Mirvari

 

 

Təmir olunan teatrlar

Tamaşalar başqa yerlərdə qoyulur

Yenidənqurma!

 

Hazırda Bakıdakı 4 mədəniyyət ocağında təmir-bərpa işləri aparılır. Prosesin yerdə olduğunu öyrənmək üçün həmin qurumlarla əlaqə saxladıq.
   Yaşıl Teatrın direktoru Eldar Xəlilov obyektin ötən ilin avqustundan təmirə dayandığını bu il mayın 10-da təhvil verilməsinin planlaşdırıldığını dedi. Onun sözlərinə görə, mədəniyyət ocağının layihəsi türklər tərəfindən hazırlanıb: "Yeni layihəyə əsasən, bina əvvəlki memarlıq üslubundan tam fərqli şəkildə quraşdırılacaq. Oturacaqlar artırılacaq, səhnə genişləndiriləcək. Rəng çalarlarına, ifaya uyğun olaraq səhnəni daha da rövnəqləndirmək üçün onun kənarlarını su əhatə edəcək. Belə bir yenilik hələ bizim ölkəmizdə tətbiq olunmayıb. Bu, almanların təcrübəsindən götürülüb. Bir sözlə, yenidənqurma işləri sıfırdan başlayıb tamaşaçıları tam fərqli memarlıq üslubunda olan binada qarşılayacağıq".
   E.Xəlilov tikinti işlərinin Bakı şəhər İcra Hakimiyyətinin Baş Tikinti İdarəsi tərəfindən aparıldığını da bildirdi: "Bütövlükdə tikinti işlərinə 4 milyon 468 min 891 manat pul ayrılıb".
   Təmir aparılan digər mədəniyyət ocağı isə Gənc Tamaşaçılar Teatrıdır. ?lkə prezidentinin göstərişi ilə bu teatrın təmiri üçün vəsait ayrılıb hazırda qızğın işlər gedir. 2006-cı ilin noyabrından start verilən təmirin 2008-ci ilin aprel ayında yekunlaşacağı planlaşdırılıb. Teatrdan verilən məlumata görə, hələlik yaradıcı heyətin hazırladığı tamaşalar müxtəlif məkanlarda, o cümlədən Azərbaycan Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulur.
   Balacaların sevimli məkanı olan Kukla Teatrında da təmir işlərinə noyabrdan başlanılıb. Teatrın direktoru Rəhman Quliyevin sözlərinə görə, balacalar bu ilin sentyabrında təmir olunmuş yeni binada tamaşalara baxa biləcəklər: "İnzibati işçi heyəti hazırda dövlət tərəfindən kirayə tutulan ofisdə məskunlaşıb. Yaradıcı heyət isə müxtəlif məkanlarda məşq edir tamaşalar səhnələşdirir. Hazırda məktəblərdə uşaq bağçalarında səyyar tamaşalar veririk".
   "Nurgün" şirkətinin noyabrdan təmir apardığı Rus Dram Teatrında da sürətli gedir. Həmin teatrda da yaradıcı heyət fəaliyyətini dayandırmayıb. Teatrın truppası hazırda Dənizçilərin Mədəniyyət Evində tamaşalar səhnələşdirir. Bu cür şəraitdə onlar 12 tamaşa təhvil veriblər. uşaqların mart tətili üçün yeni tamaşa hazırlanır.

 

Həftə içi.-2007.-21 fevral.-S.8.