Mükərrəmoğlu M.

 

Ömrün yaxın, uzaq sahilləri

 

Xalq artisti Nodar Şaşıqoğlunun 80 yaşı tamam oldu
Düz 80 il bundan əvvəl Acariyanın Batumi şəhərində dünyaya bir uşaq göz açmışdı. Bir az dəcəl, bir az zirək bu uşağın gələcəkdə aktyor olacağını kimsə ağlına da gətirməzdi. Orta təhsilini Tbilisidə almışdı. Tale ona aktyorluq istedadı bəxş etmişdi və o da bu yolu seçdi. Moskvada Teatr İnstitutunu bitirdi. İlkin olaraq öz doğma Acariyasında yox, bu gün özünün doğma vətəni adlandırdığı Azərbaycanda teatr və kino aktyoru kimi tanındı. Nodar müəllimin yaradıcılıq bioqrafiyası həm də Rusiya ilə bağlı olub. O, Leninqrad (indiki Sankt-Peterburq), Moskva teatrlarında çalışmışdır. Amma Azərbaycanda mütəmadi olaraq filmlərə çəkilmişdi. 1955-ci ildə Tofiq Tağızadə Uzaq sahillərdə filminin çəkilişlərinə başlayanda Azərbaycanın qəhrəman oğlu Mehdi Hüseynzadə roluna aktyor axtararkən onunla qarşılaşmış və bu rolu ona həvalə etmişdi. Həm zahiri oxşarlıq, həm də Nodarın xarakterində Mehdiyə yaxınlıq tapmışdı. Beləliklə, Nodar Şaşıqoğlunu ilk dəfə kino üçün kəşf edən rejissor Tofiq Tağızadə sonradan bu seçimində yanılmadığına əmin olmuşdu.
Nodar Mixaylonu sevib yaratmışdı. Aktyor deyir: Mən ssenari ilə tanış olanda elə bil özümü görürdüm Mehdinin yerində. Onun qəhrəmanlığı ağlasığmazdır. O, istedadlı rəssam, cəsur kəşfiyyatçıdır. Doğrusu, tərəddüdlərim də olurdu. Bəlkə, istədiyim alınmadı. Kinoda ilk dəfə çəkilirdim. Amma xoşbəxtlikdən, mən bu qəhrəman insanın taleyini yaşaya bildim...
Çəkilişlər zamanı rejissor onu çox da incitmirdi. Çünki Nodar Şaşıqoğlu obrazı artıq özününküləşdirmişdi. Onunla yaşayır, onunla nəfəs alırdı. Filmə tamaşa edənlər yaxşı bilir ki, Nodar, həqiqətən, Mehdini sevərək yaradıb. Təpədən-dırnağa qədər qəhrəmanının roluna girə bilib. Onun ən kiçik hisslərini belə ekrana gətirməyə çalışıb. Bu çox ciddi məsələdir. Çünki aktyor özgə həyatını yaşayarkən müəyyən çətinliklərlə üzləşir. Ya xarakteri düz gəlmir, ya da müəyyən ştrixləri düzgün vermək mümkün olmur. Amma Nodar elə bil özünü oynayır. Siz filmdə onun üz cizgilərinə, hərəkətlərinə diqqət yetirmisinizmi? Elə bil qarşında əsl kəşfiyyatçı, rəssam dayanıb. Hansı epizodu götürürsən-götür onun ifası əvəzolunmazdır.
Romantik səhnələrdə Nodar Şaşıqoğlunun Mehdisi necə də təsirlidir. Mixaylo Anjelikanın portretini çəkərkən onun sifətindəki cizgilərə diqqət yetirin. Bu, böyük aktyor işidir. Bu, böyük sənətkarın özgələşmək bacarığıdır.
Mehdi bizim kinomuzun çox uğurlu qəhrəmanlarındandır. Onun filmdə ifası isə Nodar Şaşıqoğluna əsl şöhrət qazandırdı. Bu gün Nodar Şaşıqoğlunun 80 illik ömrünün ən yaddaqalan hadisələrindən biri də məhz Mixaylonu yaratmasıdır.
Rejissor Tofiq Tağızadə deyirdi ki, biz Uzaq sahillərdə filmini çəkəndən sonra xeyli işlənilməmiş lentimiz qalmışdı.
Düşündük ki, onu da bir film edə bilərik. Beləliklə, Mateo Falkone filmi yarandı. Fransız yazıçısı Prosper Merimenin eyni adlı povestinin əsas götürdük baş rolda da Nodar Şaşıqoğlunu çəkdik. Burada da öz xalqına sədaqət, vətənpərvərlik, xarici işğalçılara qarşı mübarizə əzmi kimi mənəvi keyfiyyətlərdən söhbət açılır.
Nodar Şaşıqoğlu Moskvada işləsə Azərbaycan kinematoqrafçıların təkliflərini razılıqla qəbul edirdi. 1961-ci ildə ekranlara çıxarılan Səhər filmində ona Əzizbəyovun rolu həvalə edilmişdi. O bu rolu da özünəməxsus şəkildə ifa etmişdi. Ümumiyyətlə, Nodar Şaşıqoğlunun Səhər filmində yaratdığı Əzizbəyov obrazı Məşədi Əzizbəyovun ekrana gətirilən obrazlarının ən yaxşılarındandır.
Leyli Məcnun filminə onu rejissor Lətif Səfərov dəvət etmişdi. Məcnun rolunu yaratmaq aktyordan güclü istedad, səriştə tələb edirdi. Nodar Qeysin (Məcnun) rolunu oynamağa ilkin olaraq ehtiyat etsə , sonradan rolun bütün çalarlarını mənimsədi Məcnunu məharətlə yaratdı. Məcnun onun ifasında əsl aşiq, öz qəlbini, ruhunu Leyliyə vermiş divanədir.
Zakir (Telefonçu qız) müasir qəhrəmandır. Onu təmiz qəlblə sevən Mehribanın hisslərinə qarşı ilkin vaxtlarda biganəlik göstərsə , sonradan öz səhvini başa düşür bunu etiraf etməyə məcbur olur. O, Zakirin həyat tərzini tamaşaçıya real detallarla çatdırır. Aktyor bütün hərəkətlərində səmimi görsənməyə çalışır. Lakin daxili qüruru bəzən ona hadisələrin mahiyyətini dərk etməyə imkan vermir.
Telefonçu qız Nodar Şaşıqoğlunun yaradıcılığında çox mühüm tutur. O, bu filmdə sevən, öz məhəbbətini yüksək qiymətləndirən bir gəncdir. Bu filmdə onun ifaçılıq bacarığının yeni məziyyətləri üzə çıxır. təsdiq edir ki, romantik qəhrəmanların mahir ifaçısıdır.
Nodar Şaşıqoğlu Bizim küçə filmində Mehdi Hüseynzadə roluna çəkilib. Bu dəfə o kəşfiyyatçı rolundadır. Maraqlı burasıdır ki, burada da o, bir azərbaycanlı qızını xilas edir. Aktyorun ekranda son işi Sevinc buxtası filmində olub.
Nodar Şaşıqoğlu Moskva Leninqrad teatrlarında onlarca rus dünya ədəbiyyatı dramaturqlarının əsərlərində əsas rollar oynamışdır. Onu Rusiyada da çox sevirlər. Bu sənətkar ömrünün yetkin çağlarında Bakıda Rus Dram Teatrında aparıcı rollarda çıxış edib. Hazırda bu teatrda çalışır.
Bu böyük sənətkarın yaradıcılığı yüksək qiymətləndirilib. Xalq artisti fəxri adına layiq görülüb. Dəfələrlə müxtəlif təltiflər, mükafatlar alıb. Bu günlərdə isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Şöhrət ordeninə layiq görülüb.
Bu günlər ölkəmizdə onun 80 illik yubileyi qeyd olunur. Yaradıcılıq gecələri keçirilir, görüşlərə dəvət olunur. Ən əsası isə Dövlət Film Fondu Nodar Şaşıqoğlunun yubiley gecəsini keçirməyi qərara alıb.

Xalq qəzeti.- 2007.- 21 mart.- S. 8.