Naxçıvan Ədəbiyyat Muzeyi - 40
Elm və mədəniyyət məbədi

 

40 il bundan əvvəl fəaliyyətə başlayan Cəlil Məmmədquluzadə adına Naxçıvan Ədəbiyyat Muzeyi xalqımızın milli-mənəvi dəyərlərinin toplanması, elmi cəhətdən işlənməsi, yayılması, muzeyə gələn tamaşaçılara məlumat verilməsi sahəsində diqqətəlayiq işlər görmüşdür.
Böyük yazıçı, mütəfəkkir, ictimai xadim, Molla Nəsrəddin jurnalının yaradıcısı Cəlil Məmmədquluzadənin 100 illik yubileyinin Azərbaycanda geniş surətdə qeyd olunduğu günlərdə 1967-ci il iyun ayının 12-də Azərbaycan hökumətinin qərarı ilə Naxçıvan şəhərində Azərbaycan Ədəbiyyatı Muzeyinin açılışı oldu və muzeyə böyük Cəlil Məmmədquluzadənin adı verildi.
Naxçıvanda çıxan Şərq qapısı qəzetinin12 iyun 1967-ci il tarixli sayı bütövlükdə yubilyara həsr edilmişdir. Qəzetin ilk səhifəsi Şərqin azadlıq carçısı baş məqaləsi ilə başlanırdı. Məqalədə oxuyuruq: Bu gün biz Cəlil Məmmədquluzadənin 100 illiyini qeyd edərkən eyni mənzərənin şahidi oluruq. Onun yazıçı, jurnalist, mütəfəkkir kimi böyüklüyü ondadır ki, o, bütün fəaliyyəti boyu öz xalqını, bütün insanlığı düşündürən, narahat edən məsələlərlə məşğul olmuşdur. Görkəmli söz ustası və böyük vətəndaş Cəlil Məmmədquluzadə öz əsərləri ilə Azərbaycan ədəbiyyatının inkişafına, ictimai dünyagörüşünün müəyyənləşməsinə çox böyük və qiymətli xidmət göstərmişdir. Azərbaycan xalqının öz böyük oğlu və sənətkarı Cəlil Məmmədquluzadəyə məhəbbəti hədsizdir... Qəzetdə həmçinin C.Məmmədquluzadənin 100 illiyinə həsr edilmiş yubiley tədbirlərinin proqramı dərc edilmişdir. Yubiley tədbiri iştirakçıları akademiklər Həmid Araslı, Məmməd Cəfər Cəfərov, Abbas Zamanov, xalq şairləri Süleyman Rüstəm, Balaş Azəroğlu, Mədinə Gülgün, xalq rəssamı İsmayıl Axundov, M.T.Sidqinin oğlu Məmmədhəsən Sidqi, nəvəsi Sidqi Səfərov və digər mədəniyyət, elm və ədəbiyyat xadimləri, Naxçıvan Muxtar Respublikasının yazıçı və şairləri, elm adamları, qabaqcıl ziyalıları, ictimaiyyətin və Muxtar Respublika rəhbərliyinin nümayəndələri yubiley mərasimlərində və muzeyin açılışında iştirak etmişlər.

 

Ədəbiyyat qəzeti.-2007.-13 iyul.-S.1-2.