Şəkidə həvəskar rəssamların və tətbiqi sənət ustalarının

zona sərgisi keçirilmişdir

 

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Rəssamlar İttifaqı ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi münasibətilə Şəkidə həvəskar rəssamların, tətbiqi sənət ustalarının zona baxış-müsabiqə sərgisini keçirmişlər.

Sərgidə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan sənətkarlarının rəngkarlıq, sulu boya, qrafika, heykəltəraşlıq, xalçaçılıq, dulusçuluq, daş və ağac üzərində bədii oyma, musiqi alətləri, misgərlik, bədii tikmə və digər janrlar üzrə bir neçə yüz əsəri nümayiş etdirilmişdir.

Müsabiqədə fərqlənən müəlliflərə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanları təqdim olunmuşdur. Münsiflər heyətinin müəyyənləşdirdiyi ən yaxşı əsərlər baxış-müsabiqənin respublika turu üçün seçiləcəkdir.

Belə sərgilər respublikanın daha 7 zonasında keçiriləcəkdir. Yekun turu 2008-ci ilin sonlarında Bakı şəhərində olacaqdır.

 

Azərbaycan.- 2008.- 18 iyul.- S. 4.