Teymur Göyçayev İnsanlara klassik musiqiyə qulaq asmağı öyrətmək lazımdır

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və dirijoru, xalq artisti Teymur Göyçayevin APA-ya müsahibəsi
- Sizcə, çağdaş bəstəkarların klassik musiqi janrına az müraciət etməsinin səbəbi nədir?
- Əsas səbəb bu gün aşağı səviyyəli musiqiyə üstünlük verilməsidir.
Məhz bu səbəbdən də ciddi musiqi nəzərə çarpmır. Amma demək olmaz ki, klassik musiqilər yoxdur. Bu yaxınlarda keçirilən Azərbaycan Bəstəkarlar İttifaqının qurultayında da xoşagəlməz əsərlər var idi, ancaq bununla yanaşı effektli əsərlərin olduğunu dana bilmərik. Əsl sevindirici hal gənc bəstəkarların olmasıdır. Düzdür, bu məsələdə maddi stimul da olmalıdır.
- Maddi problem kimlər tərəfindən və hansı yollarla həll oluna bilər?
- Bu problemin tək dövlət strukturları tərəfindən çözülməsi çətindir. Əlbəttə, müəyyən kömək lazımdır. Azərbaycan Mədəniyyətinin Dostları Fondu bu məsələdə bəstəkarlara çox köməklik edir. Əgər belə fondlar çox olsa, onda maddi problemlər yavaş-yavaş həll olunacaq.
- Bayağı musiqilərini üstünlük təşkil etməsini nə ilə əlaqələndirirsiniz?
- Toyxana musiqiləri ilə daha çox və tez pul əldə olunur. Hətta istedadlı gənclər belə, bu səbəbdən o yola üz tutublar. Televiziya kanallarında hər gün göstərilən şou-biznes adlandırılan bir aləmin nümayəndələrinə baxanda adam xəcalət çəkir. Ancaq klassik, ciddi musiqi ilə məşğul olanlar çox aşağı əmək haqqı ilə dolanır və əsil musiqiyə xidmət edirlər. Onların sayı azdır, mədəniyyətin ağır yükünü də bu insanlar öz çiyinlərində daşıyırlar. Professional musiqiçilər onlara baxanda həyəcan keçirir və əsəbiləşirlər.
- Azərbaycan tamaşaçısının klassik musiqiyə hazırkı marağı Sizi nə dərəcədə qane edir?
- Həm Kamera, həm də Simfonik Orkestrin konsertləri çox vaxt anşlaqla keçir. Klassik musiqini xalq çox gözəl başa düşür, xalqa bu musiqi lazımdır. Xalqın zövqünün korlanmasında əsl təqsiri bayağı musiqiyə üstünlük verən və belə musiqiləri reklam edən televiziya kanallarında görürəm. Televiziya kanalları həmin musiqiləri populyarlaşdırır. Musiqiçi olmaq üçün çox böyük əmək tələb olunur və böyük məktəb keçmək lazımdır. Bu gün telekanalda Qara Qarayevin musiqisini səsləndirsən, çox tamaşaçılar kanalı dəyişdirəcək. Çünki bu günə kimi klassik musiqiyə qulaq asmayıblar və buna görə də belə musiqi tamaşaçının xoşuna gəlmir. Klassik əsərləri dinləmək çox çətindir, ictimaiyyətə bu musiqilərə qulaq asmağı öyrətmək və insanların zövqünü əsil musiqiyə yönəltmək lazımdır.
- Bəs zövqlü tamaşaçıları necə yetişdirmək lazımdır?
- Bu məsələdə biz təqsirkarıq. Ona görə ki, klassik musiqiləri tamaşaçıya dinlədə bilmirik. İnsanlar filarmoniyaya gəlmirsə, biz onların ayağına getməliyik.
- Sizcə, bayağı musiqi ilə məşğul olan sənətçilərin sonu necə olacaq?
- Hazırda onlar çox gözəl səviyyədə qarşılanır, parlayırlar. Ancaq onların hamısı birgünlükdür. Radio və televiziyada gün ərzində 100 dəfə verilən musiqi əlbəttə yadda qalar. Yaxşılar hər zaman kölgədə qalır, ancaq pis hər zaman öndə olur. Sənətdən başı çıxmayanlara reklam lazımdır. Pislər ekran və radioları pulla alır. Bu heç də yaxşı hal deyil. Gərək televiziya və radioda ilk öncə yaxşı musiqi göstərilsin. Evrovisiondan danışanlar bilmirlər ki, bizdə bu cür yüksək səviyyə yoxdur. Təkcə Azərbaycanda oturub mən birinciyəm demək düzgün deyil.
- Dirijorluq məktəbinin bugünkü aqibətindən razısınızmı?
- Bizim çox gözəl dirijorlarımız var. Korifeyimiz Rauf Abdullayevdən tutmuş, Yalçın Adıgözəlov, Fəxrəddin Kərimov, Əyyub Quliyev çox gözəl məktəb keçiblər. Bizdə fəxr ediləcək səviyyədə dirijorların olması yaxşı haldır. Dirijorlarımızın səviyyəsi xarici ölkələrdən Azərbaycana konsert vermək üçün gələn dirijorlardan heç də aşağı deyil.
- Teymur Göyçayev Azərbaycanda dirijorluq məktəbinin inkişaf etməsi üçün tələbə yetişdirirmi?
- Hazırda Rəşid Behbudov adına 2 saylı musiqi məktəbinin 10-cu sinfində oxuyan Firuzə Xəncəlova və Narın Musayeva adlı iki tələbəm var. Eyni zamanda, mən uşaqlardan ibarət Gənc Simfonik Orkestrinə rəhbərlik edirəm. Hazırda həmin orkestrlə böyük proqram hazırlayırıq. Dekabrda yeni konsert proqramı ilə çıxış edəcəyik. Üzeyir Hacıbəyovun əsərlərini, Motsartın 1-ci fortepiano konsertini ifa etmək istəyirik. İkinci bölmədə isə qonaqlara sürpriz etmək istəyirik.
- Tələbələrinizdən razısınızmı?
- Mən heç vaxt nə özümdən, nə də tələbələrimdən tam razı qalmamışam. Musiqi böyük bir dəryadır ki, orada kiminsə fəaliyyətindən tam razı qalmaq mümkün deyil. Həmişə daha yüksək səviyyəyə can atırıq. Elə bir konsert olmayıb ki, mən öz çıxışımdan razı qalım. Mən o konsertlərə öz qulağımla qulaq asıram. Özümün eşitmək istədiyim bir səviyyə var və hələ o səviyyədə çıxışım olmayıb...
- Teymur müəllim, bir müddət əvvəl kontrabas, violonçel, nəfəs alətləri üzrə tələbələrin yetişdirilməməsi ilə bağlı problemlər var idi. Hazırda durum nə yerdədir?
- Problem davam edir və bu alətlər üzrə bu gün də tələbələr yetişdirilmir. Bizdə kontrabasa komik alət kimi baxırlar. Mən bir neçə dəfə musiqi məktəblərinin direktorlarına bu məsələ ilə bağlı müraciət etmişəm ki, ilk növbədə bu alətlər üzrə tələbələr yetişdirsinlər. Sabah bununla bağlı ciddi problemlər yaşaya bilərik. Artıq Simfonik Orkestr bu problemlə rastlaşır. Mənim də orkestrimdə violonçellər çatışmır. 10-15 il irəliyə baxmaq, bu alətlərdə ifa edə bilən tələbələr yetişdirmək lazımdır. Bu problemi musiqi məktəbləri həll etməlidir.
- Problem həll olunmasa, orkestrlərimizin aqibəti necə olacaq?
- Sadalanan musiqi alətlərsiz orkestr fəaliyyət göstərə bilməz. Problem həll olunmadığı təqdirdə Türkiyə kimi bizdə digər xarici ölkələrin musiqiçilərinə 2000-3000 pul verib buraya gətirəcəyik. Türkiyə öz problemini belə həll etdi. Biz Üzeyir bəyin yaratdıqlarını itirə bilərik. Vaxtilə Simfonik Orkestrimiz çox güclü idi, çünki burada çox gözəl müəllimlər var idi. Ancaq indi müəllim çatışmazlığı hökm sürməkdədir. Gərək çatışmayan alətlər üzrə mütəxəssislər cəlb olunsun. Bu gün orkestr var, bəs 5 ildən sonra necə olacaq? Bunu düşünmək lazımdır. Uşaqlarla düzgün işləmək lazımdır.
- Sizcə, yerli musiqiçilərimizin maddi problem yaşadığı bir dövrdə kənar musiqiçilərə yüksək vəsait verərək buraya gətirmək düzgün addımdır?
- Əlbəttə, düzgün deyil. Ancaq bizimkilər o səviyyədə musiqiçilər yetişdirmirlər axı... Yetişənlər də müəllimlik edib özlərini çətinliyə salmaq istəmirlər. Bildiyini öyrətmək istəməyən gözəl sənətkarlarımız da var. Konservatoriyadan elə şikəst tələbələr buraxırlar ki, onları ümumiyyətlə musiqi məktəblərinə buraxmaq yanlışdır. Onlar öyrətmək əvəzinə, əksinə uşaqları məhv edirlər. O qədər skripkaçı olub ki, müəllimi düzgün öyrətmədiyi üçün aləti düzgün tutmayıb. Mən skripkaçıyam və ancaq bu alətdə səhvi tuta bilərəm. Bu məsələyə ciddi baxmasaq, sonumuz faciə olacaq. Əgər dövlət pul ayırsa, Moskvadan, Sankt-Peterburqdan mütəxəssislər cəlb edəcəyik. Dövlətin inkişafı mədəniyyətlə bağlıdır. İstəyərdim ki, mədəniyyətə daha çox qayğı göstərilsin.
- Azərbaycan mədəniyyətinin dünya səhnəsində təbliğinin səviyyəsi Sizi qane edirmi?
- Çox şükür ki, son zamanlar Azərbaycan musiqisinin beynəlxalq səviyyəyə çıxması üçün şərait yaradılıb. Azərbaycanın klassik musiqisi haqqında məlumatı olmayan ölkələrdə son dövrlər bir-birinin ardınca konsert proqramları ilə çıxış etmişik.
- Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından bir sıra qocaman sənətkarların uzaqlaşdırılması məsələsinə münasibətiniz necədir?
- Bütün ölkələrin opera teatrlarında yaşı repertuara uyğunlaşa bilməyən aktyorlar məsləhətçi kimi teatrda saxlanılırlar. Bu, təbii prosesdir. Leylinin partiyasını 70 yaşlı qocaman sənətkar oxuya bilməz. Yəni yaşa görə rollar var. Həmin sənətkarlarımıza yaxşı təqaüd verib, yola salıblar. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyində professionallar oturub. Yəqin onlar nə etdiklərini bilirlər. Bu, sırf musiqi ilə bağlıdır, kimisə teatrdan qovlamaq məqsədi daşımır.
- Teatrların yay mövsümündə qapanmasını düzgün hesab edirsiniz? Bu qrafiki dəyişmək mümkün olarmı?
- Sovet dövründə yay aylarında teatrların, filarmoniyanın kollektivləri Kislovodsk, Soçi kimi şəhərlərə qastrola gedirdilər.
Yayda teatra gələcək tamaşaçı tapmaq çox çətin məsələdir

 

İki sahil.- 2007.- 31 iyul.- S. 6.