Ülvi Almaz

 

Yer-yurdu ürəklərdə bəndlənmiş sənət məbədgahı - İrəvan teatrı

 

İrəvan Dövlət Azərbaycan Dram Teatrı - 125
“... 117 illik tarixi olan teatrı qorumaq lazımdır”.
Heydər Əliyev
Ümummilli lider
1998, dekabr
İrəvan teatrı tarix səhifələrində


Artıq 18 ildir ki, deportasiya həyatı yaşayan İrəvan Dövlət Azərbaycan Dram Teatrının 125 illiyi ilə əlaqədar ölkə Prezidenti 30 avqust 2006-cı ildə sərəncam imzalamışdır.
Teatrın tarixi müxtəlif mənbələrə istinadən 1882-ci ildən müəyyənləşdirilmişdir. Tarixçi-alim, çox hörmətli ziyalımız İsrafil Məmmədovun araşdırmalarında teatrın tarixinə dair maraqlı məlumatlar kifayət qədərdir. O, bildirir ki, İrəvanda Azərbaycan teatrının tarixi ən azı 1880-81-ci illərdən başlayır. İrəvanda çıxan “Psak” (“Çələng”) qəzeti 1882-ci il 10 aprel, 7-ci sayında “
Fars teatrı” adlı geniş rəy dərc edib. Məqalədə yazılır ki, kasıb tələbələrə xeyriyyə məqsədilə İrəvan türklərindən ibarət teatr həvəskarları Vasaq Mədətov Nəzminin “Tamahkarlıq düşmən qazanır” tamaşasını 1881-ci ilin ikinci yarısında birinci dəfə, 1882-ci il aprelin 2-də ikinci dəfə oynamışlar.
1886-cı ildə 23 yaşlı gimnaziya müəllimi Firudin bəy Köçərli İrəvanda teatr tamaşası təşkil edir (qeyd edim ki, Qori seminariyasının məzunu Firudin bəy Köçərli 1885-ci ildə İrəvana gəlmişdi). Həmin tamaşa — M. F. Axundovun “Müsyö
Jordan və Dərviş Məstəli Şah” komediyasının tamaşası İrəvan əhalisinin həyatında böyük mədəni hadisəyə çevrilir. Lakin F.Köçərli, 1895-ci ildə İrəvanı tərk etmişdir. Bundan sonra teatra 18 yaşlı Yunis Nuri rəhbərlik etmişdir. 1945-ci ilə kimi – düz 50 il bu vəzifəni daşıyan Yunis Nurinin də xidmətləri teatrın unudulmaz səhifələrindəndir.
1909-cu ildə ölməz sənətkarımız Hüseyn Ərəblinski “Bəxtsiz cavan” (Ə. Haqverdiyev), “Nadir şah” (N. Nərimanov) tamaşaları ilə İrəvan teatrında çıxış etmişdir. 1912-ci ildə isə Zülfüqar Hacıbəyovun rəhbərliyi ilə İrəvan teatrında “Evli ikən subay”, “Xor-xor”, “O olmasın, bu olsun”, “Əlli yaşında cavan”, “Kərbəlayi Şükür xalça satan” əsərləri oynanılır. Az sonra “Hacı Qara”, “Arşın mal alan”, “Məşədi İbad” kimi məşhur tamaşalar teatrın daimi repertuarında idi. Bu, 1916-cı ilə təsadüf edirdi.
1918-ci ildə daşnakların növbəti qətliamları, hücumları teatrı da yerindən-yurdundan elədi. Teatrın rəhbəri və bir qrup aktyor İranın Xoy şəhərində məskunlaşdılar. Lakin sovet hökuməti qurulduqdan sonra 1922-ci ildə, didərgin düşmüş bütün insanlar kimi, onlar da geriyə döndülər. Teatrın yenidən dirçəlməsi, inkişaf etməsi üçün yerli ziyalılardan — Bala Əfəndiyev, Əkbər Rzayev, Rza Şeyxzadə, Abbasəli Axundov, Əşrəf Yusifzadə, Yusif Ziya... kimi milli mədəniyyət təəssübkeşləri xeyli iş gördülər. Hətta Bala Əfəndiyev öz arvadı Fatma Əfəndiyevanı teatra gətirərək ilk qadın aktrisa kimi səhnəyə çıxarmışdı. Fatma xanım həmin vaxtlar İrəvan türk qadınlar klubunun ilk müdiri idi. Əkbər Rzayev də öz arvadı Firəngiz xanımı Fatma xanımla birgə səhnəyə çıxardı. Bala Əfəndiyev 1921-28-ci illərdə İrəvanda partiya işçisi kimi məsul vəzifə daşıyırdı, o ərazidə Azərbaycan mədəniyyətinin, təhsilinin inkişafında onun xidmətləri çox olmuşdur.
1928-ci ildə teatr dövlət statusu almışdır. 1935-ci ildə teatra görkəmli dramaturq Cəfər Cabbarlının adı verilir. Dramaturqun “Aydın” pyesi həmin dövrdə teatrın səhnəsində uğurla oynanılırdı.
1948-ci ildən başlayaraq İrəvan və onun ətraf rayonlarında yaşayan türk əhalisinin məcburi olaraq Azərbaycana köçürülmə prosesi teatra da öz acı təsirini göstərdi və 1949-cu ildə teatr Göyçə mahalının Basarkeçər rayonuna köçürüldü. Oradakı bir illik fəaliyyətindən sonra isə teatrın işi dayandırıldı və əvəzində həmin bazada xalq teatrı təşkil olundu. Çünki həmin ərəfədə Göyçə əhalisini də “könüllü köçürmə” adı altında gecə-gündüz maşınlarda Azərbaycana — Mil, Muğan düzünə daşıyıb tökürdülər. Belə bir şəraitdə isə teatrın işini yenidən qurmaq və eləcə də fəaliyyətindən danışmaq çətin məsələ idi. Az sonra “köçürülmə siyasəti” dayansa da teatrın inkişafında yeni bir mərhələ açılmadı. Nəhayət, 1967-ci ildə cəmi Ermənistan əhalisinin, o cümlədən bütün ziyalıların, Basarkeçər rayon partiya komitəsinin birinci katibi Yunis Rzayevin və Azərbaycan KP MK-nın katibi Şıxəli Qurbanovun ciddi, birgə səyləri nəticəsində C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı hökumətin qərarı ilə yenidən yaradıldı (və ya bərpa olundu) və paytaxt İrəvan şəhərinə köçürüldü. Teatra əməkdar artist, 50 il teatrın rəhbəri olmuş Yunis Nurinin nəvəsi Əziz Süleymanov direktor təyin olundu. Teatrın işini canlandırmaq üçün həmin il Azərbaycan Dövlət İncəsənət İnstitutundan da bir qrup tələbə təyinatla İrəvana göndərildi. Ermənistan rəhbərliyi teatrın fəaliyyətinin gücləndirilməsinə o qədər də maraqlı deyildi. Əksinə, işini qura bilmədiyinə görə teatrı yenidən və bəlkə də birdəfəlik bağlamaq niyyətində müəyyən tədbirlərə də əl atırdı. Belə tədbirlərdən ilki teatrın rəhbərliyini dəyişmək qərarı oldu. Daim teatr mühiti görmüş, ziyalı və nüfuzlu bir ailədə böyümüş direktor cəmi iki ildi ki, kənd müəllimliyindən gəlib “Sovet Ermənistanı” qəzetində ədəbi işçi vəzifəsində çalışan gənc qələm sahibi Hidayət Orucovla əvəzləndi. Hidayət Orucov isə o vaxt istedadlı və kəsərli qələm sahibi kimi az müddətdə mətbuatda özünü təsdiq etmişdi. Bəlkə də bu təyinatla artıq peşəkarlaşmış gənc jurnalisti mətbuatdan uzaqlaşdırmaq, eyni zamanda teatra bələdçiliyi olmadığından yeni təyinatla teatrın dağılması məqsədini güdürdülər. Türkə qarşı daim düşmən məkrli erməninin heç vaxt xoş niyyəti olmadığını qəti bildiyimizdən belə qərarlıyıq. “Sovet Ermənistanı”nın baş redaktoru, nüfuzlu və vətənpərvər ziyalı Həbib Rəhimoğlu redkollegiya iclasında “bir divarımız getdi” deyərkən yeni direktorun uğurlarına inanmışdı. Ermənilər isə az sonra peşimançılıq təəssüflərini gizlədə bilmədilər. Çünki 24 yaşlı bu gəncin — Hidayətin gəlişi ilə teatrın yeni bir intibah dövrü başladı. Əvvəldə də qeyd etmişdik, Azərbaycandan bir qrup məzun teatra dəvət almışdı. Doğrudur, ötən onilliklərdə olduğu kimi teatrın yenə də binası yox idi. Uzun danışıqlar nəticəsində yenidən açılan teatra yenə də bina verilməmişdi. Peşəkar kollektiv Mədəniyyət evində yerləşdirildi. Amma heç bir şəraitlə təmin olunmayan teatr öz fantastik şöhrətini yollar yoraraq, eldən-elə gəzərək — səyyar həyatında, qastrol səfərlərində qazandı. Bu teatr bir ailəyə çevrildi. Harada bir türk obası vardısa, teatr orada göründü. Xalq onları doğmalıqla, sevinclə, məhəbbətlə qarşılayırdı. Onlar gələn yollara qurban kəsərdilər. Bu məhəbbət teatr kollektivinə hər dəfə yeni ruh, yeni həvəs gətirirdi. Artıq bütün Zaqafqaziyada aparıcı teatrlardan birinə çevrilmişdilər. Ermənilər isə yanıb tökülürdülər. 70-ci illərdə Ermənistan Mədəniyyət Nazirliyinin kollegiya iclasının birində teatrın fəaliyyəti erməni teatrlarına nümunə göstərilərək, belə bir fikir ortaya çıxarılmışdı ki, “fəaliyyət göstərmək üçün Azərbaycan teatrından öyrənmək lazımdır”. Bu fikir erməni teatr ictimaiyyətini silkələsə də, nazir sözünü axıracan demişdi: “Bunun üçün Azərbaycana ezam olunmağa ehtiyac olmayacaq. İrəvandakı Azərbaycan teatrına baxıb öyrənmək kifayət edəcəkdir”. Gərgin mübarizə nəticəsində yenidən açılmış İrəvan teatrı üçün çox önəmli, əhəmiyyət kəsb edən fikir idi. Həm də o mənada ki, teatrın yeni fəaliyyəti o milləti bizim haqqımızda bu cür danışmağa məcbur edirdi. Aydındır ki, teatrın fəaliyyətinin düzgün qurulması, repertuarının zənginliyi, məhdud imkanlar çərçivəsində işləməsi ilə yanaşı, yaradıcı heyətin yaradıcılığındakı bədii keyfiyyətlərin yüksək olması da əsas şərtlərdən idi. Bəli, dəfələrlə deportasiyaya uğramış teatrın bu yüksəlişi elə milli teatr tariximiz üçün də böyük nailiyyətdir. Ermənilər teatrın bu uğurlarının davam etməsində maraqlı olmadıqlarını açıq-aşkar büruzə verməyə başladılar. Hökumət dairələrindən hər kiçik daşnak məmur belə müxtəlif təzyiqlər etməkdən çəkinmirdi. Nəhayət, bütün bu məkrli münasibətlərdən yorulan, bezən direktor 16 illik işindən ayrılaraq Bakıya köçməyi, orada işləməyi qərarlaşdırdı və 1983-cü ildə teatrdan getdi. Sonrakı qeydlərində Hidayət yazırdı: “Erməni istehzaları içində elə uşaqlar — aktyorlar vardı ki, əsl fədakarlıq eləyirdilər. Onlar gözəl bir tamaşa oynayıb səhnədə ölməyə də razıydılar. Ona görə də bina və texniki imkanları son dərəcə məhdud olan İrəvan Azərbaycan teatrı o illərdə, mütəxəssislərin fikrincə, Zaqafqaziyada öz yeri, öz böyük uğurları olan maraqlı sənət ocaqlarından birinə çevrildi. Və birdən... elə bil ki, mən tükəndim. Daha doğrusu, teatrda deyiləcək sözüm qalmamışdı. Amma kollektivimiz axtarışlar səfərindəydi, ”qatarı" etibarlıydı. Heç ağlıma da gəlməzdi ki, məndən sonra teatr pis günə düşəcək".
1983-cü ildə teatra Yunis Nurinin ikinci nəvəsi Yunis Süleymanov direktor təyin oldu. “Az sonra teatr yerləşdiyi 1 nömrəli Mədəniyyət evindən bir tərəfi balaca bir Azərbaycan məktəbi, bir tərəfi də ruhi xəstəxana olan binanın damına köçürüldü, o damda ki, nə səhnə var, nə sex, cəmisi iki-üç otaqdan ibarətdi. Dövlət teatrını demirəm, hələ kiçik bir özfəaliyyət truppası üçün də orada minimum şərait yox idi. O dövlət teatrı ki, yaşı yüzü adlayıb, Firudin bəy Köçərli, Cəmil Əliyev, Abbasqulu Tağıyev, İsmayıl Dağıstanlı, Əli Zeynalov, Ətayə Əliyeva, Kazım Ziya kimi görkəmli aktyorlar çıxış etmiş, Baxşı Qələndərli... kimi rejissorlar ilk böyük uğurlarını həmin bu səhnədə qazanmışlar.”
Bakıya ilk qastrol səfəri
1978-ci ildə teatr Azərbaycana – Bakı şəhərinə böyük qastrol səfəri ilə pənah gətirdi. Teatr “Sən nə üçün yaşayırsan”, “Qızıl zəncir”, “Hər evdə sevinc olsun”, “Əkizlər”, “Daha bir qurban”, “Nəsrəddin” və “Məhəbbət yaşayır hələ” tamaşaları ilə Musiqili Komediya Teatrında və 26 Bakı komissarı adına Mədəniyyət sarayında çıxış etdi. Bu səfər dövlət statusu almış İrəvan teatrının 50 illiyi münasibətilə təşkil olunmuşdu. Tamaşalar noyabrın 14-dən 27-dək oynanılmışdı. Səfər ərzində 25 tamaşa göstərilmiş və 16 min nəfərdən çox tamaşaçı baxmışdır. Respublikanın o vaxtkı rəhbəri Heydər Əliyevin milli təəssübkeşliklə sənətə, mədəniyyətə olan diqqəti bu teatrın tarixində də öz izini qoymuşdur. Məhz onun qayğıkeşliyinin, diqqət-nəzərinin nəticəsi idi ki, bu səfəri ərəfəsində–24 noyabr 1978-ci il tarixdə İrəvan teatrı Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edildi. Eləcə də teatrın bir qrup işçisi–baş rejissoru Tofiq Ağayev əməkdar incəsənət xadimi, Tamilla Abdullayeva, Marietta Kərimova və Vidadi Əliyev əməkdar artist kimi Azərbaycanın fəxri adlarına və teatrın direktoru Hidayət, aktrisalar Elmira İsmayılova və Raya Qafarova Respublika Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına layiq görüldülər. Səfərin yekun günü — noyabrın 27-də mükafatlar təltif olunanlara təqdim edilmiş və onlara yaradıcılıq uğurları arzulanmışdı.
Didərgin
taleyi yaşayan teatr
1988-ci ilin payız ayları. Teatr Azərbaycanın Neftçala rayonunda qastrol tamaşaları göstərirdi. Səfərin yekun günü xəbər gəldi ki, İrəvan ərazisindəki bütün azərbaycanlılar öz yurd-yuvalarından qovulublar. Teatrın yeri-yurdu erməni tapdağında, silahlı quldurların əlində qalmışdı. Fəaliyyət göstərdiyi bir əsrdən çox ömründə heç vaxt müstəqil binası, avadanlığı olmayan teatr repertuarındakı bütün tamaşaları hansısa bir mədəniyyət evinin dar, balaca otaqlarında hazırlamış, sonra isə müxtəlif teatr binalarında göstərmişdi. Teatra olan bu münasibət, əslində, bütöv bir xalqa olan münasibətin tərkib hissəsi idi. İndi də belə...
Teatr deportasiya olunduqdan sonra — Bakıda Akademik Milli Dram Teatrının nəzdində teatr–studiya kimi fəaliyyətini davam etdirməyə başladı və Abşeron mədəniyyət sarayında yerləşdirildi. Lakin 1995-ci ildə mədəniyyətin, elmin təəssübkeşi Heydər Əliyevin qayğı və diqqəti ilə teatra yenidən dövlət statusu verildi. İndiki H.Sarabski adına Mədəniyyət Sarayında məskunlaşdırıldı. Bu, teatrın tarixi keçmişinin qorunması, ənənələrinin davam etdirilməsi, ölməməsi, Qərbi Azərbaycanı özündə təcəssüm etdirən bir sənət məbədi kimi yaşaması istiqamətində atılan çox dəyərli, vacib bir addım idi. İrəvan teatrı burada da həm repertuar planı, həm də fəaliyyət dairəsi ilə tamaşaçıları olan teatrdır. 1998-ci ilin dekabrında Zəlimxan Yaqubun yaradıcılıq gecəsində şairin “Didərginlər” əsərindən bir parçanı oynayan teatr kollektivi ilə ölkə Prezidenti görüşəndə teatrın taleyi ilə də maraqlanmışdır. Prezident Heydər Əliyev nazir Polad Bülbüloğlundan teatrın vəziyyətini soruşur. Mədəniyyət naziri P.Bülbüloğlu teatrın çətinliklərini və hazırda yerləşdiyi binanın pis vəziyyətdə olduğunu söyləyir. “Bəs nə gözləyirsiniz, tədbir görün. ...yerləşdirin, 117 illik tarixi olan teatrı qorumaq lazımdır” — deyə nazirə qəti şəkildə tapşırığını verir.
Aktyorlar – səhnə
fədailəri
Teatrın direktoru, sevimli aktyorumuz İftixar Piriyev burada fəaliyyətə başladığı ilk gündən işə cani-dildən yanaşdı. Teatrın özünəməxsus ənənələrinə söykənərək, yeni ruhla, yeni baxışla, yeni repertuarla teatrın yeni səhifəsini açdı. O, 1981-ci ildən Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdı. 1998-ci ildə Mədəniyyət Nazirliyinin əmrinə əsasən Tbilisi Azərbaycan Dram Teatrının bərpası ilə əlaqədar Tbilisiyə bərpa rəhbəri kimi göndərilmişdi. Oradakı uğurlu fəaliyyətinin nəticəsi olaraq qayıtdıqdan sonra 2000-ci ildə İrəvan teatrına rəhbər təyin olunmuşdu. İftixar müəllim teatrın yaradıcı kollektivi — istedadlı, peşəkar aktyorları haqqında fikrini hörmətlə, ürəkdolusu məhəbbətlə, heyranlıqla bildirdi.
Əməkdar artist Vidadi Əliyev teatrın Qərbi Azərbaycandan buraya gətirilib fəaliyyətinin yenidən davam etdirilməsi üçün xidməti olan fədakar teatr rəhbəri olub. Teatrın bütün bazasını Ermənistan Respublikası əlindən aldıqdan sonra, sadəcə, istedadlı aktyorları ilə əl-ələ verərək teatrı dağılmaqdan, məhv olmaqdan qoruyub. Əlbəttə, o çətin məqamlarda — hamı ağır psixoloji sarsıntılar içində çıxılmaz vəziyyətə düşəndə Vidadi müəllim, bəlkə də, qəhrəmanlıq göstərərək teatrın kollektivini bir araya cəmlədi. Hələ yeni tamaşalarla çıxışlar da etdilər. Bütün bunlar heç bir texniki—maddi bazası olmayan teatr üçün əvəzsiz xidmətlər idi. O, həm aktyor kimi, həm rejissor, həm də direktor kimi layiqli sənətkar, vətəndaşdır. Ümumiyyətlə, İrəvan teatrında onun haqq-sayı sonsuzdur. Vaxt olub ki, direktorluğu dövründə, elə indinin özündə də bəzən fəhlə yerinə də iş görür. O, bundan çəkinmir. Çünki bu teatrı özünün teatrı hesab edir. Buna ancaq belə dəyər vermək olar.
Əməkdar artist
Elmira İsmayılova teatrın Azərbaycanda fəaliyyətinin yenidən davam etdirilməsində çox böyük canfəşanlıq göstərib. Elə bu işlərinin nəticəsi olaraq Prezident təqaüdçüsü kimi fəxri ad qazanmışdır. O, teatrı son dərəcə sevən, qəlbən istəyən, teatrın həmişə önündə gedən, onun yükünü çiynindən heç zaman kənara qoymaq istəməyən sənətkarlarından, simalarından biridir. Bir sözlə, Elmira xanım İrəvan teatrının anasıdır.
Əməkdar artist Tamilla xanım Abdullayeva aktyor fəaliyyətinin ilk günlərindən taleyini bu teatra bağlayıb. Gənclik dövründən tamaşaların baş qəhrəmanlarını — aparıcı rollar oynayıb. İndi də bu teatrda son dərəcə əzmkarlıqla, fədakarlıqla çalışır. İrəvan teatrının ən çətin günlərdə, zamanlarda simasının qorunub saxlanmasında bu xanımın da çox böyük rolu olmuşdur.
Əməkdar artist mərhum Şamil Dəmirçiyev xoşxasiyyətli, gözəl xüsusiyyətli bir şəxsiyyət, sənətkar olub. Aktyor sənətkarlığı ilə İrəvan teatrı tarixində özünəməxsus yer tutmuşdur. Teatr, ümumiyyətlə incəsənət aləmi onun müqtədir sənətkar olduğunu qeyd edir.

Əməkdar artist Süleyman Nəcəfov isə öz taleyini bütövlükdə sənətə bağlamış bir adamdır. Vaxtilə o, İrəvanda Dövlət Rəqs Ansamblında fəaliyyət göstərib. Yaxşı sənətkar olduğu üçün belə bir təklif ediblər ki, familiyanı dəyiş, sənə fəxri adlar, vəzifələr verək. O isə bunları rədd etmiş və ömrünü bu teatra bağlamış, bu teatrla yaşayan, nəfəs alan çox görkəmli bir sənətkardır. Elə rolları var ki, onu Azərbaycanın çox qüdrətli sənətkarları ilə bir sırada dayanmaq şansına çatdırıb.
Səmayə xanım İsmayılova isə teatrın İrəvandakı fəaliyyəti dövründə yeganə müğənni solisti olub. O, gözəl ifaçı olduğu kimi, həm də istedadlı aktrisa kimi tanınıb, sevilib.Səmayə xanım 1967-ci ilin məzunları sırasında İrəvan teatrında işləməyə gələn aktrisalardandır.
Teatrın gənc üzvləri — yeni aktrisaları, aktyorları artıq tamaşaçı sevgisi qazanıblar. Dilarə Əliyeva, Tünzalə Əliyeva, Elnarə Heydərova, Təhminə Hüseynli, Zəhra Baxşəliyeva, Aysel Osmanlı, Samir Bayramov, Vaqif Kərimov, Niyaməddin Səfərəliyev... teatrın sabahına ən böyük ümidlərimizdir.
Teatrın direktoru İftixar Piriyev deyir ki...
2000-ci ildə bu teatra rəhbər təyin olunduqdan dərhal sonra teatrın əvvəlki nüfuzunu özünə qaytarmaq, fəaliyyətini canlandırmaq, ənənələrini daha layiqincə davam etdirmək məqsədilə sırf peşəkarlıq nöqteyi-nəzərindən müəyyən addımlar atmalı olduq. Bu sıradan — teatr Qərbi Azərbaycanda olarkən dramatik teatr olmasına baxmayaraq, bir neçə janrda tamaşalar hazırlayırdı. Bu da onunla bağlı idi ki, Qərbi Azərbaycanda yeganə Azərbaycan teatrı idi. Ona görə də istər dramatik, istər musiqili komediya, istər komik janrlı əsərlərə müraciət edirdi. Biz də burada fəaliyyətimizi tənzimləyərkən, teatrın ənənələrini bərpa edərkən bu məsələlərə də diqqət yetirdik. O mənada repertuarımızda dramatik əsərlərlə yanaşı, musiqili komediyalara da yer verdik. Onlardan bu il çərçivəsində ölməz Ü.Hacıbəyovun “O olmasın, bu olsun”, S.Ələsgərovun “Subaylarınızdan görəsiniz” musiqili komediya janrlı əsərlərinə, həmçinin milli dramaturgiyamıza, Qərb ədəbiyyatı klassiklərinə müraciət etməklə repertuarımızı zənginləşdirdik.Bir şeyi də qarşımıza məqsəd qoyduq: teatr Qərbi Azərbaycandakı ilk dövründən başlayaraq səyyar həyat yaşamışdır. Burada da biz bu ənənəni davam etdirmək məqsədilə 2000-ci ildən ölkəmizin bütün bölgələrinə qastrol səfərləri təşkil etmişik. Həm də dönə-dönə. Bir bölgədə ildə ən azı bir neçə dəfə tamaşaçılar qarşısında çıxış etdik. Sanballı əsərlərlə, yaxşı mövzularla — həm vətənpərvərlik mövzusunda, həm lirik, həm dramatik, həm musiqili komediya janrlarından olan tamaşalarımızla bölgələrdə qastrol səfərlərində olduq. Bu, həm də onunla bağlı idi ki, fəaliyyət göstərdiyimiz H.Sarabski adına Mədəniyyət Sarayı teatr üçün heç bir imkanı olmayan — istər texniki baxımdan, istərsə də ümumi nöqteyi-nəzərdən teatr binası olmadığından biz orada yalnız məşqlər edirdik. Mədəniyyət və Turizm Nazirliyinin əmrinə əsasən, biz Bakının beş böyük teatrında, — Akademik Milli Dram Teatrında, Rus Dram Teatrında, Musiqili Komediya Teatrında, Gənclər Teatrında və Mahnı Teatrında — hərəsində həftədə bir dəfə oynamaq haqqı qazanmışıq. Bu fürsət bizə imkan yaradır ki, əsərlərimizi Qərbi Azərbaycandakı intibah dövrünün ənənələri şəklində hazırlayaq. Yəni, biz teatrımızın qaçqın teatrı, imkansız, şəraitsiz teatr deyə sadəcə fəaliyyət göstərməsini istəmədik. İctimaiyyətin diqqətini cəlb edəcək, tamaşaçıları hər zaman razı salacaq repertuarla tamaşaçıların qarşısına çıxdıq. Hazırlanan tamaşaların çox hissəsini müxtəlif televiziyaların arxivləri üçün çəkdirdik. Repertuarımızda milli klassikamız, sonra Çexov, Marsel, milli dramaturgiyamız — yəni Anar, Elçin, Hidayət, Rüstəm İbrahimbəyov kimi sənətkarların əsərləri var. Repertuarımız əhatəlidir. Keçən il Mədəniyyət və Turizm Nazirliyi teatra “N.Nərimanov” adına kinoteatrda yerləşmək imkanı verdi. O kinoteatr indi Mədəni Mərkəz kimi layihələşdirilir. Orada kino ilə yanaşı, teatr və digər mədəni müəssisələr də yerləşəcək. Teatr indi yarı Sarabski adına sarayda, yarı “N.Nərimanov” kinoteatrında işləyir. Məşq etməyə imkan olmadığı üçün dekorlarımızın, kostyumlarımızın bir hissəsini “N.Nərimanov” kinoteatrına köçürmüşük. Gündəlik tələbata olan ehtiyac əşyalarımızı Sarabski adına Mədəniyyət Sarayında saxlayırıq. Tamaşalarımızın ilkin məşq mərhələsində bu bina bizə lazımdır.
P.S. Arzu edirik ki, teatr şah tamaşasını öz yurdunda oynasın. Dağdan-daşdan bir dəstə çiçək dərib ayaqlarına atardıq. Gün o gün olsun.

Xalq qəzeti.- 2006.- 7 oktyabr.- S. 10.