Xeyirxahlıq və nəciblik təcəssümü: Mehriban xanım Əliyeva

Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial–fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərmiş olur.

Azərbaycanın milli–mədəni irsinin qorunması və təbliğində çoxşaxəli fəaliyyət həyata keçirən Mehriban xanım Əliyeva cəmiyyət üçün vacib olan bütün sahələrə öz töhvəsini verib. Bu özünü uşqalara qayğıda, təhsil, səhiyyə, sosial sektorun inkişafında, eləcə də ölkədə tolerantlığın möhkəmlənməsində göstərir. Məhz yuxarıda göstərilən amillərə sübut olaraq Mehriban xanım Əliyevanın keçirdiyi görüşləri, həyata keçirdiyi işlərin bir qismini diqqətinizə çatdırırıq.
Ekologiya prioritet sahƏlərdən biri kimi... Heydər Əliyev Fondunun yeni layihəsi – "hərəmiz bir ağac əkək"

Ulu öndərin arzu və istəklərinin həyata keçirilməsini fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edən Heydər Əliyev Fondu xalqımızın ən əziz bayramı olan 2007–ci ilin Novruz bayramı ərəfəsində yeni bir layihəsini reallaşdırıb. Fondun prezidentinin şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış "Hərəmiz bir ağac əkək" devizli layihənin icrasına Mehriban xanımın deputat seçildiyi Əzizbəyov rayonundan başlanıb. Abşeronun ən qədim yaşayış məskənlərindən olan Qala qəsəbəsi çoxdandır belə qələbəlik görməmişdi. Yüzlərlə sakin hələ bir müddət əvvəl, Heydər Əliyev Fondunun çağırışına qoşularaq, istifadəsiz qalmış 8 hektardan çox ərazini yaşıllıq salmaq üçün yararlı vəziyyətə gətirib, buraya Şüvəlanda qazılmış artezian quyusundan kəmərlə su xətti çəkilib. Ağsaqqallardan biri isə bu işin İslam dinində də təqdir olunduğunu xatırladaraq, Məhəmməd Peyğəmbərin bir hədisini misal çəkib: "Bir gün yaxın əsabələrinin əhatəsində olan Rəsulillahdan ahıl bir qoca soruşur: Ömrümün qürub vaxtıdır, nə edim ki, haqq olan o dünyaya özümlə bir az da çox savab aparım? Peyğəmbər dərhal cavab verir: ağac ək. Əsabələrdən digəri soruşur ki, daha nə edək ki, savab yükümüz bir az da ağır gəlsin? Peyğəmbər Əleyhissəlam yenə eyni cavabı verir: Ömrünüzə bir gün qaldığını bilsəniz də, yenə ağac əkin, ən böyük savab ondadır".
Həmin gün burada 9 minə qədər sərv, küknar, şam ağacları əkilib.

Təhsil sahəsində...

Bu ilin martında Azərbaycan Prezidenti İlham Əliyevin Samux rayonuna səfəri çərçivəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO–nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Mirzə Fətəli Axundov adına Əliuşağı kənd orta məktəbində olub. 2005–ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş məktəbdə 200 şagird təhsil alır. 2007–ci ildə məktəbin 3 məzunu yüksək balla ali məktəblərə qəbul olunub. Mehriban xanım Əliyeva Azərbaycan dili və tarix kabinetləri və kompyuter otağı ilə tanış olub. Bildirilib ki, kompyuterlərin hamısı internet şəbəkəsinə qoşulub. Mehriban xanım məktəbin kollektivinə uğurlar arzulayıb.

Heydər Əliyev Fondunun prezidenti həmin kənddə yerləşən Kəlbəcər rayonunun 67 nömrəli məktəbində də olub. Mehriban xanıma məlumat verilib ki, 2004–cü ildə tikilmiş məktəbin on sinif otağı var. Burada Kəlbəcər rayonundan olan 40 şagird təhsil alır. Heydər Əliyev Fondunun prezidenti məktəbin kompyuter otağı, ibtidai sinif otağı, kitabxanası ilə tanış olub. Bildirilib ki, kitabxanada dərsliklərdən və bədii ədəbiyyatdan ibarət 1800 kitab var. Mehriban xanım Heydər Əliyev guşəsində Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən fotostendə də baxıb.

Mehriban xanım Əliyeva bununla yanaşı digər təhsil ocaqlarının açılışmərasimində də iştirak edib.

Sosial sahə daim diqqət mərkəzində... "Tolerantlığın ünvanı – Azərbaycan"

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO–nun və İSESKO–nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva 2008–ci ilin martında Bakının Əzizbəyov rayonunda olub. Fondun prezidenti əvvəlcə Buzovna qəsəbəsində yenidənqurma işləri davam edən Cümə məscidinə gəlib. Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsi çərçivəsində yenidən qurulan bu məscidin tikintisinə hələ 1896–cı ildə başlanıb, 1900–cü ildə inşaat işləri yarımçıq qalıb. Sovet dövründə tikilidən anbar və dükan kimi istifadə olunub. 2006–cı ilin dekabrında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın şəxsi təşəbbüsü ilə məscidin yenidən qurulması üçün smeta dəyəri 700 min manat olan layihə hazırlanıb, 2007–ci ilin fevralında burada iş başlanıb.

Sahəsi 500 kvadratmetr olan məsciddən başqa burada köməkçi və inzibati binalar, kişilər və qadınlar üçün dəstəmazxanalar, digər otaqlar var. Məscidin hündürlüyü 28 metr, o cümlədən günbəzin hündürlüyü 12 metrdir. Podratçı şirkət indiyədək 550 min manatlıq iş görüb.

Mehriban xanımın diqqətinə çatdırılıb ki, tikinti işləri zamanı qadınların və kişilərin ayrı–ayrılıqda ibadət etməsi üçün imkan yaradılması nəzərə alınıb. Belə ki, məscidin 1–ci mərtəbəsində kişilər, 2–ci mərtəbədə isə qadınlar ibadət edəcəklər. Məsciddə eyni vaxtda 500 nəfər namaz qıla biləcək. 2009–cu ilin birinci rübündə tikinti işləri başa çatacaq, sonra məscidin həyəti abadlaşdırılacaq, ağaclar əkiləcək.
Görülən işləri yüksək qiymətləndirən Heydər Əliyev Fondunun prezidenti binanın divarlarında bəzək işlərinin milli üslubda aparılması ilə bağlı tövsiyələrini söyləyib.

Səhiyyə sektoru...

2008–ci ilin may ayında Zirə qəsəbəsində Müalicə–Diaqnostika Mərkəzi açılıb. Qəsəbə sakinləri və səhiyyə ocağının kollektivi mərasimdə iştirak etmək üçün buraya gələn Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Müalicə–Diaqnostika Mərkəzinin açılışını bildirən lenti kəsiblər.

Prezident İlham Əliyev və xanımı səhiyyə ocağı ilə yaxından tanış olublar.

Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib ki, 30 il əvvəl tikilmiş bina Heydər Əliyev Fondunun təşəbbüsü ilə tamamilə yenidən qurularaq, müasir avadanlıqla təchiz edilmiş kompleksə çevrilib. İkimərtəbəli binanın birinci mərtəbəsində uşaqlar və böyüklər üçün nəzərdə tutulan və gündə 50 nəfərə xidmət göstərə bilən poliklinika yerləşir. Məhz bu poliklinikada avqust ayının 25–də Heydər Əliyev Fondunun dəstəyi ilə israilli professorların iştirakı ilə qadınlarda ginekoloji və onkoloji xəstəliklərin müayinəsi keçirilib.
Dünən isə Heydər Əliyev Fondunun dəstəyi ilə İsrailin "Horev" tibb mərkəzinin professorları Yevlax şəhərində də qadınlarda ginekoloji və onkoloji xəstəliklərin müayinəsini keçiriblər. İsraildən gəlmiş 4 professor mərkəzi şəhər xəstəxanasında 40–dan çox qadını müayinə edib, onlara məsləhətlər verib.

Uşaqlara qayğı...

2008–ci il avqustun 26–da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Əzizbəyov rayonunun Binə və Zirə qəsəbələrində uşaqlar üçün şənliklər təşkil edib. Yeni dərs ilinin başlanması ərəfəsində Binə qəsəbəsindəki uşaq bağçasında təşkil olunan şənliyə klounlar da dəvət olunub. Bağçanın müdiri Validə Aydəmirova deyib ki, 2007–ci ilin mart ayında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO–nun və İSESKO–nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva buraya gəldikdən sonra binanın təmirinə başlanıb. Qısa müddətdə təmir olunan bağça bu il mayın 9–da istifadəyə verilib.
200 uşaq üçün nəzərdə tutulmuş bağçada məktəbəqədər hazırlıq qrupları da fəaliyyət göstərir. Azərbaycan və rus bölmələrinin mövcud olduğu bağçada uşaqlara ingilis dili də öyrədilir. Heydər Əliyev Fondunun uşaqlara bəxş etdiyi bayram şənliyi klounların şən və heyrətləndirici çıxışları, uşaqların şeir söyləməsi, həvəslə rəqs etməsi ilə yadda qalıb. Zirə park kompleksindəki Səadət sarayında təşkil edilmiş şənlikdə Bakının müxtəlif uşaq evlərində və internat məktəblərində təlim–tərbiyə alan, habelə Zirə qəsəbəsinin təhsildə fərqlənən şagirdləri iştirak ediblər. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO–nun və İSESKO–nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən şənliyə Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin təşəbbüsü ilə Azərbaycanda səfərdə olan Sankt–Peterburq şəhərindəki 46 nömrəli internat məktəbinin uşaqları və onların müəllimləri də gəliblər. Uşaqların sevincini bölüşmək, ən çətin vaxtlarda onların yanında olmaq kimi ali missiyanı öz üzərinə götürmüş Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində təşkil edilən əvvəlki şənliklərdə olduğu kimi, bu dəfə də respublikamızın tanınmış estrada müğənniləri, məktəblilərin özfəaliyyət kollektivləri, gənc istedadlar öz oynaq, şux mahnıları, rəqsləri ilə hamıda xoş ovqat yaradıblar.

Rəqslərə qoşulan, yallı gedən, məharətlərini göstərən uşaqların sevinci hədsiz olub. Çünki tanınmış sənətçilərin, klounların bir–birindən maraqlı çıxışları məhz onlara ünvanlanıb. Sankt–peterburqlu uşaqlar da öz həmyaşıdlarına qoşulub. Onların müəllimi Nadejda Vasilyeva şənlikdə iştiraklarından məmnunluqlarını söyləyib, Mehriban xanımın bu təşəbbüsünü yüksək qiymətləndirərək deyib ki, belə tədbirlər uşaqların yaddaşında silinməz iz buraxır.

Yeni Azəraycan.- 2008.- 27 avqust.- S. 4-5.