Qaraqızı U.

İndiki nəsil bizim nəsllə müqayisədə qat-qat sağlam fikirlidir

Ayaz Salayev: "Azərbaycan kinosunun dünya səviyyəsinə çıxması üçün hərtərəfli şərait var"

Bir neçə il əvvələ qədər adı çəkilən kimi ətrafında böyük səs-küy yaranan Ayaz Salayevi müəyyən qüvvələr Azərbaycan tamaşaçısının gözündən salmaq istəsələr də, buna nail ola bilmədilər. Maneçilik sadəcə ondan ibarət oldu ki, dünya kinosunu yaxından izləyən və onun ən xırda detallarını belə mənimsəyən rejissor bütün bilgilərinə rəğmən, nə az, nə də çox, düz 18 il kinodan ayrı qaldı. Təbii ki, söhbət tammetrajlı bədii sənət nümunələrindən ayrı düşməkdən gedir.

Bir neçə ay əvvəl isə eşidəndə ki, Ayaz Salayev yenidən iş başındadır, yeni bir filmin çəkilişinə hazırlaşır, doğrusu, bu məni heç də təəccübləndirmədi. Çünki Ayaz Salayevin böyük kinoya yenidən gəlişini gözləyənlər arasında mən də varam.

"Əsl ağsaqqallar hələ beşikdədir"

- Kino tarixini, ümumiyyətlə isə dünya kinosunu necə bilməniz hamıya məlumdur. Ancaq yaradıcı fəaliyyəti boyunca sadəcə bir film çəkərək milyonların könlünü fəth etmək o qədər də asan məsələ deyil. Sanki onlarla film çəkərək tamaşaçılara təqdim etmisiniz...
- Etiraf edim ki, sözləriniz məni sevindirdiyi qədər də təəccübləndirdi, çünki mənə belə gəlir ki, tamaşaçı məni "Retro" kino proqramının aparıcısı kimi tanıyır. Ancaq hesab edirəm ki, çəkdiyim filmlər sənət nümunəsi olaraq çox önəmlidir və buna görə də bu filmlərin müəllifi kimi tanınmaq mənim də haqqımdır.

- Tammetrajlı olmaq şərtilə sadəcə bir film -"Yarasa" filmini çəkdiniz və bir filmlə çox söz dediniz. Bu uğuru əvvəlcədən görürdünüz?
- Yox, uğuru əvvəlcədən görmək çox çətindi, sadəcə, məni maraqlandıran o idi ki, məni narahat edən bu əhvalatı mütləq çəkməliyəm. Hazır materialı burda bəzi adamlara göstərsəm də, onların hər biri bu işi tənqidlə qarşılayaraq məni bir növ ruhdan saldılar. Ancaq Berlin festivalında artıq başqa bir mənzərə ilə qarşılandım.
- Kaset vasitəsilə həmin festivaldan bir neçə fraqmentə baxdığım üçün filmin necə yüksək səviyyədə qarşılandığını bilirəm. Zənnimcə, psixoloji məqamlar o illərdə Azərbaycan tamaşaçısı üçün yeni olduğundan, belə filmləri həzm etmək də bir qədər çətinlik yaradırdı...

- Fikrinizlə şərikəm. Ancaq illər keçdi və bu illərin nəticəsidir ki, artıq psixoloji məqamlar Azərbaycan tamaşaçısı üçün daha böyük maraq kəsb etməyə başlayıb. Artıq yeni bir nəsllə üzbəüzük. O nəsl ki, onlar yeni kinonu, yeni mədəniyyəti, ümumiyyətlə isə yeni olan hər bir şeyi çox gözəl qəbul edir. Hərdən mənə elə gəlir ki, vaxtından tez doğulmuşam, mən indi cavan olmalıydım. Çünki indiki nəsllə- onların dünyagörüşü ilə, onlarla apardığım fikir mübadiləsində özümü daha çox rahat hiss edirəm.

- Sizcə, indiki nəslin üstün cəhətləri nədədir?

- İndiki nəsl istər bizdən əvvəl, istərsə də bizim nəsllə müqayisədə qat-qat sağlam fikirli, sağlam düşüncəlidirlər. Çox vaxt yaşlı nəsl gənc nəsli danlayaraq onu böyük-kiçik saymamaqda təqsirləndirir. Ancaq mən bu fikirlə razı deyiləm və düşünürəm ki, əsl ağsaqqallar hələ beşikdədir.
SSRİ, eyni zamanda o dövrün ideologiyası qeyri-təbii bir şeydi. 70 il bu imperiyanın tərkibində olmaq bizi çox geri qoydu. Biz sanki hansısa ənənələri -qırılan ipləri, qırılan telləri indi davam etdiririk.

Bu, məsələnin bir tərəfi. Ən əsası isə, mənə elə gəlir ki, tarixi yaratmaq lazımdır. Tarixə nəzər salmaq yox, tarixə xidmət etmək yox, yeni tarixi yaratmaq lazımdır. Xalq kimi qüdrətli olduğumuz qədər də gəncik. Zənnimcə, bundan çəkinmək lazım deyil, əksinə, bunun güclü tərəflərini ön plana çəkib onlara əsaslanmalıyıq. Bu baxımdan "Yarasa" filmini çəkildiyi ildə (1995-ci il) qəbul etməyənlər bir qədər balaca idi. İndi onların hər biri yetişib, müəyyən yaş təcrübəsi qazanıb. İndi onlar peşəkar tamaşaçılardı.

"... Ymidverici ssenarilər yoxdu"

- Yəqin mənimlə razılaşarsınız ki, tamaşaçı başa düşmədiyi, həzm edə bilmədiyi filmə "zəif" damğası vurur. Məsələn, "Yarasa" filmindəki psixoloji məqamları duymayanlar filmə "zəif" damğası vurmuşdular. Qəribəsi odur ki, insan oğlu duymadığı, başa düşmədiyi hər bir şeyi zəif adlandırır. Heç özlüyünüzdə müşahidə etmisinizmi ki, başa düşmədiyiniz hər hansı bir işə "zəif" damğası vurasınız və yaxud əksinə, sadəcə geri çəkiləsiniz?

- Mən başa düşməyəndə, geri çəkilirəm və çalışıram ki, öyrənim. Bilirsinizmi, həyat bizim təsəvvürlərimizdən qat-qat zəngindir. Çox vaxt təsəvvür etdiklərimizlə həyatda qarşılaşa bilmirik, çünki həyat özü sürprizlərlə doludur. Mən müəyyən yaşa qədər keçmişlə yaşayırdım. Gənc olmağıma baxmayaraq xatirələr məni bir an olsun tərk etmirdi. Ancaq illər keçdi və təbii ki, illərin mənim dəyişməyimdə böyük rolu oldu. Mən o fikirlə razıyam ki, dəyişmək eyib deyil, ancaq dəyişiklikdən qaçmağı eyib sayıram.

- Dəyişiklik, dəyişmək yaxşıdır, ancaq baxır necə. Zənnimcə, 70 il tərkibində yaşadığımız bir imperiyanın üstündən bir göz qırpımında xətt çəkərək ona sadəcə "nöqsanlı dövr" kimi baxmaq da doğru olmazdı. Hər halda o dövrün yaxşı cəhətləri də olub və həmin cəhətləri indiki dövrə gətirmək olar.

- Mən belə güman edirəm ki, SSRİ dövrünün ən yaxşı cəhəti təhsil sisteminə böyük önəm verilməsi olub. Təhsil pulsuz və geniş idi. Məsələn, mən Moskvada Kinematoqrafiya İnstitutunda təhsil almışam. Bura yalnız institut kimi deyil, eyni zamanda, beynəlxalq humanitar ocaq kimi fəaliyyət göstərirdi. Orda xarici ədəbiyyat, dünya ədəbiyyatı, təsviri sənətlə tanışlıq insanda müəyyən bir dünyagörüşünü formalaşdırırdı. Ancaq indi vəziyyət başqadır, təhsil pulludur. Mən bir vaxtlar Qərb Universitetində dərs demişəm. Təsəvvür edin ki, tələbələr həm oxuyurdular, həm də işləyirdilər. Belə bir şəraitdə yaşayan tələbə hansı dünyagörüşünə malik olacaq, hansı biliyə sahib olacaq, bax bunu demək çətindir.

- İcazənizlə söhbəti ssenari qıtlığı məsələsinə yönəltmək istərdim. Təbii ki, siz kinostudiyanın nəzdində fəaliyyət göstərən münsiflərin tərkib hissəsində olduğunuz üçün hazırda nə dərəcədə qənaətbəxş ssenarilərin olub-olmaması məsələsini yaxından izləyirsiniz. Ssenarilər çoxluq təşkil etsə də, az qala bütün yaradıcılar ssenari qıtlığından gileylənir.

- Mən deməzdim ki, ssenarilər çoxluq təşkil edir, əksinə, ssenari çox azdı. Tam məsuliyyətlə deyirəm, hazırda Azərbaycan kinosunun dirçəlişi üçün, Azərbaycan kinosunun dünya səviyyəsinə çıxması üçün hərtərəfli şərait var. Əfsuslar olsun ki, bu fürsətdən istifadə edən yoxdu. Ölkəmizin sərvəti çoxdu, elə ölkəyə neftdən gələn gəlirləri demək kifayətdir ki, necə imkanlarımızın olması tamamilə aydınlaşsın. Təbii ki, dövlət tərəfindən kino üçün də böyük məbləğlər ayrılıb, ancaq ümidverici ssenarilər yoxdu. Yeni yazar qüvvələr də hələ ki, yaranmır, varsa da, meydana çıxmır. Ancaq inandırım sizi ki, vaxt gələcək bu günün həsrətini çəkəcəyik.

"Biz nəsl mübarizə apararaq özümüzü təsdiq edə bildik"

- Maraqlıdır, necə bir ssenari axtarırsınız ki, Azərbaycan kinosunu heç olmasa, dünya kino səviyyəsinə çıxarmağa səsləsin?
- İlk növbədə onu qeyd edim ki, mən ədəbi əsərlərin ekranlaşdırılmasının tam əleyhinəyəm.
Tarixi şəxsiyyətlər haqqında çəkilən filmlərin tam əleyhinəyəm.

Orijinal əhvalatların tərəfdarıyam. Çünki təcrübə göstərir ki, dünya kinosunda klassik əsərlərin ekranlaşdırılması arasında şah əsərlər çox azdı.

- Zənnimcə, sizin kimi düşünənlər azdı. Yəni, inanmıram ki, orijinal əhvalatlar üzərində qurulan filmlərlə çoxluq maraqlansın?
- Təbii. Ancaq kino müstəqil sənət növüdür. Bir vaxtlar kinoda Həsən Seyidbəyli, Tofiq Tağızadə, Arif Babayev, Şamil Mahmudbəyov kimi rejissor nəsli bir kənara çəkildilər və həmin ərəfədə kinoya ədəbiyyatçılar təcavüz etdi.

- Əgər səhv etmirəmsə, bu proses 1974-cü illə 1984-1985-ci illər arasında baş verib...

- Yalnız onu deyə bilərəm ki, ad çəkməkdən uzağam. Həmin ərəfədə kinoya bir gəlir mənbəyi kimi baxıldı. Kino şəxsən mənim sevdiyim bir sənət növüdür. Mən kino işinə müqəddəs yanaşıram. Mən belə güman edirəm ki, ssenarist daima rejissorun yanında olmalı, onu hiss etməlidir.

- Təbii ki, rejissor ümumi görüntüdən çıxış edərək rejissor ssenarisində hər hansı bir dəyişikliyi və yaxud da əksinə, əlavəni edir ki, bu zaman ssenarist onun yanında olmaqla sadəcə, fikrini dəstəkləməlidir.

- Tamamilə doğrudur.

- Söhbət əsnasında qeyd etdiniz ki, münsiflər heyətinə təqdim olunan ssenarilər qənaətbəxş olmasa da çoxluq təşkil edir. Bəlkə münsiflər heyəti bir qədər insaflı olsa, ssenarilər arasından yaxşılarını seçə bilərlər?

- Ən dəhşətlisi odur ki, təsadüfi adamlar artıq ömrünü kinoya həsr edib.

- Belələri gənc nəslə imkan verməyəcək...

- Necə ki, bizə imkan verməyib bizi çürüdürdülər. Ancaq biz nəsl mübarizə apararaq özümüzü təsdiq edə bildik. Təəssüf ki, gənc nəsl arasında talantlısı az olduğu kimi, mübarizləri də azdır. Buna baxmayaraq, ruhdan düşmədən gözləyirik və inanırıq ki, bu dövrün də öz yaradıcı qüvvələri yetişəcək.

Son söz əvəzi: Ayaz Salayevlə kinostudiyada görüşdüyüm zaman o, yeni filminin üzərində hazırlıq işləri aparırdı. Artıq yaradıcı heyəti müəyyənləşdirilən filmin çəkiliş, montaj, səsləndirmə işləri bir neçə aya qədər başa çatacaq. Ən maraqlısı odur ki, filmin çəkilişləri başlamamış adı artıq bir çoxlarını yerindən oynadıb. Bunun nəticəsidir ki, rejissor filmin adını dəyişdirməyə üstünlük verib. Ancaq bu hələ hər şey demək deyil. Tamaşaçılar, hazır olun, Ayaz Salayev qəribə əhvalatları ilə yenə də görüşünüzə gəlir.

Ekspress.- 2008.- 16-18 avqust.- S. 19.