Xəlilov Yusif

 

Azərbaycan sənətçiləri Almaniyanı fəth edir

 

Ölkəmizin müstəqilliyinin 15-ci ildönümü münasibətilə Azərbaycanın AFR-dəki səfirliyinin təşəbbüsü ilə Almaniyada keçirilən Azərbaycan elm və mədəniyyəti ongünlüyü davam edir.
Xatırladaq ki, ongünlük oktyabrın 4-də Frankfurt şəhərindəki Azərbaycan kitab sərgisi ilə başlanmışdı.
Oktyabrın 9-da Berlində "Azərbaycan evi"nin açılışı olmuşdur. Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə incəsənət ustalarından ibarət geniş nümayəndə heyəti, habelə Milli Məclisin deputatları Fəttah Heydərov, Elton Məmmədov və Əkrəm Abdullayev iştirak edirdi. "Azərbaycan evi"nə respublikamızın Mədəniyyət və Turizm Nazirliyi adından milli geyimlər, musiqi alətləri və kitablar hədiyyə olunmuşdur.
Ertəsi gün Berlin İncəsənət Qalereyasında Azərbaycanın gənc rəssamlarının əsərlərindən ibarət sərgi açılmışdır. Sərgidə paytaxt sakinlərinə 35 gənc rəssamın tabloları, qrafika janrında 44 əsəri, habelə Qobustan qayaüstü rəsmlərinin fotoşəkilləri təqdim olunmuşdu. Açılışda Almaniyanın sənət adamları, burada yaşayan həmyerlilərimiz Əhməd Behkəlam, İbrahim Əhrari və başqaları iştirak edirdilər. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Almaniya-Azərbaycan Mədəniyyəti Dostları Birliyinin sədri Steffen Ştormer sərginin açılışında çıxış edərək xalqımızın mədəni və mənəvi zənginliyindən, qədim incəsənətə malik olmasından danışmışlar.
Oktyabrın 11-də isə möhtəşəm Berlin Filarmoniyasında Azərbaycan incəsənət ustaları geniş konsert proqramı ilə çıxış etmişlər. Xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Dövlət Kamera Orkestrinin, vokalçılar Dinarə Əliyeva, Həsən Abdullayev və Fidan Hüseynovanın, tarzən Mircavad Cəfərovun və kamançaçalan İsmayıl Həmidovun müşayiəti ilə Bəyimxanım Mirzəyeva və Teyyub Aslanovun çıxışları, Dövlət Rəqs Ansamblı üzvlərinin ifasında milli rəqslərimiz böyük maraqla qarşılanmışdır. 1500 nəfərlik salonda böyük uğurla keçən konsertdə Berlindəki diplomatik korpusun nümayəndələri, tanınmış mədəniyyət xadimləri və rəsmi şəxslər olmuşlar. Berlində ilk dəfə təşkil olunan belə konsert son dərəcə hərarətlə qarşılanmış, sənətçilərimiz "gül-çiçək yağışı"na tutulmuşdur.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Ədalət Vəliyevin ongünlük çərçivəsində keçirdiyi görüşlər, aparılan danışıqlar da səmərəli olmuşdur. "Azərbaycan Avropanın gözü ilə" mövzusunda beynəlxalq simpoziumun təşkili, 2008-ci ildə Almaniyada Azərbaycan İlinin keçirilməsi barədə razılıq əldə edilmişdir.
Oktyabrın 12-də Baden-Vürttemberq federal əyalətinin paytaxtı Ştutqart şəhərindəki Yeni sarayın akt salonunda Azərbaycan Dövlət Kamera Orkestrinin və digər sənət ustalarımızın böyük konserti olmuşdur.
Konsertdən əvvəl Helmut Kol hökumətində dövlət katibi vəzifəsini tutmuş, hazırda Almaniya-Azərbaycan Forumunun sədri olan Otto Hauzer çıxış edərək salona toplaşanları salamlamış və elm və mədəniyyət ongünlüyünü Azərbaycanın Avropaya "mədəniyyət yürüşü" kimi səciyyələndirmişdir.
Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfiri Pərviz Şahbazov dost ölkədə keçirilən ongünlük barədə məlumat vermiş və silsilə konsertlərdən birinin Azərbaycanın xüsusi tarixi əlaqələri olan Baden-Vürttemberq federal əyalətində təşkilinin təsadüfi olmadığını bildirmişdir. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev ongünlük çərçivəsində keçirilən tədbirlərin Azərbaycan mədəniyyətinin Avropada tanıdılması işində əhəmiyyətini vurğulamışdır.
800 nəfərdən artıq insanın toplaşdığı salonda dinləyicilər arasında federal əyalətin hökumət üzvləri, iqamətgahları bu əyalətdə yerləşən "Mercedes-Benz", "Baden-Vürttemberq-Enerji", "Porşe", "Boch" kimi nəhəng Almaniya şirkətlərinin rəhbər işçiləri, Azərbaycan və türk icmalarının nümayəndələri də var idi.
Yüksək səviyyədə keçən konsertdən sonra "Baden-Vürttemberq Enerji" şirkəti tərəfindən qəbul təşkil olunmuşdur.
Oktyabrın 13-də Azərbaycan sənətçiləri Mayns şəhərində çıxış etmişlər.


Azərbaycan.- 2006.- 14 oktyabr.- S. 6.