Hüseynzadə X.

 

Xalq yazıçısı Elçin Şekspir bəşəri problemlərin təcəssümüdür

 

ÜNS yaradıcılıq səhnəsində yeni tamaşanın məşqləri gedir

 

Buonarotti Mikelancelo deyib ki, incəsənət qısqancdır, o , insanın özünü bütünlüklə ona həsr etməsini istəyir. Xalq yazıçısı Elçinin yaradıcılığını diqqətlə nəzərdən keçirdikdə italyan rəssamı və heykəltəraşı B.Mikelancelonun bu fikrinin öz təsdiqini tapdığının şahidi oluruq. Azərbaycan mədəniyyətini – ədəbiyyatımızı və teatr sənətini çoxsaylı dəyərli əsərləri ilə zənginləşdirmiş Elçinin son dövrləri əhatə edən yaradıcılıq nümunələrinin bir çoxunun dünya teatr səhnəsində tamaşaçıların ixtiyarına verilməsi bir daha Azərbaycan ədəbiyyatının dünya səhnəsinə çıxmasına sübutdur... Elçinin bu gün teatr sənətində tutduğu mövqe əlahiddədir. Birmənalı qeyd etmək olar ki, M.F.Axundov, H.Cavid, C.Cabbarlı, İ.Əfəndiyev ənənələri Elçinin timsalında Azərbaycan teatrında çox ciddi surətdə davam və inkişaf etdirilməkdədir. Bu günə qədər teatr səhnələrində Elçinin bir çox əsəri tamaşaya qoyulub. Azərpaşa Nemətovun səhnəyə qoyduğu "Ah Paris, Paris", "Mənim ərim dəlidir", "Mənim sevimli dəlim" pyeslərinin Azərbaycan teatrında hadisəyə çevrildiyini qeyd etmək olar. Təkcə bu üç pyes Azərbaycan tənqidində yeni bir termin yaratdı: "Elçin teatrı". Bundan sonra Akademik Milli Dram Teatrında Elçinin 30 il bundan öncə yazdığı "Poçt şöbəsində xəyal" adlı tragikomediyası səhnəyə qoyulub. Onu da qeyd etmək yerinə düşərdi ki, Mehriban Ələkbərzadənin tamaşaya qoyduğu "Poçt şöbəsində xəyal"ın pərdə arxasında qalmasına səbəb sovet sisteminin senzurası olub. M.Ələkbərzadə sonra Akademik Milli Dram Teatrında "Qatil" faciəsinə uğurlu səhnə həyatı bəxş edib. Yazıçının digər əsərlərinə Gənc Tamaşaçılar Teatrında səhnə həyatı verilib: Romanlar əsasında yaranan "Mahmud və Məryəm", "Ölüm hökmü" və "Ağ dəvə" Loğman Kərimovun quruluşunda tamaşaçılara təqdim edilib. Hər üç tamaşa Gənc Tamaşaçılar Teatrının həyatında çox ciddi bir hadisəyə çevrilib. Elçinin əsərləri xarici ölkələrin səhnəsində də tamaşaya qoyulmaqla yazıçıya və Azərbaycan mədəniyyətinə uğur qazandırıb. Türkiyə Dövlət Teatrında "Mən sənin dayınam", "Mənim sevimli dəlim" və "Mənim ərim dəlidir" əsərləri səhnələşdirilib. Bu il fevralın 12-də İstanbulun Böyük Bələdiyyə Teatrında Elçinin "Qatil" tamaşasının qala-nümayişi keçirilib. "Ulduzlar altında cinayət" adı ilə səhnələşdirilən tamaşa müəllifin həmin teatrda səhnəyə qoyulan dördüncü əsəridir. Onu da deyək ki, 2006-cı il noyabrın 1-də premyerası olan "Ulduzlar altında cinayət" qala-tamaşaya qədər 80 dəfə oynanılıb. Bu, İstanbul teatr həyatında görünməmiş bir hadisədir. Hər bir əsəri ilə teatr sənətinə, mədəniyyətimizə yeni nəfəs bəxş edən Elçinin səhnəyə qoyulan bütün pyesləri tamaşaçıların teatra cəlb olunmasında böyük əhəmiyyət daşıyır. Onun mədəniyyətimizə növbəti töhfəsi "Şekspir" pyesidir. Professor Nərgiz Paşayevanın rəhbərlik etdiyi Üns Yaradıcılıq Səhnəsində tamaşaya qoyulan "Şekspir" tragikomediyası mistik-fantastik-absurd janrda qələmə alınıb. 4 aydan bəri məşq prosesi gedən "Şekspir" pyesi üzərində müxtəlif teatrlardan yığılan vahid ansambl çalışır. Öncə bir xatırlatma verim ki, Üns Yaradıcılıq Səhnəsi unudulmaz bəstəkarımız Tofiq Quliyevin mahnıları əsasında müzikl-tamaşa ilə fəaliyyətə başlayıb. Bundan sonra teatrın səhnəsində bir sıra qastrol tamaşaları oynanılıb. "Şekspir" Üns Teatrının ilk dramatik tamaşasıdır. Bu, həm "Şekspir"in premyerası, həm də Üns Yaradıcılıq Səhnəsinin dramatik tamaşa kimi ilk addımıdır. Tamaşada Akademik Milli Dram Teatrının aktyorlarından Səyavuş Aslan, Sənubər İsgəndərli, Şükufə Yusupova, Rus Dram Teatrından Məbud Məhərrəmov, Firdovsi Atakişiyev, Fuad Osmanov, Ayan Mirqasımova, Gənc Tamaşaçılar Teatrından Rafiq Əliyev rol alıblar. Musiqi tərtibatı da Nərgiz Paşayevaya məxsus olan tamaşanın quruluşçu rəssamı Nüsrət Hacıyev, quruluşçu rejissoru isə son 7-8 ildə özünü istedadlı teatr xadimi kimi Azərbaycan teatr səhnəsində təsdiq edən Bəhram Osmanovdur. Layihənin rəhbəri və bədii rəhbəri Üns Yaradıcılıq Səhnəsinin təsisçisi Nərgiz Paşayevadır. Absurd elementlərlə zəngin olan "Şekspir"də hadisələr ruhi-əsəb dispanserində baş verir. Cəmiyyətin dəli və ağıllı kəsimi bir daha üz-üzə qoyulur. Cəmiyyətdən təcrid olunmuş Stalinin, teatr yaratmaq həvəsinə düşən Sara Bernarın, Vanderprandur planetindən gələn 13-ün, Veneralının, həm qadın, həm kişi olduğunu düşünən Ər-Arvadın amalı bu cəmiyyətin normal qəbul etdiyi adamlardan – artıq öz həyatında heç bir maraq görməyən baş həkimdən, həkim qadından, xəstələrin yeməyini oğurlayan idmançı-sanitardan daha yüksəkdir. Başqa planetdən gəldiyini iddia edən 13 adlı xəstə insanların azğınlığını gördükdən sonra öz telepatik kanalını bağladığını deyir. Baş həkimlə – ağıllı ilə 13 adlı dəlinin dialoqu zamanı birinci məğlub olur... Yazıçı əsərin kulminasiyasında ağıllı-dəli münasibətləri tendensiyasının təzahürünə yeni aspektdən yanaşıb. Və bu da əsərin təsir gücünü, bədii keyfiyyətini daha da qüvvətləndirib. Müxtəlif psixoloji, dramatik, yumoristik səhnələrlə yadda qalan "Şekspir"də ən nəhayət, cəmiyyətin özündən təcrid etdiyi Sara Bernar öz arzusunu yerinə yetirir. Stalin insanlardan tövbə diləyir. Ər-Arvad inanır ki, həyatda bir şəxsin həm qadın, həm kişi olması mümkün deyil. Normal sayılan insanlar, həkimlər də möcüzəyə inanırlar. Əsərdə gəlinən qənaət budur ki, sən demə, XXI əsr insanının yaratdığı elm, texnika və sair anlayışlar yarımçıqdır. Ədəbi olan yaratdığımız mədəniyyətdir, Şekspirimizdir, tarixi abidələrimizdir! Yaradılanlar içərisində sənətdən canlı heç nə yoxdur! "İzm"lərin, yeniliyin üstündən xətt çəkmək olar, insanlıqla, mədəniyyətlə bağlı isə bu, mümkün deyil! "Şekspir" çox istedadlı teatr kollektivi tərəfindən səhnələşdirildiyindən yüksək peşəkarlıqla hazırlanıb. İnamla demək olar ki, yaradıcılığının kamil vaxtında belə bir janra müraciət edən Elçin dünya dramaturgiyasında "Şekspir"lə özünə layiq olan pilləni tutacaq. Bu ayın sonundan etibarən geniş tamaşaçı auditoriyasının ixtiyarına veriləcək "Şekspir"in məşqlərindən aldığım xoş təəssüratı əsərin müəllifi ilə bölüşmək istədim. "Şekspir"in yaranma zərurətini, səhnə həyatını müəllifin özündən eşitməyi daha məqsədəuyğun hesab etdim... Elçin absurd teatr ənənəsinin davamı kimi səciyyələndirilən "Şekspir"in onun daxili-mənəvi aləminin bir ifadəsi olduğunu dedi: "Düz deyirsiniz, burda absurd elementlər, fantasmaqoriya var. Amma bunların, yəni əsəri hansı janrda yazmağımın xüsusi əhəmiyyəti yoxdur. Burda əsas məsələ odur ki, mən öz daxili aləmimi ifadə edirəm. "Şekspir" mənim daxili tələbatımın, mənəvi ehtiyaclarımın üzə çıxardığı bir pyesdir və insanlar, bəşəriyyət haqqında düşüncələrimin ifadəsidir. Bu pyesi mən xüsusi olaraq Nərgiz Paşayevanın rəhbərlik etdiyi Üns Yaradıcılıq Səhnəsi üçün yazmışam. "Üns"ün fəaliyyətə başlamasından az bir müddət keçsə də, bu teatr Azərbaycanın mədəni həyatında özünə layiqli yer tuta bilib. Qeyd edim ki, Nərgiz xanım bir alim kimi mənim yaradıcılığıma yaxşı bələddir. Ədəbiyyatşünas alim, həm də zövqlü bir mədəniyyət xadimi olan Nərgiz xanımla bizim işgüzar-ədəbi əlaqələrimizin nəticəsi olaraq bu əsər yarandı və səhnələşdirildi. Xüsusilə qeyd etmək istərdim ki, zahirən Üns kompakt bir teatr olduğu kimi, bu teatrın daxilində bir zəriflik var. Mən "Üns" Yaradıcılıq Səhnəsinin həm də bu xüsusiyyətlərini nəzərə alıb "Şekspir"i yazdım. "Şekspir" bəşəri problemlərin təcəssümüdür". Hadisələrin cərəyan etdiyi ruhi-əsəb dispanseri bu əsərdə cəmiyyətə güzgü tutur. Nədən məkan kimi məhz ruhi-əsəb dispanserini seçdiyinə gəlincə, yazıçı bir neçə pyesində ruhi-əsəb dispanseri faktorunun mövcudluğundan söz açdı: "Dəlilik-ağıllılıq problemi tarix boyu ədəbiyyatda olub, kimin dəli, kimin ağıllı olduğu hələ axıracan sübuta yetirilməyib. Bu pyesdə də bir yerdə deyilir ki, axı kim müəyyənləşdirir, kim dəlidir, kim ağıllıdır? Bu yalnız Yaradana məlum ola bilər..." Teatrsevərlərin və Elçinin yaradıcılığını mütəmadi izləyənlərin nəzərinə onu da çatdırırıq ki, bu tamaşa Azərbaycan teatr sənətinin ənənələrinin küll halında təcəssümüdür. Akademik Milli Dram Teatrının, Rus Dram Teatrının və Gənc Tamaşaçılar Teatrının aktyorlarının bir araya gətirilməsi bu tamaşanı daha da baxımlı edib. Pyesin müəllifi kimi, müxtəlif teatr kollektivlərinin bu ilk işbirliyi yazıçıda xoş təəssürat yaradıb: "Bu tamaşada həm Azərbaycan, həm də Rus Dram Teatrının aktyorları oynayıblar. Azərbaycan teatrının öz dəsti-xətti, ənənələri var, Rus Dram Teatrının isə öz üslubu, bu teatrın aktyorlarının öz məktəbi mövcuddur. Bu tamaşa Azərbaycan teatr sənətinin sintez şəkildə təcəssümüdür. Düşünürəm ki, teatrlarımızın bu ilk işbirliyi bütün teatrsevərlər üçün maraqlı olacaq". Hazırda "Şekspir" tamaşasının qızğın məşqləri gedir. Bu, artıq son məşqlərdir. Martın 27-də tamaşaya ictimai baxış keçiriləcək, sənətşünaslar, mətbuat nümayəndələri Üns Teatrına dəvət ediləcəklər. Martın 28, 29, 30-da isə "Şekspir"in premyerası olacaq. Teatrsevərləri Üns Yaradıcılıq Səhnəsində yeni əsər, yeni tamaşa, yeni aktyor ansamblı, yeni bədii-estetik emosiyalar gözləyir.

 

525-ci qəzet.- 2007.- 15 mart.- S. 7.