Vokaliz Misirdə

 

Klip telekanallarda da nümayiş etdirilib

 

"Gəncliyin Gücü" İctimai Birliyinin nümayəndələri Misirdə keçirilən Gənclərin məşğulluq sammitindən qayıdıblar. Əldə etdiyimiz məlumata görə, bir çox ölkə nümayəndələrinin qatıldığı sammitdə Qarabağ həqiqətləri və gerçəkliyi barədə məlumatlar yayan təşkilat həm də mədəniyyətimizin təbliğatını aparıb. Bu barədə birliyin rəhbəri Rövşən Muradov məlumat verdi. O qeyd etdi ki, bu sammit 3 ildən bir müxtəlif ölkələrdə düzənlənir. Builki tədbir isə yuxarıda da qeyd etdiyimiz kimi, Misirdə keçirilib. Misirin birinci xanımı Suzana Mübarəkin rəhbərlik etdiyi Qadınların Beynəlxalq Sülh Hərəkatının dəstəyi ilə keçirilən tədbirin açılışı İsgəndəriyyə kitabxanasında olub. Bu böyük tədbirdə cəmi iki ölkənin videomaterialının yayımına icazə verilib ki, bu şərəfə layiq görülənlərdən biri də Azərbaycan nümayəndə heyəti olub. GGİB Azərbaycan musiqisinin zənginliyini bir daha nümayiş etdirmək üçün Brilliant Dadaşovanın "Vokaliz" klipini yayımlayıb.

Yeri gəlmişkən, sammit çərçivəsində düzənlənən Dünya Gənclərinin forumunda GGİB "Vokaliz" klipinin də daxil olduğu kompakt diskləri, eyni zamanda, Heydər Əliyev adına Fondun nəşr etdirdiyi "Qarabağ həqiqətləri" kitab dəstlərini 750-yə yaxın iştirakçı arasında paylayıb. R.Muradovun bildirdiyinə görə, diskdə Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ haqqında ingilis dilində hazırlanmış materiallar öz əksini tapıb və xüsusi olaraq sammit iştirakçıları arasında paylanmaq üçün hazırlanıb. Bir sözlə, mədəniyyətin gücü ilə Azərbaycanın güclü təbliğatı aparılıb. Misirin birinci xanımı Suzanna Mübarəkin tövsiyəsi ilə sammitdə işıqlandırılan materiallar televiziyada göstərilib və qəzetlərdə də bu haqda materiallar dərc edilib. "Vokaliz" klipi isə sırf sözsüz musiqi olduğundan və əvəzsiz ifadan irəli gələrək hər kəs tərəfindən maraqla qarşılanaraq İsgəndəriyyənin yerli telekanallarında nümayiş etdirilib. Hətta gənclər arsında daha çox sevilən əlaqə vasitələrindən biri olan blütuzun yardımı ilə tədbir iştirakçıları arasında sürətlə yayılıb.

Videomateriallar, klip və mədəni təbliğat güclü alındığından Misirin birinci xanımı Azərbaycan nümayəndə heyətini xüsusi olaraq qəbul edib və müəllifi olduğu "Gənclər Sülhə" mahnısının Azərbaycan dilində ifa olunmasına şəxsən icazə verib: "Qazanılmış uğurları nəzərə alaraq GGİB bu mahnını məhz Brilliant xanıma etibar edib. Və biz inanırıq ki, bu mahnı Azərbaycan dilində olmaqla Brilliant xanımın ifasında xüsusi rəğbət qazanacaq".

 

Kaspi.-2007.- 3-5 noyabr.- S. 17.