Qocayeva A.

Muğam və xalq mahnılarımızın mahir ifaçısı

Müsahibimiz Opera və Balet Teatrının solisti, Azərbaycan muğamlarının ustad ifaçısı və təbliğatçısı, Prezıdent təqaüdçüsü, xalq artisti Səkinə İsmayılovadır. Milli ifaçılıq və opera sənətinin inkişafında, gənc musiqiçi kadrların yetişməsində Səkinə xanımın xidmətləri misilsizdir. Onun səhnədə yaratdığı bir-birindən cazibədar və yaddaqalan obrazları opera tariximizi zənginləşdirmişdir. Muğam ifaçılığı sahəsində əldə etdiyi uğurlar gələcək nəsillərə nümunədir. Səkinə xanımla söhbətimiz onun sənəti, muğamlarımızın bu günü və sabahı ilə bağlıdır.
- Səkinə xanım, sənətə gəlişinizə xeyir-duanı kimlər verib?
- Hələ orta məktəbin beşinci sinfində oxuduğum vaxtlar musiqi müəllimim professor Vidadi Xəlilov yaxşı səsimin olduğunu duyaraq məni bu istiqamətə yönəltdi. Arzum hüquqşünas olmaq idi, lakin Vidadi müəllim mənə səsimin arxasınca getməyimi məsləhət gördü. İlk xeyir-duamı Vidadi müəllim verdi. 1974-cü ildə orta məktəbi bitirib A.Zeynallı adına musiqi məktəbinə (indiki Musiqi kollecinə) Nəriman Əliyevin sinfinə qəbul olundum. İkinci xeyir-duamı da Nəriman müəllim verdi.
- İfaçılıq sənətində qazandığınız uğurun sevincini nə vaxt yaşadınız?
- İlk uğurum orta məktəbin yuxarı sinfində oxuyarkən, 1973- cü ildə indiki Heydər Əliyev adına Respublika Sarayında keçirilən İstedad axtarıram musiqi müsabiqəsində 1-ci dərəcəli diploma layiq görülməyim olub. Bu diplom sənətə gəlişimə bir vəsiqə rolunu oynadı.
- İfaçılıq sənətinə gətirdiyiniz yeniliklər və verdiyiniz töhfələr nələrdən ibarətdir?
- Azərbaycanın musiqi tarixində ilk dəfə olaraq 1989-cu ildə xanımlardan ibarət muğam üçlüyü yaratdım. Bu gün də muğam üçlüyü ölkəmizdə və onun hüdudlarından kənarda tanınır və sevilir. Muğam üçlüyü ilə ilk səfərim 1992-ci ildə Fransaya oldu və orada böyük uğur qazandıq. Sonra bu üçlüklə İngiltərə, İtaliya, İran, Türkiyə, Hollandiya, Hindistan və digər ölkələrdə anşlaqla konsertlər verərək bir sıra diplom və mükafatlara layiq görüldük. Bu konsertlər vaxtilə həmin ölkələrin kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.
Qadın xanəndələr arasında simfonik orkestrlə ilk dəfə çıxış edən mən olmuşam. Bəstəkar Vasif Adıgözəlov Niyazinin Rast muğamı ilə F. Əmirovun Şur simfonik muğamını travtovka etdi və Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti İslam Rzayevlə mən onu ifa etdik. Bu ifa musiqi aləmində sensasiyaya səbəb oldu.
Musiqi məbədimiz olan Konservatoriyada muğam sənətindən dərs deyən ilk qadın mən olmuşam. İfaçılıq sənətinə gətirdiyim böyük yeniliklərdən biri də xanəndə qadın kimi qaval çala-çala ifa etməyim olub. Məndən əvvəl sənətdə olan qadın xanəndələrimiz əllərində qaval səhnəyə çıxmalarına baxmayaraq, heç vaxt onu çalmamışdılar. Bu yenilik mənim Amerikaya səfərimlə əlaqədar oldu. Belə ki, Amerikaya yola düşəcək üçlükdə dördüncü ifaçıya yer olmadığından tar və kamançanın yanında mən əlimə qaval götürməli oldum. Bir aylıq gərgin məşqlərdən sonra qaval çalmağı öyrəndim.
Muğam sənətinə gətirdiyim xırda yeniliklər çoxdur, lakin mən əsaslarını nəzərə çatdırmağa çalışdım.
- Hər sənətkarın sənətdə öz yolu, öz dəst-xətti var. Sizin dəst- xəttiniz nədən ibarətdir?
- Bu sənətdə heç kimi yamsılamadan, təqlid etmədən özüməməxsus ifa tərzim var. Sənətimdə daim özüm olmağa, öz yolumu yaratmağa çalışmışam. Mənim dəst-xəttim tələbələrimin ifalarında daha aydın görünür. Bəlkə də opera müğənnisi olduğuma görədir ki, ifa zamanı mahnı ilə musiqi arasında sintez yaradaraq bir obraz canlandırıram. Bu obraz mənim üzümün cizgilərində, gözlərimin ifadəsində, qəzəlin sözlərinin deyilişində, diksiyamda və digər hərəkətlərimdə özünü büruzə verir. Mən muğamda, mahnıda verilən fikri daxilən yaşayandan, onu özümünküləşdirəndən sonra musiqi-film kimi dinləyiciyə çatdırıram. İfaçılıq sənətimdə bu da bir yenilikdir.
- Səkinə xanım, Opera teatrında bir-birindən maraqlı obrazlar yaratmısınız. Onlardan hansı ruhunuza daha yaxındır?
- Onların hamısı bir milli qəhrəman kimi ruhuma yaxın və mənə əzizdirlər. Çünki hər biri azərbaycanlı xanımın təcəssümüdür. Leylini, Əslini, Şahsənəmi və digər obrazlarımı sevə-sevə, böyük zəhmətlə yaratmışam. Lakin ilk rolum olan Leyli və Məcnundakı Leyli ruhuma daha yaxındır. Çünki bu obraz bütün insanlarda olan ilahi eşqin simvolu, təcəssümüdür. Biz hər zaman ilahi bir eşqlə göylərə ucalaraq Ulu Tanrıya yaxınlaşmağa çalışırıq. Leylinin də sevgisi ilahi eşqdən yoğrulmuşdur. Füzulinin böyüklüyü ondadır ki, onları qovuşdurmur. Yəni Allaha yaxınlaşmaq arzusu ölənəcən insanı tərk etmir.
- Siz opera səhnəsində müxtəlif vaxtlarda böyük sənətkarlarla Tərəf-müqabil olmusunuz. Məcnunlarınız barədə fikrinizi bilmək istərdik.
- Mənim xoşbəxtliyim onda olub ki, opera səhnəsinə qədəm qoyduğum vaxtlardan tanınmış xanəndələrimiz, xalq artistləri Canəli Əkbərov, Arif Babayev və Baba Mahmudoğlu ilə tərəfmüqabil olmuşam. İlk Leylimi Canəli müəllimlə, ikinci Leylimi Arif müəllimlə və üçüncünü Baba müəllimlə yaratmışam. Belə sənətkarlarla tərəf-müqabil olmaq şərəfli olduğu qədər də çətin və məsuliyyətli idi. Hazırda bu məcnunların heç biri səhnədə yoxdur. Mənim son illər səhnədə tərəf-müqabilim tanınmış xanəndə xalq artisti Mənsum İbrahimovdur. Maraqlı tərəf-müqabil kimi Mənsum müəllimlə roldan-rola ustalaşmaq imkanlarımız çoxdur. Bütün bunlarla yanaşı fəxrlə deyə bilərəm ki, bu məcnunlar arasında Canəli müəllimin mənə diqqət və qayğısı daha artıq olub.
- Adlarını sadaladığınız o böyük sənətkarlardan nələri əxz etmisiniz?
- Onlardan muğam sənətini dərindən öyrənməyi, səhnə- mizana riayət etməyi, səhnədə təbiiliyi qoruyub saxlamağı, sənətə ciddi və məsuliyyətlə yanaşmağı, öz üzərimdə daim işləməyi, muğam ifaçılığı sənətində axtarışlar aparmağı, roldan-rola püxtələşməyi və bu kimi muğam ifaçısına lazım olan digər xüsusiyyətləri əxz etmişəm. Opera müğənnisindən musiqi, gözəl ifa, aktyorluq qabiliyyəti tələb olunur və bunlar bir-biri ilə vəhdət təşkil edir. Bu vəhdəti daim diqqətdə saxlamağı öyrənmişəm.
- Səkinə xanım, milli musiqi irsimizin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində tələbələrinizə nələri tövsiyə edirsiniz?
- Əsas klassik yolu saxlamağı tövsiyə edirəm. Muğamın klassik, improvizasiya, bir də bugünkü günün tələblərinə uyğun sintez yolları var. Tələbələrimə əsasən klassik yolu saxlamağı öyrədirəm.
- Hazırda Azərbaycan televiziyasının keçirdiyi Muğam müsabiqəsinin münsiflər heyətində bir sıra tanınmış sənətkarlarımızla bərabər siz də varsınız. Milli musiqi irsimizi qoruyub saxlaya biləcək gənc nəsil ifaçıları yetişirmi?
- Çox böyük inamla deyə bilərəm ki, belə bir nəsil yetişir. Çünki ona həm biz sənətkarlar, həm də dövlətimiz çalışır. Ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncamlar, YUNESKO və İSESKO-nun xoşməramlı səfıri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın bu sahədə həyata keçirdiyi genişmiqyaslı layihələr milli musiqi irsimizin etibarlı əllərdə olacağına böyük inam yaradır.
Sənətdə öz kövrək addımlarını atan gənc ifaçıların istedadları da göz önündədir, münsiflər heyəti üzvlərinin onlara verdiyi obyektiv ballar da. Bu müsabiqələrin, yarışmaların uğurlu nəticələri onu deməyə əsas verir ki, xalqımız var olduqca onun musiqi irsi də yaşayacaqdır.
-Səkinə xanım, gələcək planlarınızla bağlı məlumat verməyinizi istərdik.
- Mən hazırda Milli Konservatoriyada, Mədəniyyət və İncəsənət Universitetində və A. Zeynallı adına Musiqi kollecində dərs deyirəm. Mədəniyyət və İncəsənət Universitetinin dosentiyəm. Tələbələrimi nəinki ifaçı kimi, eyni zamanda səhnəmiz üçün hazırlamağa çalışıram. Normal bir xanəndənin yetışməsı üçün azı 25 il vaxt lazımdır. Opera teatrında azərbaycanlı xanımların maraqlı obrazlarını yaradıram. İfadan-ifaya cilalanaraq daha da ustalaşmağa çalışıram.
Qastrol səfərlərində oluram. Elə bu yaxınlarda Belarusun Minsk şəhərində gözəl bir muğam gecəsinin iştirakçısı olduq. Bundan öncə Kazanda, daha əvvəl Misirdə və Türkiyədə rəngarəng konsert proqramları ilə çıxışlarımız olub. Qazandığım bütün uğurlarıma görə ustadlarıma və sənətimi dəyərləndirərək məni vaxtından əvvəl Prezident təqaüdünə layiq görən dövlətimizin başçısı İlham Əliyevə minnətdaram.
- Səkinə xanım, sizə uzun ömür, cansağlığı və sənətinizdə daha böyük yaradıcılıq uğurları diləyirik.
- Çox sağ olun.

İki sahil.-2007.- 31 oktyabr.- S.8.