Həşimova A.

 

Sərgi-müsabiqə

 


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tədbirlər planına müvafiq olaraq T.İsmayılov adına Bakı şəhər Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" rəsm qalereyasında şəhərin texniki və uşaq yaradıcılıq mərkəzlərində məşğul olan kiçikyaşlı məktəblilərin əl işlərindən ibarət yaradıcılıq sərgi-müsabiqəsi keçirilmişdir.

Sərgi-müsabiqədə 300-ə yaxın əl işi nümayiş etdirilmişdir. Tədbiri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin şöbə müdiri Q.Sultanova açmışdır. O, uşaq və yeniyetmələrə yaradıcılıq qabiliyyətlərinin bu sahədə inkişafı ilə əlaqədar lazımi şəraitin yaradıldığını və bundan sonra da mühüm işlər görüləcəyini qeyd etmişdir.

Sərgi-müsabiqənin açılışında T.İsmayılov adına Bakı şəhər UGYS-nın direktoru B.Ramazanova, Texniki Yaradıcılıq, Gənc Turistlər və Diyarşünaslıq mərkəzlərinin direktorları H.Qaralov, M.Həsənov və başqaları burada nümayiş etdirilən əl işlərinin əsl yaradıcılıq nümunəsi olduğunu bildirmiş, uşaq yaradıcılığının daha da inkişaf etdirilməsi üzrə səmərəli təkliflər söyləmişlər.

Yumşaq oyuncaqlar, hərəkətdə olan oyuncaqlar, təbii materiallardan hazırlanmış işlər, biçmə-tikmə və toxuma işləri nominasiyaları üzrə keçirilən sərgi-müsabiqədə T.İsmayılov adını Bakı şəhər UGYS-nın, Bakı şəhər Texniki Yaradıcılıq Mərkəzinin, Xətai, Qaradağ, Nərimanov, Nizami, Əzizbəyov (Pirallahı) və Səbail rayonlarının məktəbdənkənar tərbiyə müəssisələrinin yetirmələrinin əl işləri daha çox fərqlənmişdir.

Nominasiyalar üzrə qalib gəlmiş məktəblilərin əl işləri respublika final mərhələsinə təqdim edilmişdir.

Bütün qaliblər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin diplomları ilə təltif olunmuşlar.

 

Azərbaycan müəllimi.- 2007.- 2 fevral.- S. 6.