Məhərrəmova T.

 

"Heç kimdən pis aktrisa deyiləm"

 

Rəsmiyyə Nurməmmədova, aktrisa: "Bəzən rollar

həyatınla uyğun gələndə yüngülləşirsən"

 

Peşəkar səhnəyə yolu asan olmayıb. Dram dərnəyindən başlayan bu yol institut illərində Cahangir Məmmədovun rəhbərlik etdiyi teatrdan, rəhmətlik Hacıbaba Bağırovun yaratdığı "Tənqid-təbliğ" Teatrından, İrəvan Dövlət Azərbaycan Dram Teatrından keçərək Musiqili Komediya Teatrında qərarlaşıb. Rəsmiyyə Nurməmmədova artıq 10 ildir ki, bu teatrın səhnəsindədir. Özünəməxsus ifa tərzi, plastikası olan aktrisa bu illər ərzində müxtəlif xarakterli, rəngarəng rollar oynayıb. Ona tapşırılan obrazlardan narazılığı da yoxdur. Rollarının hamısını sevdiyini və hər birini ürəkdən oynamağa çalışdığını deyir:

 

- Hazırda teatrda Marat Haqverdiyevin "Qısqanc ürəklər" tamaşasının məşqlərini davam etdiririk. Həmin tamaşada mənə Leyla obrazı tapşırılıb. Qarşıda yeni illə bağlı uşaq tamaşaları hazırlanacaq. Yəqin ki, o tamaşalarda da oynayacağam. Bu yaxınlarda "Şeytanın yubileyi"ndə Camiyyə rolunu oynadım. Ümumiyyətlə, indiyə qədər yaxşı rollarım olub.

- Söz düşmüşkən, "Şeytanın yubileyi"ndəki obrazınız kifayət qədər açıq-saçıq idi. Bununla belə, rolda kifayət qədər sərbəst görünürdünüz.

- Bu obraz mənə tapşırılanda əvvəlcə bir az təəccübləndim. Dediyiniz kimi, Camiyyə bir qədər açıq-saçıq obrazdır. Əvvəlcə "Bu rolu necə oynayacağam?" - deyə fikirləşirdim. Ancaq həmişə səhnədə həddindən artıq çevik və yüngül olduğumdan elə bir çətinlik çəkmədim. Reyissorun tapşırıqlarından əlavə, rolun yaxşı olması üçün özüm də çalışırdım. Camaatın nə deyəcəyini heç fikirləşmirdim. Tamaşada reyissorun bütün dediklərinə əməl etmişəm. Əsas tamaşaçıdır, bilmirəm necə qiymət verdi. Onu da deyim ki, roluma görə heç kəsdən irad eşitmədim. Məni tanıyanlar və tanımayanlar tamaşadan sonra dedilər ki, çox yaxşı oynayırdın, səhnə də çox baxımlı idi.

- Obrazlarınızla həyatınız arasında hansısa yaxınlıq varmı?

- Elə tamaşalar var ki, orda müəyyən bir xətt keçir. Ümumiyyətlə, elə tamaşa olmur ki, insan o hissləri, duyğuları həyatında yaşamasın. Tam mənada deyə bilmərəm ki, obrazlarım həyatımla eynidir. Ancaq bütün obrazlarımla həyatım arasında yaxınlıq var. Hər hansı bir obraz bizə tapşırılanda üzərində işləyirik. Yol gedəndə, evdə istirahət edəndə ürəyimizdə həmin obraz haqqında düşünür, saf-çürük edirik. Reyissorun dediklərindən başqa, obraza öz əlavələrmiz olur. Çünki ilk növbədə obrazı öz daxilimizdə yaradırıq. Mən obrazlarımın heç birini gözəyarı oynamıram, onun daxilinə varmağa çalışıram. Daha doğrusu, rollarımı özününküləşdirirəm. Bəzən rollar həyatınla uyğun gələndə yüngülləşirsən. Onda oynadığın rol da güclü alınır. Mən "Subaylarınızdan görəsiniz"də oynayanda həqiqətən ağlayırdım. Elə bil ki, həyatda başına gələn bir hadisəni ikinci dəfə yaşayırsan.

- Səhnədə olduğunuz bu müddətdə ən uğurlu dövrünüzü hansı illərə aid edirsiniz?

- 2001-ci ilə qədər olan vaxtlar ən uğurlu dövr idi. Demək olar ki, hər barədə yaxşı idi. Həm rollarımız çox idi, həm də maddi baxımdan sərfəli idi. Çoxlu qastrollara gedir, konsertlərdə iştirak edirdik. İndi isə ən böyük şikayətimiz maaşla bağlıdır. Bəzən biri soruşanda adam aldığı əmək haqqını dilə gətirməyə də utanır. Bu bizim yaralı yerimizdir. Ancaq buna baxmayaraq, bu sahədə çalışmağıma peşman deyiləm. İşimi həddən artıq sevirəm. Bir gün işə gəlməyənədə elə bil ki, dünyamı əlimdən alırlar. Bu, bəlkə də sənət dəliliyidir. Biz teatra gələndən fanat kimi çalışırıq. Bilirsiniz ki, maaşımız çox aşağıdır. Ancaq səhnəyə gələn adam bir daha oradan çıxa bilmir. Hansısa bir qüvvə adamı daim səhnəyə dartır. Yorulmaq bilmirsən, daim işləmək istəyirsən. Mən də heç vaxt səhnədə yorulmuram. Bəzən reyissor deyir ki, rolların var, oynayırsan. Cavab verirəm ki, yorulmuram, işləmək istəyirəm. Mən boşluq istəmirəm. Boşluqda qalanda dəmir işlənməyəndə pas atan kimi, insan da passivləşir. Ona görə də daim işləmək istəyirəm. Bəzən xəstə olmuşam və ya hansısa bir problemim yaranıb, amma səhnəyə çıxan kimi onu unutmuşam. Hər bir tamaşanı oynayanda elə bilirəm ki, premyeranı oynayıram. Ona görə biz problemimizi səhnəyə aparmırıq. Problem oldu-olmadı səhnəyə ürəklə çıxırıq. Ümumiyyətlə, mənim eneryim çoxdur. Səhnəyə çıxanda ilk növbədə hər şeyin səmimi olmağına, tamaşaçılarla ünsiyyətə çalışıram. Tamaşaçı ilə ünsiyyət səmimi olanda, o da sənin oynuna inanır.

- Bəzən reyissor aktyoru eyni ampluada görür və deyir ki, bundan başqa rolda oynaya bilməz. Reyissorun bu "ştampı" ilə razısınız?

- Niyə oynaya bilməz ki? Bəs reyissor nə üçündür? Şəxsən mənim oynaya biləcəyim rollar var. Xarakterik rollarda oynamaq istəyirəm. Əgər bunu bacarmasam, onda aktrisa deyiləm. Aktyora verilən rollar müxtəlif xarakterli olmalıdır. Mən istəyirəm ki, reyissor məni səhnədə sındırsın, əysin. Hər kəs öz qabiliyyətinə bələddir. Nəyi oynaya, nəyi oynamayacağımı yaxşı bilirəm. Bəzi reyissorlar: "Mənə səhnədə hazır aktrisa lazımdır" - deyirlər. Aktrisanı reyissor yetişdirməlidir. Əgər aktrisa səhnəyə hazır gələcəksə, onda reyissor nə üçündür? Bu baxımdan Afaq xanımın iş prosesi xoşuma gəlir. O, həmişə aktyorları səhnədə sındırır. Aktyoru aktyor edən reyissordur.

- Deyəsən, fəxri ad da almamısınız. Narazılığınız yoxdur ki?

- Bizdə bir çox aktyorlar var ki, teatra məndən qabaq gəliblər. Onlara hələ fəxri ad verilməyib. Onları öz qarşımda görüb əziyyət çəkirəm. Əlbəttə, uzun illər teatrda çalışan bir aktrisa kimi mən fəxri ad istəyirəm. Artıq mənə də fəxri adın verilməsi vaxtıdır. Ancaq əvvəl gərək onlar alsın, sonra bizə də növbə çatsın. Ona görə də haqqımı hələ heç kəsdən tələb etməmişəm. Hələ susuram. Düzdür, yaxşı obrazlarım var, heç kimdən də pis aktrisa deyiləm. Əvvvələr heç kəsdən pis aktrisa olmadığımı dilimə gətirməzdim. Amma indi ona görə deyirəm ki, yerində sakit dayananda deyirlər ki, səsi çıxmır. Ona görə də haqqını tələb etmək lazımdır. Haqqı tələb etmək vaxtıdır. Bir də ki, niyə özüm müraciət etməliyəm? İşləməyim göz qabağındadır. Cəbhə bölgələrinin o yeri qalmayıb ki, getməyək. O cür ağır səfərlərə, qastrollara getmişik. Teatrın bir çox tamaşalarında oynayıram. "Kənddən gələn səs" adlı televiziya tamaşasında oynamışam. İşlərim çoxdur. Amma heç vaxt deməmişəm ki, mənə fəxri ad verin. Ona görə yox ki, istəmirəm. Ona görə deməmişəm ki, məndən yaşlı, təcrübəli həmkarlarım var. Nə iş tapşırırlar, layiqincə yerinə yetirirəm. İnanıram ki, fəxri ad da, mükafat da olacaq. Sadəcə, boş qalmaq istəmirəm.

 

Kaspi.-2006.-2 noyabr.- S.7.