"Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxananın yeni nəsri təqdim olunmuşdur

 

Oktyabrın 12-də "Hyatt Regency" hotelinin İclas və Konfrans Mərkəzində "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxananın "Heydər Əliyev: biz Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına yol verə bilmərik" kitabının təqdimat mərasimi keçirilmişdir.

Milli Məclisin deputatlarının, nazirlərin, dövlət komitəsi və şirkət sədrlərinin, diplomatik korpus, siyasi partiyalar, qeyri-hökumət təşkilatları təmsilçilərinin, tanınmış elm xadimlərinin iştirak etdikləri tədbiri akademik, əməkdar elm xadimi, Heydər Əliyev irsi Beynəlxalq Elektron Kitabxananın redaksiya heyətinin sədri Asəf Nadirov açaraq layihə barədə məlumat vermişdir. O demişdir ki, Heydər Əliyevin siyasi portretini tam dolğunluqla yaratmaq çox məsul işdir və bəlkə də, mümkünsüzdür. Şübhəsiz ki, ümummilli liderimiz haqqında ən dolğun təəssüratı məhz onun əsərləri çıxışları, nitqləri, bəyanatları, məktubları yarada bilər. Heydər Əliyev irsinin təbliğində YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu genişmiqyash fəaliyyət göstərməkdədir. Fond Heydər Əliyevin zəngin irsinin öyrənilməsi istiqamətində diqqətəlayiq işlər həyata keçirir.

"Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxananı yaratmaqda bizim əsas məqsədimiz isə tarixin ən böyük azərbaycanlısı olan Heydər Əliyevin zəngin irsini beynəlxalq aləmdə geniş oxucu kütləsinə çatdırmaqdan ibarətdir.

Azerbaijan Ne Media Azərbaycan Bolqarıstan müştərək müəssisəsinin ən böyük layihəsi olan "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxana 2004-cü il may ayının 10-da ümummilli liderimizin ad günündə internet sisteminə çıxmışdır. Kitabxananın yaradılması ilə Azərbaycanın ən yeni tarixi və inkişafı, keçmişi və gələcəyi ilə maraqlanan oxucularımız Heydər Əliyevin əsərlərini dünyanın bir çox dillərində mütaliə etmək imkanı əldə ediblər.

Akademik məlumat vermişdir ki, dünyada 14 oxşar layihə mövcuddur. Tarixdə böyük iz qoymuş ictimai-siyasi xadimlərin (Avraam Linkoln, Corc Vaşinqton, Franklin Delano Ruzvelt, Mahatma Qandi, Uinston Çörçill, Con Kennedi, Ronald Reyqan, Mustafa Kamal Atatürk və s.) irslərinə həsr edilən kitabxanaların sırasına "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxananın qoşulması, hesab edirik ki, təqdirəlayiq haldır və vaxtında atılmış addımdır. Asəf Nadirov təqdim olunan kitab haqqında söz açaraq bildirmişdir ki, bu, Sabaha doğru kitabından sonra ikinci kitabdır və dörd dildə (Azərbaycan, ingilis, fransız və rus dillərində) çap olunmuş kitaba ATƏT-in Budapeşt, Lissabon və İstanbul sammitlərində Heydər Əliyevin çıxışları, müsahibələri, ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxışı daxil edilmişdir. Kitaba, həmçinin həmin sənədlər üçün yazılmış tarixi arayışlar, indekslər, qeyd olunan zirvə görüşlərinin bəyannamələrindən çıxarışlar, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qətnamələri, fotosənədlər əlavə olunmuşdur. Kitabın "Təcavüzkarın dəst-xətti" bölümündə isə erməni təcavüzünün nəticələrini əks etdirən fotoşəkillər verilmişdir.

"Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxananın icraçı direktoru Fuad Babayev kitabxana barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, o, dünyada geniş yayılmış 25 dildə fəaliyyət göstərir. Yeri gəlmişkən, internet məkanında elektron kitabxananın 25 dildə fəaliyyət göstərməsi nadir haldır. Yuxarıda adları çəkilən elektron kitabxanaların hamısı birdilli və ya ikidillidir.

Fuad Babayev slaydların köməyi ilə kitabxananın strukturu, ona daxil olmaq üçün dillər üzrə axtarış sistemi, daimi oxucularının olduğu ölkələr və s. haqqında ətraflı məlumat vermişdir.

Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov, sənaye və energetika naziri Natiq Əliyev, xarici işlər nazirinin müavini Xələf Xələfov, Milli Məclisin deputatları Zahid Oruc, Gültəkin Hacıyeva, Qənirə Paşayeva, Şuşa Rayon icra Hakimiyyətinin başçısı Nizami Bəhmənov, internet forumunun rəhbəri Osman Gündüz, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu direktorunun müavini Cəbi Bəhramov çıxış edərək kitabın məziyyətlərindən, onun həsr olunduğu sammitlərin tarixi əhəmiyyətindən söz açmışlar. Qeyd olunmuşdur ki, Heydər Əliyevin iştirak etdiyi bu üç sammit Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar danışıqlar prosesində mühüm mərhələ olmuşdur. 1994-cü ilin dekabrında Budapeştdə keçirilən ATƏT-in dördüncü sammitində Heydər Əliyevin səyi və təşəbbüsü ilə ATƏT-in Minsk qrupunda həmsədrlik institutu təsis edilmişdir. Bu institut vasitəçilərin fəaliyyətindəki rabitəsizliyi aradan qaldırmağa və ATƏT üzvlərinin münaqişənin sülh yolu ilə həllinə yönəldilmiş səylərini nizamlamağa imkan yaratmışdır.

Natiqlər xüsusi vurğulamışlar ki, ümummilli liderimiz Heydər Əliyevin ATƏT-in Lissabon sammitindəki fəaliyyəti hələ uzun illər siyasətçilər üçün örnək olacaqdır. O, zirvə görüşündəki çıxışında "Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik" deyərək, respublikamızın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki mövqeyini ATƏT tribunasından bütün dünyaya bəyan etmişdir. Münaqişənin sülh yolu ilə həlli prinsiplərinin əks olunduğu bəndin sammitin yekun sənədinə salınmasına Ermənistan prezidenti veto qoyduqdan sonra, Heydər Əliyev ATƏT sammitlərində hələ heç kəsin etmədiyi bir işi edir. O, bütövlükdə ATƏT-in yekun bəyannaməsinə veto tətbiq edir. Yalnız sammitin yekun iclasında ABŞ nümayəndə heyətinin rəhbəri, vitse-prezident A.Qor qeyd edilən  prinsiplərin ATƏT sədrinin bəyanatında səsləndirilməsini və həmin bəyanatın zirvə görüşünün yekun sənədləri sırasına daxil edilməsini təklif etdikdən sonra, Heydər Əliyev öz vetosunu geri götürmüşdür. Adı çəkilən kitaba daxil olan Lissabon zirvə görüşünün yekun iclasının stenoqramı vəziyyətin dramatikliyini aydın göstərir.

Çıxışlarda qeyd edilmişdir ki, məhz Lissabon zirvə görüşündə Heydər Əliyevin sərt mövqeyi və qətiyyəti nəticəsində sammitin yekun sənədləri sırasına daxil olan ATƏT sədrinin bəyanatında Azərbaycanın ərazi bütövlüyü dəstəklənmişdir. 54 ATƏT üzvündən Ermənistan istisna olmaqla 53-nün lehinə səs verdiyi bu qərarın qəbul edilməsi yolunda Heydər Əliyev zirvə görüşünün gedişində 14 ölkənin nümayəndə heyətinin rəhbəri ilə görüşlər keçirmişdir. 1999-cu il noyabn 18-19-da keçirilən ATƏT-in İstanbul sammitində isə Avropa Təhlükəsizliyi Haqqında Xartiya, Avropada adi silahlar haqqında müqavilə, İstanbul zirvə görüşünün yekun bəyannaməsi qəbul olunub. Yekun bəyannaməsinin ayrıca bir bəndi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunub.

Xatırladılmışdır ki, son aylar ərzində bir neçə dəfə, o cümlədən bu il sentyabrın 19-da Türkdilli dövlətlərin və topluluqların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayındakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev vaxtilə ümummilli liderimizin söylədiyi Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik fikrini bir daha qətiyyətlə təsdiqləyərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin mövqeyinin dəyişmədiyini, bir qarış torpağımızın da düşmənə güzəştə gedilməyəcəyini bəyan etmişdir.

Natiqlər yekdilliklə bildirmişlər ki, kitaba daxil olan bütün bu materiallar oxucularımız, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ədalətin zəfər çalmasını arzulayan hər kəs üçün maraqlı olacaqdır. Onların fikrincə, "Heydər Əliyev: biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik" kitabı elektron kitabxananın növbəti uğurudur.

Əbilov, Zeynalov və oğulları nəşriyyatında çap olunmuş 472 səhifəlik kitabın elmi məsləhətçisi akademik Asəf Nadirovdur.

 

Respublika.- 2006.- 13 oktyabr.- S. 4.