdə “Şən və Hazırcavablar Klubu” (ŞHK) televiziya oyununun 45-ci ildönümü münasibətilə dövlətimizin başçısı İlham Əliyevin təbrik məktubunu və ən səmimi arzularını “Şən və Hazırcavablar” Beynəlxalq klubunun (ŞHK) və AMİK teleşirkətinin prezidenti Aleksandr Maslyakova təqdim etmişdir.
Təbrik məktubunda deyilir ki, onun iştirak etdiyi çoxsaylı uğurlu layihələr arasında “ŞHK” xüsusi yer tutur və 40 il ərzində bu verilişin dəyişməz aparıcısı kimi A.Maslyakov, sözün əsil mənasında, klubun simasına çevrilmişdir.
Səfir P.Bülbüloğlu qeyd etmişdir ki, ümummilli liderimiz Heydər Əliyev ŞHK-ya xüsusi diqqət və qayğı göstərirdi və hazırda bu xoş ənənəni dövlətimizin başçısı İlham Əliyev davam etdirir.
Aleksandr Maslyakov dövlətimizin başçısına dərin minnətdarlığını bildirərək demişdir: “Mən bu diqqətə görə İlham Heydər oğluna çox minnətdaram və xoşdur ki, onun maraq dairəsinə ŞHK da daxildir. Ümidvaram ki, Prezident İlham Əliyevin rəhbərliyi altında və diqqəti sayəsində Azərbaycanda ŞHK-çılar nəsli davam edəcəkdir. İstərdim ki, o əfsanəvi komandanın yeni nəsilləri yetişsin, çünki Azərbaycanda istedadlı insanlar var və onlara klubda həmişə yer tapılar. Mən Heydər Əlirza oğlunu və onun bizə xoş münasibətini xatırlamaya bilmərəm. Bir vaxtlar biz Bakıda superoyunlardan birini çəkirdik. Onda Bakı və Odessa komandaları görüşürdülər. Heydər Əlirza oğlu bizi qəbul etməyə vaxt tapdı. Biz müxtəlif mövzularda xeyli danışdıq. Bu, bizim üçün gözlənilməz idi və prezidentlərin ŞHK-ya marağı Heydər Əlirza oğlundan başlandı”.
P.Bülbüloğlu A.Maslyakovu Bakıya dəvət edərək demişdir ki, onun səfəri Bakıda yeni ŞHK komandasının yaranmasına təkan verəcəkdir.
Görüşdə Milli Məclisin deputatı, “Bakılı oğlanlar” komandasının sabiq kapitanı Anar Məmmədxanov, İTAR-TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman, A.Maslyakovun xanımı Svetlana Maslyakova iştirak edirdilər.
 
Xalq qəzeti.- 2006.- 24 noyabr.- S.2.