Hacıxanoğlu İ.

Atamı 37-nin repressiyasından  Xan Şuşinski  adı qoruyub

Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva: "Ermənilər Mircəfər Bağırovla Xan Şuşinskinin arasını vurublarmış"

İstedadın da qanla, genlə nəsildən nəslə keçdiyi artıq qəbul olunub. Biz də isə buna sübut etməyə lüzum yoxdur, ona görə ki, yüzlərlə sübut var. Hamısı da göz qabağında. Yəni indi müxtəlif sənət sahələrində müvəfəqiyyətlə çalışan istedadlı sənət adamlarının əksəriyyəti bir vaxtlar bütün dünyaya səs salan korifey sənətkarların övladlarıdır. Bu üzdən istedadın atadan övlada keçdiyini söyləmək olar. Amma gəlin, görək məşhurların övladları bununla razılaşırlarmı? Valideynlərini necə xatırlayırlar? Axı, indi az qala sitayiş etdiyimiz dühaları övladlarından yaxşı kim tanıyar? Bu rubrikada məqsədimiz ömrünü millətin inkişafına sərf edən dahiləri yad etmək, onları indiki nəslə tanıtdırmaq və sevdirmək, tanıyanlara isə nəsə deməkdir.

"Atalar və oğullar" rubrikasının bu dəfəki qonağı muğam sənətinin görkəmli nümayəndəsi Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyevadır.

Ağa oğlu necə xan oldu?

- Atam 1901-ci ildə Şuşa şəhərində anadan olub. Əsl adı İsfəndiyar Aslan ağa oğlu Cavanşir olan atam Qarabağın əsasını qoyan Pənahəli xan Cavanşirin nəslindəndir. Babam Aslan ağa Xurşudbanu Natəvanla əmiuşağıdır. Aslan ağanın evində tez-tez musiqi məclisləri qurulduğundan, atamda musiqiyə böyük həvəs yaranır. Atam deyirdi ki, səsi o qədər zil imiş ki, ona evdə oxumağa imkan vermirlərmiş. Babam o dövrün məşhur xanəndələrindən İslam Abdullayevlə (Segah İslam) dostluq edirmiş və ondan xahiş edir ki, muğam sənətini öyrənsin deyə, atamı da özü ilə musiqi məclislərinə aparsın. İslam Abdullayev də atamın səsinə qulaq asandan sonra atamı böyük məmnuniyyətlə yanına şəyird götürür. 12-13 yaşlarından atam başlayır İslam Abdullayevlə musiqi məclislərində iştirak etməyə. Və o dövrdə bir məclisə 4-5 məşhur xanəndəni dəvət edirlərmiş deyə, atam həmçinin Cabbar Qaryağdıoğlu və digər ustad xanəndələrlə bir məclislərdə iştirak edir. Artıq 18-19 yaşlarında atam məşhur xanəndələrdən sayılırmış. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra digər bəylər və xanlar kimi, babamın da var-dövləti əlindən alınır. Babamın erməni nökərləri onun evini yandırırlar. Şuşanın Ballıca kəndi Aslan ağanın mülkiyyətində imiş. Atamın bütün qohum-əqrabası İrana, Türkiyəyə mühacirət etməyə məcbur olub. Bu yaxınlarda mən internetdə Qarabağ xanlarının nəsil şəcərəsi haqqında məlumatlara baxarkən öyrəndim ki, bizim nəslin nümayəndələrinə demək olar ki, dünyanın hər yerində rast gəlmək olar. Mənim həyat yoldaşım, 1980-ci ildə Amerikada qastrolda olarkən bir nəfər ağlaya-ağlaya yaxınlaşıb ona demişdi ki, Cavanşirlər nəslindəndir. Atam özü 1943-cü ildə İranda qastrolda olanda bibisi uşaqları, əmizadələri onunla görüşməyə gəliblər. Atamın dayısı Fransada Sarbona Universitetini bitirib qayıdanda onu həbs etdilər. Yazıq evlənmək üçün vətənə qayıdıbmış. Nədi, nədi Sarbona Universitetində oxuyub, xan nəslindəndir. Nə isə, var-dövlətləri əllərindən çıxandan sonra ailənin bütün qayğıları atamın üzərinə düşür. Ona görə də atam İslam Abdullayevin xeyir-duasını alandan sonra müstəqil şəkildə xanəndəlik etməyə başlayır. Ondan əvvəl də məclislərin birində qramafonda cənubi azərbaycanlı bir məşhur xanəndə olub, Əbülhəsən xan Azər İqbal Soltan, onun valına qulaq asırlarmış. İslam Abdullayev İqbal xanın "Kürd-Şahnaz"ına qulaq asandan sonra soruşub ki, "İsfəndiyar, sən də belə oxuya bilərsənmi". Atam "Kürd-Şahnaz"ı oxuyandan sonra bütün məclis əhli onu alqışlayıb və İslam Adullayev deyib ki, "Əbülhəsən xan İqbal cənubun xanıdır, sənsə şimalın. Bu gündən sənin adını Xan qoydum". Atam ömrünün son illərində tez-tez təkrar edirdi ki, ona "Xan" adının verilməsi bəlkə də təsadüf deyilmiş. Yoxsa, heç kim onun Qarabağ xanlarının nəslindən olduğunu bilməyəcəkdi. Necə ki, əmim Allahyar uzun illər atamla birlikdə çalışıb, dövrünün məşhur tarzənlərindən olub, amma indi onu heç kim xatırlamır.

- Xan nəslindən olması və "Xan" adı sonradan atanıza problem yaratmayıb ki?

- Əslində, "Xan Şuşinski" adı atamı 37-ci ilin repressiyasından qoruyub. "Şuşinski" soyadını da o Polşada qramafon valı yazdırarkən götürüb. Çünki o dövrdə adlı-sanlı xanəndələr öz səslərini Polşada vala yazdırırlarmış. Atamdan orada hansı şəhərdə doğulduğunu soruşublar, o da "Şuşa" deyib. Onlar da "Şuşa sözünün arxasına" "ski" artırıblar. Əslinə qalsa, atamla Mircəfər Bağırovun arasını bir müddət vurublar. 1939-cu ilə Mosvkvada Azərbaycan Mədəniyyət Ongünlüyü keçiriləndə, yalandan Mircəfər Bağırova deyirlər ki, Xan Şuşinski dekadada iştirak etmək üçün pul istəyir. O da atamın adını dekadada iştirak edən sənətçilərin siyahısından pozdurur. Dekada başa çatandan sonra Yzeyir bəy, Səməd Vurğun və Mirzə İbrahimov Mircəfər Bağırovun qəbuluna gedib ona deyirlər ki, "bu, ermənilərin iftirasıdır, Xan Şuşinski ömründə pul söhbəti etməyən adamdı". Mircəfər Bağırov da əmr verib ki, Xan Şuşinski təcili Ağdamdan Bakıya köçürülsün və filarmoniyada solist vəzifəsinə qəbul edilsin.

Xan əmi niyə Məcnun olmadı?

- Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və digər böyük ustadların sağlığında Xan Şuşinskinin gənc olmasına baxmayaraq, məşhurlaşması və rəqabətə dözməsi diqqətçəkəndir...

- Atam heç vaxt ustadlarla rəqabət aparmayıb. Ömrünün sonuna kimi onların adını hörmətlə çəkib. O, deyirdi ki, "muğam elə böyük bir dəryadır ki, mən ondan balaca bir cam götürmüşəm". İndiki gənc xanəndələr isə bir az tanınan kimi müəllimlərini saymırlar. O heç vaxt ustadlarla rəqabət aparmayıb. 1943-cü ildə Cabbar Qaryağdıoğlu ilə atam birlikdə konsertdə iştirak edib. Həmin konsert əsl müəllim-tələbə dueti olub. Konsertin sonunda Cabbar Qaryağdıoğlu əlini atamın çiyninə vurub deyib ki, "mən səni sınağa çəkirdim, sən sınaqdan əsl tələbə kimi uğurla çıxdın".

- Xan Şuşinski boy-buxunlu, gözəgəlimli adam olub. Nə üçün Opera və Balet Teatrında çalışmayıb?

- Yzeyir bəy atamın xətrini çox istəyirmiş. Özü danışırdı ki, Yzeyir bəy çox istəyirmiş ki, atam "Leyli və Məcnun"da Məcnunu oynasın. Lakin atam deyib ki, "Yzeyir bəy, mən üzümə ənlik-kirşan vurub özgəsinin arvadını qucaqlaya bilmərəm". Aktyorluq etmək istəməyib.

- Xan Şuşinskinin övladlarının gec olması, gec evlənməsi ilə bağlıdır, yoxsa başqa səbəblər var?

- Atam anamdan əvvəl bir dəfə evli olub. Lakin birinci həyat yoldaşından uzun müddət övladı olmayıb. Əsl azərbaycanlı kişisi kimi ailəsinə sadiq olduğuna görə yenidən evlənmək istəmirmiş. O boyda şan-şöhrətə malik, xarici görünüşcə çox gözəl olması imkan verirdi ki, yenidən evlənsin. Lakin o həyat yoldaşına sonadək sadiq olub. Axırda birinci arvadı xəstələnib və biləndə ki, vəziyyəti ürəkaçan deyil, atamı məcburən özü evləndirib. Deyib ki, "mən neçə illər səni övlad üzünə həsrət qoydum, özüm səni evləndirəcəyəm". İkinci evliliyindən 3 qızı, bir oğlu dünyaya gəlib.

- Nə üçün övladlarından Xan Şuşinskinin sənətini davam etdirən olmadı? Bəlkə özü istəməyib?

- Bilirsinizmi, bizim ailədə bütün uşaqların səsi olub. Hətta bizim övladlarımızın da gözəl səsləri var. Tərifləmək olmasın, mən özüm bütün muğamları və əruzu bilirəm. Lakin atamız sənətin elə bir zirvəsində idi ki, biz ora çata bilməzdik. Xan Şuşinskinin övladı sənətdə ya heç olmasa onun kimi olmalı, ya da ümumiyyətlə olmamalıdır. Sonradan atamızın adına xələl gəlməsin deyə, heç birimiz xanəndə olmadıq. Əslində, atam özü də istəyirdi ki, onun sənətini davam etdirək. Deyirdi ki, kim istəsə, gəlib qavalı götürə bilər. Lakin atamız bizim üçün o qədər yüksək zirvədə olub ki, utanmışıq.

- Yaşlı nəsil Xan Şuşinskinin baməzə olduğunu deyir. Ailədə necə idi? Xanzadələyi hiss olunurdumu?

- Atam ağır təbiətli idi. Az danışırdı, lakin yerində tutuzdururdu. Uşaqla uşaq idi, böyüklə böyük. Elə də tünd xasiyyətli deyildi. Lakin yeri gələndə elə söz deyirdi ki, adamın min qatından keçirdi. Ailənin ilk övladı olduğuma görə məni lap çox istəyirdi, hətta mənə mahnı da yazıb. 1959-cu ildə Moskvada keçirilən dekada birbaşa translasiya olunanda, mən atamı göstərib "dədə" demişəm. Bu mənim ilk sözüm olub. Qayıdıb gələndən sonra atam "Qəşəng ceyran" mahnısını mənə həsr etdi. Atam övladlarını heç vaxt incitməyib. Nə də oğlan və qız övladı arasında fərq qoymayıb. Qardaşım ailənin tək oğul övladı olmasına baxmayaraq, onunla bizim aramızda heç vaxt fərq qoymayıb. Mənə anasının, qardaşıma atasının, bacımın birinə bacısının, o birisinə də xalasının adını verib. Həmişə deyirdi ki, "kim deyə bilər ki, əzizlərimi itirmişəm, mənim bütün əzizlərim gözümün qabağındadır". Mən uşaq yaşlarımdan atamın hamı tərəfdən sevilməsinin şahidi olmuşam. Atam bizim əlmizdən tutub bayram paradlarına aparırdı, yolda hamı gəlib atamla hörmətlə görüşürdü. Uşaq olsam da, atamın şöhrəti ilə fəxr etmişəm.
- Nə üçün pedoqogika ilə məşğul olmayıb?

- Atam ömürünün son illərində Asəf Zeynallı adına Musiqi Texnikumunda muğamdan dərs deyib. Rəhmətlik Vasif Adıgözəlov atama dedi ki, "Xan əmi, gəl bir sinif də sənin üçün açaq dərs ver". Bizim evimiz də Asəf Zeynallı adına Musiqi Texnikumuna yaxın olduğu üçün Vasif müəllim deyirdi ki, "məktəbə gəlməsən də olar, dərsləri evində keçərsən". Onu da deyim ki, qəbul imtahanlarında atam iştirak etmirdi, çox vaxt ən zəiflərini atamın qrupuna yığırdılar. Deyirdilər ki, "ən zəif tələbə də olsa, Xan Şuşinski onu yetişdirəcək". Çox vaxt başqa müəllimlərin tələbələri bizim evə dərs keçməyə gəlirdilər. Bundan başqa, atam filarmoniyanın nəzdində "Muğam studiyası" açmışdı, orada nəinki gənclər, hətta tanınmış xalq artistləri gəlib atamdan dərs alırdılar. Atam gənclərə həmişə dəstək verirdi. Heç vaxt onların nöqsanlarını üzlərinə deməzdi. Bir dəfə dərslərin birində tələbələrindən biri "Çahargah" oxuyurdu. Atam ona dedi ki, "Bilmirəm, sən qavalın dalında oturmusan, yoxsa səngərdə gizlənmisən. Özün də "Çahargah" oxuyursan, qorxma diribaş oxu". Çox vaxt deyirlər ki, Xan Şuşinski savadsız olub. Xeyr, əvvəla o bəy oğlu idi. İkincisi də atam ərəb, fars və türk dillərini mükəmməl bilirdi. Kirill əlifbasından başqa, o həm latın, həm də ərəb əlifbasında yazıb-oxuyurdu. Atamın böyük kitabxanası vardı, mütaliə etməyi çox xoşlayırdı. Özü də atam həm səsini qoruyardı, həm də özünə diqqətli idi. Çox yağlı yeməzdi, bivaxt yeməzdi. Deyirdi ki, bu səs xalqın malıdır, onu qorumalıyam. Cavanlara da həmişə deyirdi ki, "səsinizi qoruyun". Heyf ki, şəkəri vardı...

Ekspress.- 2008.- 16-18 avqust.- S. 19.