Məhərəmova T.
Səhnədə can verməyi arzulayan
aktyor
Və yaxud "Sail"
təxəllüslü Məmmədəli Əliyev
Hər il martın 8-də
evlərinə yığışıb onun ad
gününü bayram edərdilər. Süfrə
açılar, övladları, qohum-əqrəbaları bir
məclisdə cəm olardı. Onun üçün bundan
əziz gün olmazdı. Həmin gün ömrünün
xəzanına doğru yolda çətin və mənalı
həyatından ona yadigar qalan xatirələri dilə
gətirər, dillərdə əzbər olan
mahnılarını oxuyardı. O zaman
Məmmədəli Əliyevin gözəl ifasını
təkcə kiçik məclisə yığışan
əzizləri deyil, bütün insanlar sevərdi.
Dərdin avarası
Tanınmış
müğənni Töhfə Əliyeva qardaşı
Məmmədəli Əliyevlə bağlı
xatirələrinə lap uşaqlıq illərindən
körpü salır:
-
Atam Əliqulu kişi rəhmətə gedəndə
hamımız körpəydik, heç birimizin əli
çörəyə çatmamışdı. Ona görə
də atam bu dünyadan narahat köçdü. Onun
gümanı təkcə anam Xədicə xanıma
qalmışdı. Atam dünyasını dəyişən
gündən Xədicə xanım 7 körpəylə
bir dam altında yaşadı. Məmmədəli
uşaqların böyüyü idi. Anam onun da, balacaların
da ixtiyarını mənə tapşırmışdı. O,
hər səhər uşaqları yuxulu-yuxulu qoyub işə
gedirdi. Uşaqları da, ev-eşiyi də mənə
tapşırardı. Anam işdən qayıdana kimi
uşaqlara nəzarət edirdim. Deyirdi ki, qoyma
həyətə çıxsınlar, kim sözünə
baxmasa, cəzasını ver. Məmmədəli heç vaxt
nadinclik eləmirdi. Məni hamıdan çox istəyirdi.
İş-gücdə dadıma çatırdı.
Dükan-bazara da onu göndərirdim. İşimizi yerbəyer
eləyəndən sonra da başlayırdıq "Çilinkağac","Gizlənpaç",
"Qaçdı-tutdu" oynamağa...
Məmmədəli
balacalığından oxuyanıydı. Bu şirin səs ona
atamdan keçmişdi. Atamdakı səs Allah vergisiydi.
Avazıyla, dərvişliyi ilə əməlli-başlı
tanınırdı. Çoxusunun toyunu, xeyir işini o yola
vermişdi. Adına Dərviş Əliqulu deyərdilər. Məmmədəli də bir iş görən kimi
başlayırdı zümzümə eləməyə.
Özü də səsini atama oxşadırdı.
Həmişə anam deyərdi ki, atam oxuyanda
Məmmədəli oturub bir küncdə sakitcə qulaq
asırdı. Sən demə, atamın
hərəkətlərini, necə oxuduğunu bala-bala
yığışdırırmış. Mən də
Məmmədəlidən "oğurlayırdım". O,
oxuyanda bir yerdə gizlənir, qulaq asmağa
başlayırdım. Fikirləşirdim, görəsən,
mən də onun kimi oxuya bilərəmmi? Xəlvətə
düşən kimi onu yamsılayırdım.
Görəndə ki alınır, sevindiyimdən
atılıb-düşürdüm. O vaxtlar evimizə
Ağabacı Rzayevanın atası İsmayıl kişi
gəlib-gedirdi. O çalırdı, Məmmədəli
də oxuyurdu. Mən də, bacım Leyla da heyranlıqla qulaq
asırdıq. Məmmədəli həmçinin radioda Xan
Şuşinskinin, Seyid Şuşinskinin, Zülfü
Adıgözəlovun oxumalarına qulaq asmaqdan doymazdı.
Bir gün
oxumağından məktəbdə də xəbər tutdular.
Bir tədbir olan kimi gəlirdilər anamın
üstünə ki, qoy, Məmmədəli oxusun.
Müəllimləri anama bərk-bərk
tapşırırdı ki, nəbadə oğlunu başqa
sənətin dalınca düşməyə qoyasan. Ondan
yaxşı xanəndə çıxar. Bu sözü
Əhməd Bakıxanov da deyirdi. Əhməd müəllim
həm qonşumuz, həm də ailəmizə yaxın adam
idi. O görürdü ki, Məmmədəlinin böyük
istedadı var. Əhməd müəllim mənim də
səsimi bəyənmişdi. Həmişə evimizə
gələndə ordan-burdan söhbət eləyib, axırda
sözü fırladıb deyirdi, bu uşaqların qədrini
bilsəniz, yaxşı gələcəkləri olacaq.
40-41-ci
illər idi. Axır ki, Əhməd Bakıxanov bizi öz
ansamblına gətirdi. Qardaş-bacı bir yerdə oxumağa
başladıq.
Gözəl
səsindən əlavə, Məmmədəlinin şeir,
qəzəl yazmağı da varmış. Şeirlərini
"Sail" təxəllüsü ilə yazarmış. Bu
imzayla 300-ə yaxın şeir, qəzəl,
müxəmməs, təmsil, qoşmalar yazmışdı. Bu
sirri də o vaxt təkcə bacısı Leylaya
açmışdı. "Bir gün soruşdum ki, ay
Məmmədəli, niyə şeirlərini "Sail"
adıyla yazırsan? Qayıtdı ki, "Sail" avara,
dərdli deməkdi. Elə mən də dərdin avarasıyam"
- deyə Töhvə xanım söhbətinə davam edir:
"Fikir eləyirdi, kasıbçılığımızı
ürəyinə salırdı. Anamın
əzab-əziyyətinə dözə bilmirdi. Yazıq arvad
bizdən ötrü saçını kəsib satmışdı...
1942-ci ildə
Məmmədəlini cəbhəyə göndərdilər.
1945-də yaralanıb qayıtdı. Sonra Milli Dram Teatrına
işləməyə getdi. Mənsə daha oxumadım..."
Həmin
illərdə Məmmədəlinin ürəyinə bir sevda
da hakim kəsilmişdi. Xalası qızı
Böyükxanıma vurulmuşdu. Böyükxanım
Məmmədəligilə tez-tez gəlirdi. Oturub ordan-burdan
söhbət edərdilər. Axır vaxtlar nə Leylanın,
nə də Töhvənin Məmmədəlidən
gözü su içmirdi. Oğlan nəsə birtəhər
olmuşdu. Deyəsən, gözü Böyükxanımı
tutmuşdu, qızdan gözünü çəkə
bilmirdi. Yavaş-yavaş bacılar bir də ayıldılar
ki, Böyükxanımla Məmmədəli
əməlli-başlı sevişir. Bu sevda hamının
ürəyindən xəbər verir. Evlənirlər. Amma
çox keçmir ki, sözləri bir-birinə xoş
gəlmədiyindən bir yerdə yaşaya
bilməyəcəklərini başa düşüb
ayrılırlar.
Məmmədəli
Əliyev teatrda işləyərkən ikinci dəfə
ailə qurur. Teatrda görüb sevdiyi Zəhraxanım da
aktrisa idi. "Məmmədəli də gəlib evdə
demişdi ki, istədiyim qız var. Anamın ağzını
arayırdı, görsün nə deyir. Anam da
qayıtmışdı ki, elə şey yoxdur. Bu dəfə
qızı özüm bəyənəcəyəm.
Birincidən gördüyümü görmüşəm. Bir
gün hamımız evdə oturmuşduq. Qapı
açıldı, gördük, Məmmədəli bir
qəşəng qızın əlindən tutub içəri
girdi. Hamımız məətəl qaldıq. Anam daha bir
söz demədi. Sonra xudmani məclis quruldu, qohum-əqrəba
cavanların başına yığıldı. Dünyaya 5
uşaq gətirdilər. Bir-birindən gözəl..."
"Nə
eşq olaydı, nə aşiq..."
Məmmədəli
Əliyev düz 22 il teatrda çalışır.
Neçə-neçə maraqlı, istedadlı aktyor
nəsli ilə tuş düşür. Əksər
tamaşalarda oxuyur. "Xosrov və Şirin"də
Ozanı, "Qatır Məmməd"də
Aşığı, "Vaqif"də Xanəndəni,
"Hind gözəli"ndə Arabaçını,
"Şeyx Sənan"da Kor Ərəbi oynayır. Kor
Ərəbin mahnısı bir səs-küy qoparır ki,
gəl görəsən... Deyirdi, mən o mahnını oxuyub
qurtaran kimi Bülbül səhnəyə çıxdı,
əllərimi sıxıb dedi ki, sağ ol
Məmmədəli, nə gözəl oxudun!
Bu
rol üzərində M.Əliyev çox ciddi
çalışmışdı. Tamaşanın
müvəffəqiyyətlə hazırlanmasında heç
şübhəsiz, görkəmli reyissor Adil
İsgəndərovun ciddi əməyi vardı.
Tamaşanın musiqisini Fikrət Əmirov kimi məşhur
bir bəstəkar yazmışdı. Bu mahnı hələ
əsərin məşqləri zamanı tamaşanın
müvəffəqiyyətli olacağından xəbər
verirdi. Doğrudan da "Şeyx Sənan" nəinki
Bakıda, eləcə də Tbilisi və Yerevan
qastrollarında böyük uğurlar qazanır.
Bir dəfə
bu rolu oynarkən Məmmədəlinin əlindəki ağac
əlindən düşüb yox olur. Kor rolu
oynadığı üçün aktyor gözünü
açıb heç yeri axtara bilmir. Gözlərini bir nöqtəyə
zilləyərək, əlini yerə sürtə-sürtə
ətrafı nə qədər axtarırsa, ağacı tapa
bilmir. Pərdə bağlanandan sonra da ağacı nə qədər
axtarırsa, tapa bilmir. Nəhayət, ağacı
səhnənin altında olan zirzəmidən tapıb
gətirirlər. Demə, ağac səhnədəki bayraq
sancmaq üçün nəzərdə tutulmuş kiçik
dairəvi deşikdən aşağı
düşübmüş.
Sonralar Rauf
Kazımovski Kor Ərəbin mahnısını ayrıca kino
lentinə çəkir, televiziya vasitəsi ilə
göstərirlər. Fikrət Əmirov də bu lenti
özü ilə Amerika səfərinə aparır.
Məmmədəli
Əliyev: "Yaradıcılığımın iki
parçası mənim həm təsəlli yerimdi, həm
də ağrımdı. Biri "Hind
gözəli"ndəki Arabaçının
mahnısıdır. Hərçənd
oxuduqlarımdan ən babatından söz
düşəndə mən də, qeyriləri də Kor
Ərəbin mahnısını xatırlayır, amma
nəsə hiss eləyirəm ki, ürəyimdə o Arabaçının
mahnısını daha artıq sevirəm. Çünki o
mahnıda yanğı, kövrəklik, hiss daha güclüdür.
Elə bil öz ömrümdür" - deyirdi.
Məmmədəli
Əliyev səhnədə can verməyi arzulasa da, kamına
çatmır, ömrünün sonlarına yaxın teatrdan
uzaqlaşır. O, səhnədən qocalıb getmir, yaş
artandan, səsdən qalandan sonra musiqidən əl
çəkmir. Hələ səhnəyə çox
çıxa bilərmiş. Özü gedəndən bir az
sonra lent yazıları gözdən, qulaqdan uzaq
düşür. Amma hər halda könüllərdən iraq
düşməyir.
Məmmədəli
Əliyev səhnədən uzaqlaşandan sonra yenidən
hərbi işə qayıdır. Özü bunu
yaşının ötməsi ilə
əlaqələndirsə də, səbəbi başqa idi.
"Bütün günü teatrdaydı. Aldığı
maaşı heç çörək puluna da bəs
eləmirdi. Bir yandan da qədir-qiymətini bilmədilər.
Məşqlərdən macal tapsaydı, toylara gedərdi.
Təki balaları korluq çəkməsin. Çox
götür-qoydan sonra fikirləşdi ki, teatrdan
çıxıb getsə yaxşıdır. 1968-ci ildə
qərarını verdi. Elmlər Akademiyasına işə
düzəldi. Hərbi kafedranın müdiriydi.
Müharibədə olduğu üçün hərbi
işdən başı çıxırdı".
Məmmədəli
Əliyevin hərbi işlə "dostluğu" cəmi 17
il çəkir. Bu illər ərzində həmişə
ürəyində nəğmə, musiqinin isti hənirinin
çatışmadığını hiss edirdi. Bəlkə
də ürəyindən qəfil qopan və onu həyatdan
ayıran ağrı da səhnədən perik
düşən "bülbül"ün
çatışmayan nəğməsi idi...
Unudulan
sənətkar
Məmmədəli
Əliyev gözəl ailə başçısı idi.
Övladları ilə fəxr etməyə haqqı vardı.
Hamısı onun yoluyla gedirdi. İndi övladları: "Bizim
musiqiçi olmağımızda atamızın rolu
böyük olub. Övlad həmişə atasına baxar"
- deyə fəxrlə bildirirlər.
"Atam
gözəl xanəndə olub. O, həmişə yuxudan durub
otaqda oxuyardı. İndiyə qədər onun səsi
qulağımdadır" - deyə oğlu İlqar Sail
xatırlayır: "Ancaq mənim oxumağımı
görmək ona qismət olmadı. Mən onda Hüseynağa
Hadıyev, Məmmədbağır Bağırzadənin
ansamblında zərb alətlərində müşayiət
edirdim. Ancaq evdə zümzümə edirdim. 90-cı ildə
birdən-birə zərb alətlərini kənara qoyub
oxumağa başladım".
İlqar Sail
atası tərəfindən məşhurlaşan "Kor
Ərəbin mahnısı"nın ermənilər
tərəfindən oğurlanıb klip
çəkilməsinə də münasibət bildirdi:
"Ermənilər bu mahnını oğurlasalar da, oxuya
bilməzlər. Oxumağa cürətləri çatmaz.
Mənə də çox deyiblər ki, bir övlad kimi
sən də bu mahnını ifa elə. İş
təkcə mahnını ifa eləmək deyil. Bu mahnı
atamın adı ilə bağlı olduğu üçün
məndən çox böyük məsuliyyət
tələb edir. Mən onu ifa eləmək üçün
ya yaxşı oxumalıyam, ya da yaxın durmamalıyam. Bu
mahnını oxuyanların hamısına hörmətim var,
necə bacarırlarsa, elə də oxuyurlar. Ancaq Kor
Ərəbin mahnısını Məmmədəli Əliyev
kimi oxumaq mümkün deyil".
İlqar Sail
atasının uzun illər "Azdrama"da
çalışmasına, daha doğrusu, teatrda can
qoymasına baxmayaraq, indiyə qədər bircə
dəfə xatırlanmamasından da gileylənir. "Atam 22
il bu teatrda çalışıb. Yaxşı rollarda
oynayıb, qastrollarda teatrı tanıdıb. Ancaq indiyə
qədər adına teatrda bir gecə keçirilməyib. Ad
gününü keçirməsələr də, istərdim
bir az diqqət yetirilsin".
Bu gün
Məmmədəli Əliyevi tanımayanları
qınamağa haqqımız yoxdur. Çünki yoxluqla
çox asanca barışan insanlar özü kimi onun
mahnılarını da unudublar. Mahnılarını eşitmək
arzusunda olanlardan ötrü səsləndirmək isə efir
üçün müşkülə dönüb...
Kaspi.- 2007.- 13 mart.- S. 16.