Nəzakət

 

Qara Qarayev-90

 

Budapeştdə yubileyə həsr edilmiş konsert olub

 

Bu günlərdə Budapeştin nüfuzlu "Duna Palota" salonunda Qara Qarayevin 90 illik yubileyinə həsr edilmiş simfonik musiqi konserti olmuşdur. Konsertdən əvvəl Azərbaycan klassik musiqisinin bənzərsiz xüsusiyyətləri barədə macar dinləyicilərinə məlumat verilmişdir. Konsertdə Dunay Simfonik Orkestrinə əməkdar incəsənət xadimi Yalçın Adıgözəlzadə dirijorluq edirdi.

Bu, tanınmış Azərbaycan dirijorunun Macarıstana ikinci səfəridir. Keçən il Azərbaycan səfirliyinin təşəbbüsü və dəstəyi sayəsində Dunay Simfonik Orkestrinin rəhbərliyi ilə azərbaycanlı musiqiçilər arasında müqavilə imzalanmışdır.

Macarıstanlı simfonik musiqi həvəskarları bu konsertə bütün biletləri xeyli əvvəlcədən almışdılar. Bu da Avropada Azərbaycan musiqi sənətinə marağın yüksək olduğunu göstərir.

Konsertdə Qara Qarayevin "Leyli və Məcnun" simfonik poeması, "Don Kixot" simfonik qravürləri, "İldırımlı yollarla" baletindən ikinci süita səslənmişdir. Bütün Avropada tanınmış macar müğənnisi, bənzərsiz soprano səsə malik olan İnqrid Kerteşi,  bəstəkarın A.S.Puşkinin sözlərinə bəstələdiyt "Gürcüstan təpələrində" və "Mən sizi sevirdim" lirik romanslarını ifa etmişdir.

Konsert çox uğurla keçmiş, gurultulu alqışlarla qarşılanmışdır. "Bis" sədalarına cavab olaraq "İldırımlı yollarla" baletinin final hissəsi ifa olundu.

Konsertdən sonra Dunay Simfonik Orkestrinin macar musiqiçiləri etiraf etmişlər ki, onlar Y.Adıgözəlzadə kimi peşəkar dirijorla  böyük məmnuniyyətlə işləmişlər. Dinləyicilər isə konsertdən aldıqları təəssüratı bölüşərək, həm Qara Qarayevin gözəl musiqisindən, həm də onun əla ifasından çox böyük zövq aldıqlarını vurğulayırdılar.

 

Səs.- 2007.- 18 dekabr.- S. 12.