Hüseyn Cavidin ev-muzeyinin əməkdaşları hansı yönümlü verilişlərə üstünlük verirlər?

 

Növbəti sorğumuzu Hüseyn Cavidin ev-muzeyinin əməkdaşları arasında keçirdik. Onlara aşağıdakı suallarla müraciət etdik:

1.  Televiziyalarda hansı yönümlü verilişlərə üstänlük verirsiniz?

2. AzTV-də hansı verilişləri bəyənirsiniz, hansıları yox?

 

Gülbəniz Babaxanova,

direktor

1. Televiziyalarda kifayət qədər baxımlı və maraqlı verilişlər mövcuddur. Bir ədəbiyyatçı kimi məni ədəbiyyat sahəsi daha çox maraqlandırır. Dahi şəxsiyyətlərin həyat və yaradıcılığından bəhs edən verilişlərə baxıram. Azərbaycan filmlərinin müntəzəm olaraq nümayişi təqdirəlayiq haldır. Şou, əyləncəli verilişlərin bir qisminin yığışdırılmasını istərdim. Hal-hazırda gəncliklə, təhsillə, maarifçiliklə bağlı verilişlərə ehtiyac var. Tarixi mövzulu verilişlərə də geniş yer ayrılmasını istərdim. Xalqı tanıdan tarix, ədəbiyyat və mədəniyyət sahələridir. Bunların da ən yaxşılarını seçib efirə vermək lazımdır. Müğənnilərin həyatından bəhs edən verilişlər verməkdənsə, dahi şəxsiyyətlərimizin həyat və yaradıcılığından bəhs edən verilişlər verilsə, çox yaxşı olar.

2.  AzTV-də gedən bütün verilişlər maraqlıdır. "Ədəbi düşüncələr", "Vətəndaş", "Səhər" və s. kimi verilişlər baxımlı verilişlər siyahısındadır. Ədəbi verilişlər bu kanalda tez-tez yayımlanır. Yeni kəşflər, ədəbiyyat və mədəniyyətimizlə bağlı verilişlər olduqca baxımlıdır. Nə yaxşı ki, Mehriban xanımın səyi nəticəsində muğam sahəsinə maraq artdı. Nə yaxşı ki, bizim muğamımız dirildi. İstərdim ki, xalqı, milləti tanıda biləcək soy-kökümüzlə bağlı verilişlər verilsin. "Poeziya dəqiqələri", "Komediyalar aləminə səyahət", "Musiqi çələngi" verilişlərini bəyənirəm.

 

Fəridə İbrahimqızı,

elmi katib

1. Televiziyalarda mən elmi-publisistik verilişləri izləyirəm. Təbiətlə bağlı verilişlərin daha çox verilməsini istərdim. Belə verilişlər get-gedə azalır. Elmi kəşflər haqqında verilişlər tez-tez verilməlidir. Qədim, tarixi abidələrlə zəngin olan bölgələrdən verilişlər maraqlı verilişlər siyahısındadır. Şou verilişlərindən, seriallardan uzaqlaşmaq vaxtıdır. Aktual problemlərlə bağlı, gəncləri maraqlandıran mövzulara müraciət edilməlidir.

2. AzTV-də son zamanlar irəliləyişlər gözlə görülə biləcək dərəcədədir. Bu kanalda gedən "Ədəbi düşüncələr" və "Zamanla üz-üzə" verilişlərini bəyənirəm. Yazıçıların, ictimai xadimlərin fikirləri, söhbətləri maraqlıdır. AzTV-də səviyyə gözlənilir, estetik zövqün formalaşması nəzərə çarpır. Mən bu yaxınlarda bir hadisənin şahidi oldum ki, Azərbaycanda yaşayan əcnəbilər "Muğam" müsabiqəsini necə maraqla izləyirlər. "Məclisi-üns", "Yurd yeri" bəyəndiyim verilişlər siyahısına daxildir.

 

Nigar Babaxanova,

tərcüməçi

1.  Əsasən, mənim televiziyalarda bəyəndiyim sənədli və Azərbaycan filmlərinin nümayişidir.

2.   AzTV-də bəyəndiyim "Vətəndaş" verilişidir ki, burada maraqlı məqamlara toxunulur. "Muğam" müsabiqəsini çox bəyəndim. Azərbaycan filmlərinin tez-tez nümayişi xoşagələn hallardan biridir.

 

Cavid Cəfərov,

əməkdaş

1. Bu gün teleməkanımız sürətlə inkişaf edir ki, bu da seyrçilərə istədikləri mövzuda olan verilişlərə baxmaq imkanını genişləndirir. Lakin buna baxmayaraq, televiziyalarımızda müraciət olunmayan bir qədər maraqlı mövzular var. Çox istərdim ki, jurnalist araşdırmaları ilə bağlı verilişlərin sayı artsın. Bəzi kanallardakı qeyri-peşəkar, tarnaşaçıda əsəb oyadan aparıcılar efirdən yığışdırılsın, xəbərlərdə operativlik yüksəlsin, dublyajın səviyyəsi qalxsın və ən əsası, dilimizə, tariximizə, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşılsın. Yaxşı olardı ki, hərbi-vətənpərvərlik mövzusundä olan verilişlərin sayı və keyfiyyəti artsın. Müasir Azərbaycan üçün bu, olduqca vacib mövzudur.

2. Son dövrlər AzTV-də inkişaf gözlə görülə biləcək qədərdir, hiss olunur ki, kanal lider televiziya olmağa iddialıdır. Bu kanalda ən çox bəyəndiyim öz istehsalı olan telefilmlərdir. Bu filmlər olduqca maraqlı mövzuları əhatə edir. "Xəbərlər", "Kənd saatı", "Rakurs" verilişlərini xüsusi maraqla izləyirəm. Bu kanalda dublyaj olunan filmlər də olduqca ürəyə yatımlıdır. AzTV-də ən çox sevdiyim ölkə prezidentinin səfərləri, görüşləri ilə bağlı süjetlərdir. Bundan əlavə, "Ekran-Efir" qəzeti də, "TV plyus" jurnalı da olduqca yüksək səviyyədədir. Sevinirəm ki, dilimizin, mədəniyyətimizin, tariximizin keşiyində duran, günün istənilən vaxtı ailə ilə rahat şəkildə oturub izləyə biləcəyimiz bir kanal var.

 

Cəmilə Hüseynova,

elmi işçi

1.  Musiqili-əyləncəli verilişləri izləməyi xoşlayıram. Şou xarakterli verilişləri bəyənmirəm.

2.  Kanallar içərisində ən çox sevdiyim məhz AzTV kanalıdır ki, bütün verilişlərini izləyirəm. "Xəbərlər"ə müntəzəm olaraq baxıram. "Muğam dünyamız", "Səhər" proqramlarını çox bəyənirəm.

 

Elnarə Fərzəliyeva,

zal baxıcısı

1. Şou verilişlərini izləyirəm.

2. AzTV-də muğam verilişlərinə və Azərbaycan filmlərinə baxıram.

 

Elşən Allahverdiyev,

əməkdaş

1.  Məni daha çox siyasi, maarifləndirici, tərbiyəvi sahələr maraqlandırır. Elmi verilişlərə geniş yer ayrılmasını istərdim. Heyvanlar aləmindən bəhs edən, təbiətlə bağlı verilişləri bəyənirəm.

2. AzTV kanalında "Fotoklub", "Zamanla üz-üzə", "Xəbərlər", "Kinoklub", "Səhər görüşləri" bəyəndiyim verilişlər sırasındadır. AzTV-nin son vaxtlar izləyiciləri nəzərəçarpacaq dərəcədə artıb.

 

Ekran-efir.- 2008.- 15 fevral.- S. 5.