Kəbutər

Kinomuzun problemlərindən

 

Azərbaycan ədəbiyyatı ekranlara köçə bilmir
Son illər kino istehsalına ayrılan xərclər artırılıb. Bunu rəsmi olaraq Mədəniyyət və Turizm Nazirliyinin milli filmlər istehsalı şöbəsinin müdiri Cəmil Fərəcov da bir neçə gün əvvəl təsdiqlədi. Hər artım bir və ya bir neçə film, yaxud da “İblis”, “Hüseyn Cavid” kimi böyük filmlərin reallaşması deməkdir. Mənim bildiyimə görə, ssenarilərin ekran həyatı üçün seçilməsi peşəkarların rəyindən sonra mümkün olur.

Aydındır ki, ssenariləri də rejissorlar təqdim edir. Deməli, həmin peşəkarlar bədii materialın dəyəri ilə yanaşı onu ekranlaşdıracaq rejissorun bacarığını da qiymətləndirir. Dövlət büdcəsindən milli kinoya ayrılan vəsait milli kimliyimizi sərgiləyə bilən sənətkarların ixtiyarına verilir. Bu baxımdan “Nizami” kinoteatrında sərgilənən filmlərə tamaşa etmək kifayət idi ki, büdcədən ayırlan pulların necə, yaxud nəyə xərcləndiyi haqqında təsəvvürə malik olasan. “Cəng yerimiz Qarabağ” adı altında nümayiş etdirilən filmlərin əksəriyyəti haqqında mətbuatda kifayət qədər yazılıb. Bununla belə biz bir neçə məqama toxunmaq istərdik. “Arxada qalmış gələcək”-ilkin adı “Uçuş” olan filmdən danışmazdan öncə bir məqamı qeyd edim ki, həmin sıraya daxil olan “Girov” filmi (quruluşçu rejissor Eldar Quliyev) bu yaxınlarda beynəlxalq festivaldan qayıdıb. Və maraqlıdır ki, “Girov” festivalın ən yaxşı film musiqisi nominasiyası ilə mükafatlandırılıb. Necə deyərlər, musiqinin müəllifi Siyavuş Kəriminin adı xüsusi olaraq qeyd olunub. “Girov” haqqında bu qədər bəsdi. Çünki bu filmdə musiqidən başqa heç nə yoxdu. Və Qarabağ mövzusunda çəkilən film beynəlxalq festivalda təkcə musiqisinə görə diqqəti cəlb edirsə, onda bir daha dövlətin büdcəsindən ayrılan pullara heyfslənməkdən başqa əlimizdən heç nə gəlmir.
O ki qaldı “Cəng yerimiz Qarabağ” festivalına qatılan filmlərin içərisində ən çox diqqət çəkən ekran əsəri “Arxada qalmış gələcəyə”, film doğrudan da çox maraqlıdı. Quruluşçu rejissoru Rüfət Əhmədov, ssenari müəllifi Yusif Şeyxov olan bu filmin finalı xüsusilə yaddaqalandı. Dəmir yolunun donmuş kimi görünən vaqonlarında məskunlaşan qaçqınlar o vaqonların qarşısındakı ərazini- heç bir məzarlıq torpaq da tutmayan bucaqları qarğı çəpərlərlə hasara alıblar. Heç vaxt bu dəmir yolların işə düşməyəcəyini bilən qadınlar vaqondan vaqona uzanan iplərə paltar səriblər.
Finalda isə vaqonlar işə düşür. Adi məişət qayğılarından, daimilik səliqə-sahmandan xəbər verən paltar ipləri qırılır, qarğı çəpərlər pərən-pərən olur. Vaqonlar adamların təccübülü baxışları altında Qarabağa doğru şütüyür. Bu dəmir yolundan, paralellik prinsipi pozulmayacaq polad lentlərdən qaça bilməyən insan məskənlərində sükunət pozulur. Hər şey dəmiryol stansiyasında məskunlaşan balaca qəsəbədə baş verir. Yeniyetmə Səməd təsadüfən qatarın altına-iki relsin arasına düşür. Bura keçmişlə bu günün birləşdiyi nöqtədir. Hadisələr də bundan sonra inkişaf etməyə başlayır. Hələ Qarabağ işğal olunmayıb. Xocalı faciəsindən də döyüşçülərimizin xəbəri yoxdu. Onlar bu gün-sabah ermənilər geri oturdulacaq deyə ruh yüksəkliyi ilə mübarizə aparırlar. Səmədin heç vaxt üzünü görmədiyi atası da həmin döyüşçülərin arasındadı. Təbii ki, Səmədin onun oğlu olmasından xəbərsizdi. Gələcəkdə Qarabağın taleyinin necə olacağını balaca oğlandan öyrənən döyüşçülər şoka düşür. Və bu zaman Xocalı aeroportunun partladılması məsələsi meydana çıxır. Səmədin köməyi ilə buna nail olan döyüşçülər itkin düşür, oğlansa öz evlərinə, həmin o zamanın birləşdiyi nöqtəyə gəlib düşür. Azərbaycan kinosu üçün kifayət qədər orijinal olan bu ssenari Sergey Abramovun “Cəbhəyanı meşədə” povestinin motivləri əsasında yazılıb. Sadəcə müəllifin adı və hadisələrin cərəyan etdiyi məkan fərqlidi. Məhz keçmişin qaytarılması və orada mövcud olan hadisələrin təkrar baş verməsi, bu gündən gedən qəhrəmanla keçmişdə mövcud olan insanların görüşməsi “Cəbhəyanı meşədə” povestində öz əksini tapıb.
Qaldı rejissor işinə, Rüfət Əhmədovun işi digərlərindən, hətta daha çox özünə güvənən adı bəlli rejissorlarımızdan da fərqlidi.
Bununla belə filmin çatışmayan cəhətləri, tamaşaçının gördüyünə inanmağa mane olan məqamlar çoxdu. Xronikadan məharətlə istifadə filmə əlavə yük gətirsə də montajların uğursuzluğu bu təsiri xeyli azaldır. Üstəgəl, 10-12 il əvvəlki zamanda rəngin və sair effektlərin olduğu kimi qalması, yəni bu iki zaman arasındakı fərqin rejissor yozumundan keçməməsi (meşədə döyüşən azərbaycanlı əsgərlərin geyimləri bu günkü milli ordunun geyimləridi) filmin uğuruna kölgə salır. Bura bütün filmlərimizin bəlası olan montaj işini də əlavə etsək, elə bilirəm ki, məndən inciməzlər. Filmin qəhrəmanı olan balacanın psixoloji durumu isə adi günlərdən cəbhəyə düşüb geri qayıdan uşaq təsiri oyatmır. Ən azından əziz bildiyi adamların itirilməsi bu uşağı psixoloji sarsıntılarla üz-üzə qoymalıydı.
Bəzən rejissorlar filmlərimizin zəif olmasının səbəbini bədii vəsaitin qıtlığı ilə yozurlar (zəif çəkdiklərini etiraf etməyə özlərində güc tapanda). Əslində Azərbaycan ədəbiyyatının ekranlara çıxacaq və dünyanın diqqətini özünə cəlb edəcək qədər güclü sərvəti var.
Elçinin “Mahmud və Məryəm”, “Ölüm hökmü”, “Ağ dəvə”, Rafael Hüseynovun “Məhsəti necə varsa”, “Vaxtdan uca”, Min ikinci gecə” və hələ çap etdirməyə macal tapmamış cild-cild əsərləri-o əsərləri ki, Azərbaycanın tarixini xronoloji ardıcıllıqla, dəqiqəbədəqiqə bütün dünyaya danışar- ekran həllini gözləyən qarımışa dönüb. Bura Əkrəm Əylisli və Mövlud Süleymanlı yaradıcılığını, xalq nağıllarımızı və dastanlarımızı da da əlavə etsək onda rejissorlarımızın qarşısında nə qədər böyük işlərin durduğunu görmək olar. Əslində Azərbaycan ədəbiyyatına müraciətlər kino tariximizin bir neçə dönəmində mövcud olub. Anarın “Dədə Qorqud” filmi də bu sıradandı. Lakin uğurlu bir film hər şey demək deyil. Amma bu həm də o demək deyil ki, Azərbaycan nağıllarının şahı olan “Məlikməmməd”i əcaib bir filmə çevirəsən. Rusların “Ruslan və Lyudmila”, “Ölməz Koşşey” də başda olmaqla böyük bir silsilə təşkil edən nağıl-filmləri peşəkarlıqla istedadın qaynağından süzülən ekran əsərləridir. Bir millətin təfəkkürünü, mədəniyyətini özündə ehtiva edən belə filmlərin çəkilişinə Azərbaycan kinosunun böyük ehtiyacı var.
Yeri gəlmişkən, bir neçə il öncə müəllifinin üstündə hələ də dartışma gedən “Əli və Nino” romanını ekranlaşdırmaq üçün gürcülər Bakıya, keçmiş Mədəniyyət Nazirliyinə üz tutmuşdular. Onda gözəl aktrisamız Şəfiqə xanım Məmmədova (unutmuşam ki, o hansı idarənin rəhbəri idi) gürcülərin bu əsəri ekranlaşdırmasına icazə də vermişdi. Qalırdı təkcə rəsmi təsdiq. Həmin vaxt biz “Yeni Azərbaycan” qəzeti olaraq bu məsələyə etiraz etdik. Şəfiqə xanımınsa öz arqumentləri vardı: aktrisalarımız bu filmdə çəkilib qonorar alacaqlar, bizim film çəkmək imkanımız yoxdu, onlar acından ölürlər. Nə isə, biz bu arqumentlərin hamısını qulaqardına vurub əlac axtarırdıq ki, Vaqif Mustafayev yardım əlini uzatdı, təbii ki, bizə yox, Azərbaycan kino tarixinə. Gürcülərlə müzakirə olunub razılaşdırılmış müqavilənin imzalanması baş tutmadı. Azərbaycan kinosunun problemlərindən biri də ədəbiyyatı diqqətdən kənarda saxlamasıdı.
Azərbaycan kino tarixində daha bir imza var ki, “milli kimliyimizə vəsiqə verməyə” çalışdığından həmin imza sahibindən yan keçə bilmərik. “Təkcə adanı özünlə apara bilməzsən” filmindən başlanan yolla Azərbaycan kinosunun “amazonkası” Gülbəniz Əzimzadə bir-birinin ardınca çəkdiyi və ən məhsuldar illərinin yadigarı olan ekran əsərləri ilə “Qətl günü”nə qədər yol gəldi. Amma bu yolda o adanın gətirdiyi şöhrəti təkrar edə bilmədi. Çünki ilk filmi ilə (ola bilsin ki, “Təkcə adanı özünlə apara bilməzsən” filmi Gülbəniz xanımın ilk ekran işi deyil, amma ona şöhrət gətirən ilk işidi) diqqəti cəlb edən rejissorun sonrakı işləri bir-birinin təkrarı və uğursuz, kinoşünasların hətta “d” kateqoriyasına aid etmədiyi filmlər oldu. Eynən “Girov”, “Yalan” və sair bu tip filmlər kimi. Kino tariximizə nəzər salanda adama elə gəlir ki, bizim filmlər “bu rejissor bu məşhur filmin müəllifidir” prinsipindən çox, “kim daha çox film çəkə bilər” prinsipi ilə fəaliyyət göstəriblər. Yəqin ki, kiminsə əlinin böyük ətəyində olması da Azərbaycan kinosunun belə acınacaqlı vəziyyətə düşməsində əsaslı rol oynayıb. Əgər belə olmasaydı Eldar Quliyevə “Babək”, “Nizami” kimi məsuliyyətli filmləri verib kino səlnaməmizdə “eybəcərlər anası”nı yaratmazdılar. Hər halda Gülbəniz xanımın “Adanı özünlə apara bilməzsən” filmindən sonra yaratdıqlarının uğursuzluqları bu amillə sıx-sıx bağlıdı. Kinomuzun bu problemini isə gələn yazımızda Oqtay Mirqasımovun yaradıcılığı fonunda çözmək fikrində olduğumuzdan hələ ki, son verək.
Gülbəniz xanımın son işlərindən olan “Qətl günü” filmi bir qədər fərqli təəssürat yaradırdı ki, əslində bu, mərhum Yusif Səmədoğlu ssenarisinin nəticəsiydi. Yox, əstəğfurullah, Gülbəniz xanımın əməyinin üstündən xətt çəkmək istəmirik. Kino aləmində keçmiş bir ömrün bilgisi və istedadın qovuşuğundan yaranmışlar göz qabağındadı. Sadəcə, bunlar yalnız Azərbaycan adlı müstəvinin bazarı üçün hesablanıbsa bu artıq bizim günahımız deyil. Azərbaycan filmləri içində kifayət qədər göz oxşayan, təkrarsız və orijinal görünən “Qətl günü” tamaşaçıya yazıçının istədiyini verə bilmədi. Roman özündə Azərbaycan xalqının tarixini, kökünü və faciəsini gizlədən bir əsərdi: Xədim şah gavur qızına baxır, anasının səsi gəlir qulağına. Bu, bizim islamdan əvvəlki tariximizə işarədi, dünyanın o vaxtına ki, o vaxt ilk təkallahlı dinin atributu olaraq xristian xaçını gəzdirirdik. Şairin dilini kəsirlər, ondan sonra danışa bilməyən, ancaq yaza bilən (Sədi əfəndi) şairlər doğulur. Sədi əfəndinin gedər-gəlməzə göndərilmək xofu isə nə danışa, nə də yaza bilən ziyalıları (Xəstə) gətirir dünyaya. Və əsərdə türk dünyasının faciəsi-300 ilə yaxın dünyanı əsarətdə saxlayan tatar törəməsinin bu gün bir butulka araq şüşəsinə tapınması, ölənlərimizi ölmüşlərimizin ruhlarının qarşılaması (bu millətin ölüsü də o dünyada rahatlana bilmir), qətl edilənlərin və qətl olunanların törəmələrinin yaşadığı faciələr ya rejissorun özünü çətinə salmaq istəmədiyindən, ya da bunu bacarmadığından yozumunu tapa bilməyib. Bu cür güclü ssenari rejissor tapıntısı və həlli olmadığına görə tamaşaçını yalnız seyirçi mövqeyində saxlayıb.
Gavur qızının, üfləmə Qasımın və digər personajların ekrana gəlməsini, bir sözlə, faciələrəmizin səbəbini, millətimizin mənəviyyatında gizlənən sirləri, zaman-zaman başımıza gətirilən faciələrin səbəbini rejissor tamaşaçıya izah edə bilmir. Ona görə ki, hər bir rejissorun özünün materialı var. Və ədəbiyyatımızdan, büdcədən ayrılmış pullardan söhbət gedəndə hər bir rejissorun öz materialını tapması “Dədə-Qorqud”, “Nəsimi” kimi filmlərin yaranması deməkdi. . Gözəl əsərlər və peşəkar rejissorlara ünvanlanmış dövlət vəsaiti bütün dünyanın bəhrələndiyi Azərbaycan mənəvi sərvətlərinin yaranma sirlərini aça bilər.

 

Yeni Azərbaycan.-2006.-26 oktyabr.- S. 7.