Şəhriyar Q.

 

Bu qala bizim qala ...

 

 Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə minlərlə tarixi abidəmiz qaldı. Məlumatlara görə, düşmənlər həmin abidələri ya yerlə yeksan ediblər, ya da üzərlərinə xaç çəkərək erməniləşdirməyə cəhd göstəriblər.

Amma bütün bunlar faydasızdır. Başqasının tarixi üstündə özünə tarix yazmaq yazıqlıq, cılızlıqdır və belə "tarix" qar üstündə yazılmış yazı kimidir; günəş doğan kimi ondan əsər-əlamət qalmayacaq. Biz də o Günəşin doğmasını gözləmək ümidiylə Cəbrayıla qiyabi bir səyahətə çıxaq...

.. .Cəbrayılın adı ilə bağlı çoxlu mübahisələr var. Onlardan biri Cəbrayıl ata adlı bir şəxsin övladları Mirzəcan, Yarəhməd və Şahvələdlə (hazırda bunlar Cəbrayıl rayonunun kəndləridir) birlikdə rayonun yerləşdiyi indiki ərazidə məskən salmasıyla bağlıdır. Rayon mərkəzindən o qədər də uzaq olmayan ərazidə isə Cəbrayıl atanın qəbri işğala qədər ziyarətgah hesab olunurdu. XIX əsrdə milliyyətcə erməni olan N.Kokçayev və M.Barxudaryan kimi tədqiqatçılar məqbərəni görüb və bu abidənin sırf müsəlmanlara aid olduğunu etiraf ediblər. Lakin çox-çox sonralar bu abidə üzərində də xaç şəkilləri peyda oldu...

Ərazidəki ən böyük memarlıq abidəsi Xudafərin körpüləridir. Araz çayı üzərində ucalan bu iki möhtəşəm mədəniyyət abidəsinin biri on bir, digəri isə on beş aşır;mlıdır. Körpülər iri sal daşların üzərində inşa edilib. Körpülərin dəqiq nə vaxt tikilməsi haqda yekdil fikir yoxdur.

Digər bir mədəniyyət abidəsi də Diridağda yerləşən "Qız qalası"dır. Bu qalanı tədqiqatçılar XII-XIV əsrlərə aid edirlər. Qaladan müşahidə və müdafiə məntəqəsi kimi istifadə olunduğu bildirilir.

Sirik kəndində yerləşən Tey dağının zirvəsində V-VI əsrlərə aid olduğu güman edilən Qala bürcü var. Bu qala çaxmaq ovuntusunun əhənglə qanşıq məhlulundan istifadə edilərək daşla tikilib. Qaladan müşahidə və düşmən hücumlarından uzun müddət müdafiə olunmaq üçün istifadə olunub.

Şıxlar və Xubyarlı kəndlərindəki Sülap ibn Biyasəddin (XlVəsr) və Əbdül Əli (1287-ci il) türbələri Azərbaycan memarlığında səkkizguşəli və dairəvi türbələrin ən gözəl nümunələridir. Cəbrayıl ərazisindəki Sultan Məcid hamamı da orta əsr Azərbaycan memarlığının əvəzolunmaz abidələrindən biridir.

Cəbrayılda islamiyyətdən öncə və islamın ilk illərinə aid abidələr də mövcuddur. Rayon ərazisində yerləşən Mazannənə abidəsi buna misal ola bilər. Professor Z.İ.Yanpolski abidənin xristianlara aid olması haqqındakı əfsanəni rədd edir və göstərir ki, bu abidənin tarixi madərşahlıq zamanına gedib çıxır və sonralar islam dininə uyğunlaşdırlaraq ocaq hesab edilib. Yerli əhali Hasanlı kəndi yaxınlığındakı Mərmərnənə abidəsində dəfn olunan qadını Mazannənənin anası hesab edir.

Cəbrayıl yaxınlığında "Ağ oğlan" deyilən pir də var. Professor I.Petruşşevski piri xaçpərəstlik deyil, məhz bütpərəstlik dövründən qalma abidə hesab edir. Üzdəniraq M.Barxudaryan əsassız olaraq abidənin ermənilərə məxsus olduğunu iddia edirdi. Barxudaryanın iddialarının əksinə olaraq təkcə onu demək kifayətdir ki, "Ağ oğlan"la bağlı bir cox türk xalqlar;nda onlarla əfsanə və rəvayət bu gün də yaşamaqdadır. Digər tərəfdən, pirin adına diqqət yetirmək gərəkdir. Onun türklərə məxsus olduğunu danmaq, erməniləşdirmək cəhdi baş tutan deyil.

Cəbrayılın cənubunda yerləşən digər pir isə Qurbantəpə adlanır. Bu pir Qafqaz Albaniyası əhalisinin Günəşə, Aya sitayiş etdikləri tunc dövrünün nişanəsidir. Yerli əhali təzə il məhsuldar olsun deyə, bu təpədə qurban kəsib, bişirilən xörəyin suyundan gündoğan tərəfə səpib, sonra xörəyi yeyib və günəşə sitayiş ediblər...

Cəbrayıldan təqribən 25 km şimalda Ziyarat dağı yerləşir. Professor Z.İ.Yanpolski həmin qəbir-abidəni xaçpərəstlikdən qabaqkı dövrlərə aid edir. Maraqlısı budur ki, ermənilər də bu pirin yerləşdiyi yerə Ziyarat dağı deyirlər və oradakı piri də müsəlman ziyarətgahı hesab edirlər.

Digər abidə M.Barxudaryanın (Məqalədə M.Barxudaryana istinadən verilən məlumatlar onun "Arsax" (ruscaya tərcümə, AMEA-nın Tarix İnstitutunun elmi arxivi, inv. 1662, 2010) adlı əsərindən götürülüb) erməni abidəsi hesab etdiyi Dağtumas kəndi yaxınlığındakı Tumas ata abidəsidir. Lakin onu da qeyd edək ki, bu da bütpərəstlik dövrünün yadigarıdır. Çələbilər kəndinin, oradakı məscidin və Hacı Qaraman məzarının ermənilərə məxsusluğu da cəfəngiyyatdan başqa bir şey deyil.

Haqqında qısaca məlumat verdiyimiz abidələrdən başqa, Cəbrayılda yaşı minilliklərin o tayına gedib çıxan xeyli maddi mədəniyyət nümunələrimiz qalıb. Onların tarixi barədə Azərbaycanın adlı-sanlı alimləri kifayət qədər məlumatlar veriblər. Lakin onların bugünkü taleyindən qətiyyən nikbinliklə danışmaq olmaz. insanlarımız öz ata-baba yurdundan ermənilər və onların havadarları tərəfindən zorla çıxarıldılar, abidələrimiz isə əsirlikdə - erməni vandalizmi ilə üz-üzə qaldı. Lakin tarix tarixdir, onu saxtalaşdırmaq mümkün olmadığı kimi, unutdurmaq da müşkül işdir. Biz o torpaqların və onun üstündəki abidələrin şəriksiz sahibləriyik. Biz o torpaqlara, o abidələrin yanına qayıdacağıq. Bu bizim haqqımızdır...

 

Xəzər.- 2006.- 21 oktyabr.- S. 15.