İkinci səs

 

Tamaşada insanın vicdan qarşısında etirafı ifadə olunur

 

Bu günlərdə Akademik Milli Dram Teatrında Bəxtiyar Vahabzadənin "İkinci səs" iki hissəli dramının tamaşası oldu. Tamaşanın quruluşçu rejissoru xalq artisti Ağakişi Kazımov, quruluşçu rəssamı dövlət mükafatı laureatı Rafis İsmayılov, bəstəkarı Əvəz Muradov, rəqslərə quruluş verən

Zakir Ağayevdir. Rolları əməkdar artist Sabir Məmmədov (Rəşad), əməkdar artist Kazım Abdullayev (2-ci Rəşad), xalq artisti Məleykə Əsədova (Arzu), əməkdar artist Sevinc Əliyeva (2-ci Arzu), xalq artisti Hacı İsmayılov (Şükür bəy), Şəhla Əliqızı (Məlahət), Elşən Cəbrayılov (Fikrət), Ləman İmanova (Sənəm), xalq artisti Elxan Ağahüseynoğlu (Müavin) məktəbli Xədicə Novruzlu (İradə), Ziba Ramazanova (Tibb bacısı) və başqaları ifa edirlər.

Əsərin məğzində duran əsas xətt onu ifadə edir ki, insanın daxili aləminin mürəkkəbliyi bütün təzadlı durumuna baxmayaraq həm də etiraf etmək imkanına malikdir. Əsas obraz olan Rəşad elmi-tədqiqat institutunda tanınmış alimdir. O, həyatının çətin mərhələsinin bundan sonra yaşayır. Baxmayaraq ki, güzəranını yaradıb, amma Rəşadın həyatında ən fəlakətli məqam mənəvi əzablarla bağlıdır. Rəşad 12 ildir ki, ailə qurub, onun İradə adlı bir qızı var. Həyat yoldaşının adı isə Həyatdır. Qadını Rəşadı bir ər kimi sevir, onun hər sözü Həyat üçün qanundur. Həyat yaxşı anadır, hər an ailəsinin xoşbəxtliyi üçün yaşayır. Lakin sonrakı gedişat göstərir ki, Rəşadın ailəsindən soyumasında Həyat da səhvlər edib.

Rəşad gənc həkim qız Arzunu sevir. Arzu illərlədir ki, Rəşad tipli bir insan axtarırmış. O, nəhayət, Rəşadın timsalında istədiyini tapıb. Lakin həm Rəşad, həm də Arzu zahirən özlərini xoşbəxt hiss etsələr də, hər ikisi daxilən hədsiz narahatdırlar. Rəşad ardıcıl olaraq "azad sevgi uğrunda" hər şeydən, hətta ailədən keçəcəyini nümayişkaranə şəkildə bəyan edir: əslində bu barədə Arzuya qəti sözünü deyir, lakin camaat içərisində bu barədə danışılmasının qəti əleyhinədir. Bu, surətin daxilən tərəddüdlü, özünəinamsız olmasından irəli gəlir. Görəsən, Rəşadı sevdiyinə görə qınamaq nə dərəcədə mümkündür? Rəşada bəraət qazandırmaq olarmı? Hər halda sevgi hədsiz gözəl duyğudur. İnsanların biri-birlərini sevmələrinə qadağa qoyula bilməz. Lakin inasanların çiyinlərinə götürdükləri məsuliyyət, insani borcları mənəvi məsuliyyət kimi hər şeydən öndə dayanır. Rəşadın tərəddüdlü vəziyyətinin kökündə o dayanır ki, Arzunu sevdiyi dərəcədə həm də qızı İradəni sevir. Düzdür, tamaşanın sonuna qədər də onun daha çox Arzuya meylli olduğu görünür. Lakin sonda Rəşadın bir ata, ailə başçısı olaraq sevgisi daha üstün gəlir.

Əslində təsvir edilən Rəşad obrazı vəziyyəti anlamaq baxımından Arzu ilə müqayisədə naqisdir. Belə ki, dramaturqun ikinci obraz qismində yaratdığı xəyali obrazlar həm Rəşadın, həm də Arzunun vicdanı qismində çıxış edirlər. "İkinci" surətlər hədsiz inadlı, yetkindirlər. Təsadüfi deyil ki, "İkinci Rəşad" özünü Rəşada ona "kənardan baxan vicdanının səsi" kimi təqdim edir. Rəşada dəfələrlə məntiqi suallar verir, cavab almağa çalışır. Vicdanın səsi: "İnsanlar məndən qaçanda cinayət törədirlər"-deyir. İlk söhbətlərdə vicdanın hökmü hiss edilməsə də, sonradan artıq o, Rəşad tərəfindən anlaşılmağa başlayır.

Rəşad hər yerdə tikan üstündə oturmuş kimidir. Digər tərəfdən də o, qadını Həyata qarşı getdikcə soyuyur. Qadını keçirdiyi streslərdən xəstəxanaya düşür. Rəşad o dərəcədə "imtinaya" çatır ki, qadınının həkimə aparılmasına belə laqeyddir. Həyatı klinikası olan qardaşı Fikrət xəstəxanaya çatdırır, onu müalicə edən isə Rəşadın sevgilisi Arzu olur. Bu məqamda hadisələr getdikcə düyünlənir. Arzunun ürəklə Həyatı müalicə etməsi, onun daxili çırpıntılarına səbrlə qulaq asıb məsləhətlər verməsi tamaşaçıda bu surətə qarşı rəğbət yaradır. Bütün hallarda Həyatı Rəşaddan daha yaxşı anlayan Arzudur. Arzu bütün gücünü toplayır ki, onu içəridən didib-dağıdan təzadlı-tərəddüdlü məqamlara üstün gəlsin. Sonda o, bunu bacarır. Qadınının xəstə yatmasından neçə gün sonra qızının zəngi ilə gəlib çıxan Rəşad Arzunun Həyatı müalicə etməsini anlaya bilmir, qadınınını acılayır. Digər tərəfdən Həyatın qardaşı, doktor Fikrətin Arzunu sevməsi onun hələlik mövcud faciəli durumundan xəbər verir. Görəsən, Arzu Fikrətin sevgisinə nə vaxtsa cavab verəcəkmi? Bu, bilinmir. Təsəvvür etmək belə olmur. Çünki Arzu doğrudan da Rəşadı ürəkdən sevir. O, məhz insanlıq naminə sevgisindən imtina edir. Həbsxanadan çıxmış Sənəm adlı Həyatın uşaqlıq qonşusunun hədələrinə, böhtanlarına rəğmən Arzu özünü təmkinli aparır, Rəşada bəhanə verə biləcək Sənəmdəki məktubu əldə edərək Həyata qaytarır.

Bütün bunlar bizə həyat, dünya, ailəçilik ənənəsi barədə daha ciddi düşünməyə əsas verir. Təəssüf ki, əksər hallarda adamların bu məsələlərdə ciddi davranmaması müşahidə edilir. Nəticədə ailələrin təməli sarsılır, insanların sonrakı peşmançılığı fayda vermir. Tamaşada xüsusən əsas surətlərin etirafları düşündürücüdür. İnsan özü ilə üz-üzə qalırsa, daxili aləmini özünə inamlı səviyyədə və güzəştsiz təhlil edirsə, deməli, doğru, düzgün qənaətə gələ bilir. Bu mənada müəllifin əsas surətlərin "ikinci obrazını" yaratması təqdirəlayiqdir. Bu ənənə klassik dramaturgiyada mövcuddur. Azərbaycan dramaturgiyasında daim bu məqamdan istifadə edilməsi şübhəsiz, bundan sonra da effekt verəcək.

Tamaşanın sonunda Arzunun qapı açmaması səbəbindən qapı arxasında qalan Rəşad özünə iradəli olmaq arzulayır. Bu zaman onun səsinə qızı İradə gəlir. Burada həm də rəmzilik var. Ümumiyyətlə, Rəşadın həm sevgilisinin, həm həyat yoldaşının, həm də qızının adı rəmzi seçilib. Tamaşadan çıxan ümumi qənaət isə belədir: insan daxili tərəddüdlərini yaşatdığı dərəcədə var olmur, balaca duyğularının əsirinə çevrilir. Elə ki, o, daxilən bütövləşir, tərəddüdlərdən azad olur, ailəsinə, ətrafına münasibəti də dəyişməz, davamlı qalır.

Hər bir insanın daxilində ikinci bir "mən" var. İnsanınn daxili dünyasından gələn səsin hökmü qəti, amansız olur. O səsin tələbinə uyğun yaşayanlar həmişə fərəhli olurlar

 

Xalq cəbhəsi.-2007.-28 fevral.-S.15.