Qaliboğlu E.

 

Mənasız zövqlərdən üstün əhvallar yaratmaq üçün hər birimiz çalışmalıyıq


Zemfira Qafarova:
Уİndi səsi olmayan oxuyana, mahnısı beşgünlük bəstəkara УünlüФ deyirlərФ


Professor Zemfira Qafarova Azərbaycan musiqisinin müxtəlif problemləri ilə məşğul olan tanınmış sənətşünasdır.
Tanınmış rəssam Güllü Mustafayevanın ailəsində dünyaya gəlib, müğənni Əli Haqverdiyevin bacısıdır. Bəstəkarlar İttifaqının musiqişünaslıq bölməsinin rəhbəridir.
- Hələ tələbəlik illərindən Üzeyir Hacıbəyovun yaradıcılığına böyük marağım vardı. O zaman məşhur "Koroğlu" operası haqda yazdım, müəllimin xoşuna gəldi. Az sonra isə
bu mövzuda disssertasiya mövzusu götürdüm. İncəsənət İnstitutunda Qubad Qasımov vardı, Üzeyir bəy haqda ilk dəfə monoqrafiya yazmışdı. O, məni bu işə ruhlandırdı. O zaman Azərbaycanda bu sahədə elmi şura yox idi, müdafiəmi Daşkənd şəhərində etməli oldum. Anam Güllü Mustafayevanın həmin vaxtı necə həyəcanla, qayğıyla mənə həyan olmasını xatırlayıram. O, həmişə mənə tənqidi yanaşıb, səhvlərimi deyib.

- Üzeyir bəyin, ümumiyyətlə, Azərbaycan bəstəkarlarının irsi kifayət qədər tədqiq olunubmu? Bu sahədə daha hansı yeni tədqiqat qatları açılmalıdır?

- Təbii ki, çox tədqiqatlar aparılıb. Mən özüm bir çox Azərbaycan bəstəkarlarının yaradıcılığına müraciət etmişəm.
Bu yöndə monoqrafiyalarım var. Hacı Xanməmmədov haqda yazmışam. H.Xanməmmədov başlanğıcda Üzeyir bəyin tələbəsi olub, sonda Qara Qarayevdən dərs alıb. Baxmayaraq ki, Qarayevlə bir yaşda olub. İlk dəfə Azərbaycanda tar simfonik orkestr üçün ilk konserti yazıb. Bu mövzuda araşdırma aparmaq mənim üçün çox maraqlı oldu. Üzeyir bəyin tələbəsi, tanınmış bəstəkar Şəfiqə Axundova haqqında da kitab yazmışam.
Tofiq Bakıxanovla bağlı həm məqalələr, həm monoqrafiya yazmışam. Dayım Ramiz Mustafayevin xasiyyəti tünd olduğuna
görə, musiqişünaslar onun haqqında yazmağa çəkiniblər. Onun haqqında da yazmışam, amma deyəsən, o vaxtı dayımın xoşuna gəlmədi. Dayım olduğuna görə demirəm, R.Mustafayev yaxşı bəstəkardır, "Vaqif" adlı opera yazıb, bu yaxında 80 illiyi ilə əlaqədar Opera Balet Teatrında tamaşaya qoyulmuşdu. Tamaşada oynayan istedadlı gəncləri gördüm, sevindim.

- Azərbaycanda musiqimizin problemlərindən yazan gənc
sənətşünasların fəaliyyəti sizi qane edirmi?

- İstedadlı ardıcıllar var. Fərəh Əliyevanın, Aida Hüseynovanın, Zümrüd Dadaşzadənin, Lalə Hüseynovanın adlarını çəkə bilərəm. Təvazökarlıqdan uzaq olaraq deyim ki, oğlum Seyran Qafarovun da bu sahədə araşdırmaları var.
O, ney aləti ilə bağlı tədqiqatlarını dissertasiyada başa gətirdi. Hazırda Türkiyədə çalışır. İşinə məsuliyyətlə yanaşması məni çox sevindirir.
Amma bu gün cəmiyyətdə "elm maniyası" artıb. Elmə həvəsi olan da, olmayan da yazır. Təəssüf ki, indi kimin haqqında oldu, yüksək fikirlər söyləyirlər. Amma gərək hər şey obyektiv olsun. Səsi olmayan oxuyana, mahnısı beşgünlük bəstəkara "ünlü" deyirlər.
70-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının yaradıcı mühitini xatırlayıram: o vaxtı ittifaqa Qara Qarayev, Tofiq Quliyev kimi bəstəkarlar rəhbərlik edirdilər. Yadımdadır ki, yeni əsərlər mütləq müzakirə olunurdu. Əsərlər dinlənilirdi,
tənqidi fikirlər bildirilir, təkliflər deyilirdi. Deyilənlər nəzərə alındıqdan sonra əsərin ifa olunmasına icazə verilirdi. İndi bir az başqa cürdür. Radio-televiziyada cürbəcür mahnılar səsləndirilir, kimsə bilmir, bunları özləri yazıbmı? Adam belədə ruhdan da düşür ki, tənqid eləsəm, olacaq?

- Bu, o deməkdir ki, daha tənqid olmasın?

- Tənqid həmişə lazımdır. Bu sahədə mütəxəssislər fikirlərini deməlidirlər. Hər halda bəsit, mənasız təsəvvürlərdən, zövqlərdən üstün əhvallar yaratmaq üçün hər birimiz çalışmalıyıq.

- Yaradıcı mühitdə doğulmaq şəxsən sizə verib?

- İçərişəhərdə doğulmuşam. Anam şamaxılıdır, atamı İrəvanlı bilirdim. Sonradan sənədlərinə baxdım ki, atam Təbrizə yaxın yerdə doğulub. Gözümü açandan atamın, xüsusən tanınmış rəssam anam Güllü Mustafayevanın əsərlərini görmüşəm. Anam gözəl rəssam olmaqla yanaşı həm yüksək zövqlə piano çalırdı. Atam 1942-ci ildə məzuniyyətə qayıdır, ona deyirlər ki, müharibəyə getmə, deyir ki, komandirimə söz vermişəm, qayıtmalıyam. Qayıdır, əsir düşür, qayıdanda "Vətən xaini" kimi həbs olunur. 1953-cü ildə tamam qayıtdı, ilk dəfə onda üzünü gördüm.
Anam Güllü Mustafayeva Türkmənistanın Cərco şəhərində anadan olub. Babam Mustafa maarifpərvər kişi olub, indi orada adına küçə var. 1902-ci ildə Şamaxıda dəhşətli zəlzələ olanda şamaxılılar hərəsi bir yana gedib, bizim nəsil Aşqabada, Cərcoya üz tutub. 1927-ci ildə babam ailəsilə İçərişəhərə köçüb. Anamın musiqi savadı olduğu üçün məni musiqiyə yönləndirdi. Anam çox çətin bir həyat yaşayıb. Gənc yaşında iki uşaqla qalıb, olmazın çətinliklər görüb. Atamın həbsi ailəmizə olmazın çətinliklər gətirdi. Uzun müddət "xalq düşməni"nin ailəsi hesab olunmuşuq. Anama heç yerdə vermirdilər. Atam oradan xəbər göndərdi ki, boşan, taleyin işi belədir, məni gözləmə. Anam rəssam Nəcəfqulu ilə ailə qurdu. Bu evlilikdən anamın iki uşağı oldu, bunları özümə ögey yox, doğma bacı hesab edirəm.
Atam sürgündən qayıdandan sonra bir rus qadını ilə evləndi.
Həmin qadından 4 uşağı oldu. Heykəltəraş Hüseyn Haqverdiyev, rəssam Ucal Haqverdiyev (vəfat edib), rəssam-keramist Səidə Haqverdiyeva (hazırda Amerikadadır) nəhayət, Aidə bacım ingilis dili müəliməsidir. Orqançalan Rəna İsmayılova ana tərəfdən (Nəcəfqulunun qızı) bacımdır, hazırda Almaniyanın Köln şəhərində yaşayır. Sevinc bacım isə skripkada ifa edir.
Qardaşım Əli Haqverdiyev ata bir, ana bir doğma qardaşımdır. Uşaqlıqdan Əlini rəsm çəkən görmüşəm. O, həmişə deyirdi ki, ata nənəm olmasaydı, yəqin rəssam ola bilməyəcəkdim. Nənəm atamın rəsmlərini, karandaşlarını qoyurdu Əlinin qabağına ki, sən atan kimi rəssam olacaqsan. Əlini rəssamlığa necə həvəsləndirdisə, o, həm bu sənətə möhkəm bağlandı.
Bu, hesab edirəm ki, düşünməli məqamdır. Bir görürsən, valideynlər uşağın istedadına fikir vermirlər, o da təbiətin verdiyi qabiliyyəti aşkarlaya bilmir. Qardaşım bir neçə filmdə maraqlı obrazlar yaradıb. Ən yaddaqalanı "Dədə Qorqud"dakı Yalıncıq obrazıdır. Onun səsi ilə yanaşı həm yaxşı aktyorluğu vardı. O, müğənni aktyor kimi özünü göstərsə , rəssamlığı daha geniş aşkarlanmadı. Amma o, rəssamlıq sahəsində xeyli əsərlər yaradıb. Opera Teatrında çalışanların hamısının portretlərini yaratmışdı, özlərinə hədiyyə etmişdi. Moskvada, Leninqradda, Kiyevdə başqa şəhərlərdə konsertləri eyni zamanda da sərgiləri olurdu. Əli vəfat edəndə 53 yaşı vardı. Uşağı olmadığından ikinci dəfə ailə qurdu. İkinci evliliyindən bir oğlu oldu, qardaşım 2 il sonra vəfat etdi. İndi oğlu Fərhad 17 yaşındadır, Rəssamlıq məktəbində oxuyur, atası kimi rəssam olmaq istəyir.

- Türkiyədə pedaqoji fəaliyyətlə məşğul olmusunuz. Təəssüratlarınız necədir?

- 8 ilə yaxın Ədirnə şəhərində çalışdım. Orada ailəlikcə yaşayırdım. Konservatoriyada işlədim, Türkiyə mədəniyyəti, incəsənəti ilə yaxından tanış oldum, musiqi tarixindən dərs dedim. Baxdım ki, Vətənə qayıtmaq gərəkdir: yaş öz sözünü deyir

 

Xalq cəbhəsi.- 2008.- 2 fevral.- S. 14.