Böyük müğənninin xatirəsi

 

Sentyabrın 26-da Azərbaycan peşəkar vokal sənətinin banisi, böyük müğənni Bülbülün ölümündən 45 il keçir.

Həmin gün Bülbülün ailə üzvləri, ictimaiyyətin nümayəndələri Fəxri Xiyabanı ziyarət edərək, unudulmaz müğənninin məzarına gül-çiçək dəstələri qoymuşlar.

Bülbülün həyat yoldaşı Adilə xanım müğənninin xatirəsini anmağa gələnlərə ailəsi adından minnətdarlığını bildirmişdir.

Bu günlərdə "Bülbül vokal sənətinin zirvəsidir" kitabı nəşr olunmuşdur. Nəşrə onun müasirlərinin xatirələri, həmkarlarının fikirləri, dostlarının məktubları, fotoşəkillər, Bülbülün xatirə muzeyi fondundan orijinal sənədlər daxildir.

Adilə xanım kitabın nəşrə hazırlanmasından danışaraq demişdir: "İstəyirdik ki, kitab ümummilli lider Heydər Əliyevin sağlığında çıxsın, lakin çatdıra bilmədik. O, Bülbülün yaradıcılığına fəaliyyətinə həmişə böyük diqqət yetirirdi". Prezident Heydər Əliyevin Sərəncamı ilə Bülbülün 100 illik yubileyi dövlət səviyyəsində qeyd olundu. Yubiley tədbiri Moskvada da keçirildi, Bakıda vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi təşkil edildi. Ümummilli liderimizin şəxsi təşəbbüsü ilə 1982-ci il iyunun 10-da böyük müğənni pedaqoqun ev muzeyi açılmışdır.

 

Respublika.- 2006. – 27 sentyabr.- S .2.