Məhərrəmova T.

 

Müasir əsrimizin böyük sənətkarı

Musiqimizin çox uca bir münsifi Habil Əliyevin haqlı

qınaqları mədəniyyətimizi təhlükədən qorumaqdan qaynaqlanır

 

"Bizim xalqımız kamançanı çox yüksək qiymətləndirib. Ulu babalarımızdan qalan musiqi alətlərimiz tar və kamançadır. Başqa sənətlərə çox adam gedə bilər. Hər adam həkim də, müəllim də, mühəndis də ola bilər. Hamı tar-kamança da çala bilər. Amma sənin kimi çala bilməz. Buna görə də sən bu sənəti seçməyinlə fəxr edə bilərsən. Biz də sənin kimi kamança çalan Habillə fəxr edirik!". - Bu sözlər bir neçə il bundan öncə məşhur kaman ustası Habil Əliyevin ünvanına ümummilli liderimiz Heydər Əliyevin dilindən səslənib.

Kamanı əlinə alıb bir ustad məharəti ilə dilləndirməyə başladığı vaxtdan xalqın məhəbbəti ilə yanaşı, Habil Əliyevin ünvanına bu cür layiqli sözlər çox deyilib.

Xalq rəssamı Lətif Kərimov: "Habil bizim müasir günlərin, müasir dövrün sənətkarı deyil. Müasir əsrimizin böyük sənətkarıdır" - deyib. Akademik Bəkir Nəbiyev onun yaradıcılığını: "Habilin özündən savayı hələ heç bir kamançaçalan xalqa, cəmiyyətə mənəvi ünsiyyət mərhəmliyinə Habil miqyasında, Habil əzəmətində nail ola bilməyib" sözləri ilə dəyərləndirib.

Xalq artisti Rauf Hacıyev isə Habil Əliyevi Şərqin Paqaninisi adlandırıb: "Həbil Əliyev nəinki Azərbaycanda, hətta bütün Şərqdə kamança məktəbinin ən görkəmli nümayəndəsidir".

Akademik Vasim Məmmədəliyev Habil Əliyevi Azərbaycan kaman ifaçılığının zirvəsi adlandırır: "Kaman bir alət kimi Habilin əlində kaman olub. Habil Azərbaycanın qədim musiqi alətini ermənilərin əlindən alıb xalqımıza qaytardı. Habil kamançanı müşayiətçi alətdən solo alətə çevirdi. Bu, çox böyük nailiyyətdir".

YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın ustad sənətkarın 80 illik yubileyi münasibəti ilə "İstiqlaliyyət" ordeninə layiq görüldüyü zaman yubilyara ünvanladığı məktubu isə Habil Əliyevin yaradıcılıq bioqrafiyasını açmaq baxımından çox dəyərlidir: "Xalqımıza, mənəvi dəyərlərimizə böyük vurğunluq sizi minlərlə qəlbə hakim edib. Sehrli, qəlbləri riqqətə gətirdiyiniz ifanız musiqi mədəniyyətimizi xeyli zənginləşdirmiş, sizi isə mahir kamança ustası kimi respublikamızdan kənarda da şöhrətləndirmişdir. "Segah", "Bayatı-Qacar", "Bəstə Nigar", "Rahab", "Bayatı-Şiraz", "Cahargah" və bir çox digər muğamlarımız sizin ifanızda yeni kamança həyatı alıblar. Bəstələdiyiniz mahnılar isə tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunmaqdadır".

Heç şübhəsiz, Habil Əliyev haqqında deyilən bu yüksək fikirlər bir müddət öncə bəzi qəzet səhifələrində onun ünvanına söylənən sənətkarlıqdan uzaq fikirlərə gözəl cavabdır. Əlbəttə, payını götürən və anlayan olsa!

 

Haqlı qınaq

 

Habil Əliyev bir sənətkar gözü, bir ağsaqqal öyüdü ilə bu gün sənət aləmində meydan sulayan şou-biznes nümayəndələrinə haqlı qınağını gizlətmir. Axı min illərdir peşəkarlar milli musiqimizi göz bəbəkləri kimi qoruya-qoruya nəsildən-nəsilə ötürürlər. Bu gün onların bazarlaşan musiqi dünyamızda Azərbaycan musiqisinin alqı-satqı predmetinə çevrilməsinə, qeyri-professionallar tərəfindən hərraca çıxarılmasına ürək ağrısı ilə yanaşmaqda hamıdan çox haqları var. Habil Əliyevin təlaşı səbəbsiz deyil. Bir sənətkar narahatlığı ilə düşünür, doğrudanmı görəsən, milli musiqimiz çağdaş dünyanın bayağı zövqünə uyğun şəkildə dəyişərək tarixin yaddaş arxivinə gömüləcək? Necə ki, Xan və Seyid Şuşinskilərin, Sara Qədimovanın, Şövkət xanımın, Rübabə Muradovanın, Əbülfət Əliyevin, Cabbar Qaryağdıoğlunun, Keçəçi Məhəmmədin və barmaqla sayılası qədər nadir səs sahiblərinin səsi indi əfsanəyə dönüb. Bu gün efiri bürüyən bazar musiqisinin əsəbləri tarıma çəkən hay-küyündən bir an qopmaq mümkünsüzdür. Habil müəllim necə yanmasın ki, indiki bəstəkarların yazdıqları musiqimizə yad, yabançı ştrixlərdi! Necə danışmasın ki, bu gün musiqiçilərimizin əsas missiyası hansısa düşmən tendensiyaları gətirib musiqi zövqümüzə calamaqdı! Habil müəllim necə dillənməsin ki, indi meydan həvəskar musiqiçilərə verilib!

Qocaman sənətkar heç kəsə demir ki, oxumasın, yazmasın və ya ifaçılıq etməsin. Deyir ki, oxusunlar, yazsınlar, çalsınlar, amma milli musiqimizə yad xallar qarışdırmasınlar. Səhnədə abır-həyanı atmasınlar. Milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşsınlar. Sənəti sənət ucalığında saxlasınlar, bayağılaşdırmasınlar.

Qəribədir ki, bu gün Habil Əliyevin haqlı iradlarına dözməyib onunla əks cəbhədə duran bir qrup "müğənni" var. Səbəb də odur ki, kaman ustası onların bəzisini musiqimizi korlamaqda günahlandırıb. Təəssüf ki, bir çox "müğənni"ylə yanaşı, yurnalistlər də ağsaqqal sənətkarın öyüd-nəsihətinə özgə rəng verib onu nəinki gəncləri, hətta həmyaşıdı olan sənət dostlarını da gözü götürməməkdə, paxıllıq etməkdə suçlayırlar. Habil Əliyev dediyi fikirləri danmır. Amma bu sözlərin rəngini dəyişənləri qınayır: "Arif Babayev, Canəli Əkbərov bizim əsl sənətkarlarımızdır. Ancaq əfsus ki, onlar da yaşa dolublar. Xan Şuşinski də görkəmli xanəndə olub. Ancaq 70 yaşa çatanda səsi dayandı. Bu onun özündən asılı deyildi. Mən özüm instrumental alət ifaçısıyam. 35 yaşımda çaldıqlarımı 80 yaşımda çala bilərəmmi? Yaş öz işini görür. Sevindirici haldır ki, Babək, Ehtiram, Bəyimxanım kimi istedadlı gənclərimiz yetişir. İndi kamançaçalanlarımız çoxdur. Aralarında çox istedadlıları var, hamısını bəyənirəm".

Habil Əliyev özüqarışıq yaşlı sənətkarların estafeti gənclərə verməsinin tərəfdarıdır. Ancaq bir şərtlə ki, sənət aləmində layiqlilər olmalı, milli musiqi ənənələrimizi itib-batmağa qoymamalıdırlar: "Bizim çox böyük sənətkarlarımız olub. Bu gün bir çox oxuyanlar hansı yollasa sənət aləminə doluşublar. Bu sənət onların yeri deyil. Belələri hansı yollasa Xalq artisti adı alırlar. Bunlar muğamlarımızı ağızlarında çeynəyə-çeynəyə özlərini xanəndə hesab edirlər. Onlar dədə-babalarımızdan gələn yolu korlayırlar".

 

Habil Əliyev məktəbi

 

Bu gün tələbə ordusu ilə fəxr edənlər Habil Əliyevi tələbə yetişdirməməkdə də günahlandırırlar. Ancaq bütün kamançaçalanlar onu özlərinə müəllim hesab edirlər. Musiqi sənətimizdə Habil Əliyev məktəbi formalaşıb. Çox da ki, böyük sənətkar tələbə auditoriyasında tələbə yetişdirməyib. Ancaq televiziyanın auditoriyası, səhnə, xalq qarşısında açıq çıxışlar zamanı onun çalğısından görüb-götürənlərin sayı-hesabı yoxdur. Yaxşı ki, bu məlum həqiqəti dananlarla yanaşı, etiraf edənlər də çoxdur. "Mən Azərbaycan musiqisində tamam ayrı bir yol qoymuşam. Bunu heç kəs bacarmayıb. Bütün musiqiçilər həmin yoldan istifadə ediblər" - deyə Habil Əliyev haqlı olaraq bildirir.

Məgər Habil Əliyev deyir ki, mən kamanı yerə qoymuşam, heç kəs götürməsin? Məgər deyir ki, məndən sonra kamançaçalan olmasın?

 

Uca münsif

 

Bu gün Habil Əliyevin ifasına dodaq büzüb, onun yaradıcılığını "Cücələrim"lə məhdudlaşdıranlara millət vəkili Rafael Hüseynovun kaman ustadının 80 illik yubileyində söylədiyi fikirlər ən tutarlı cavabdır: "Habil Əliyev bu gün musiqimizdə yaşayan çox uca bir münsifdir. Ona bizim çox ehtiyacımız var. Hələ qarşıdakı illərdə daha çox ehtiyacımız olacaq. Kamançanın çox mahir ifaçıları olub. Ancaq kamança məhz Habil Əliyevin sayəsində əsrlərcə layiq olduğu ən uca mərtəbəyə çatıb. Bu, Habil Əliyevin bütövlükdə musiqi tariximizdə deyil, həm də kamançanın bioqrafiyasındakı müstəsna xidmətidir. Habil Əliyev kamançanı əsarətdən xilas etdi. Bu barədə ayrıca danışmağa ehtiyac var".

R.Hüseynov çıxışına: "Habil Əliyev çox şirin çalan, bal kimi çalğısı olan bir insandır. Ancaq Habil Əliyevin elə sözləri var ki, bal kimi yemək olmur. Habil Əliyev çalğısı ilə ürəkdən tikan çıxaran insandır. Ancaq Habil Əliyevin elə sözü var ki, insana ən qara tikandan da betər təsir edir. Habil Əliyevin sözü o zaman tikanlı olur ki, Azərbaycan mədəniyyətinə, musiqisinə təhlükə hiss edir" sözlərini əlavə etdi.

Habil Əliyev bu təhlükəni daim hiss edir. Təəssüf ki, danışmaqdan başqa da əlindən heç nə gəlmir. Danışanda da Rəfael Hüseynov demiş, yenə sözləri qara tikandan betər olur. Ancaq şou aləmin gündə bir dona girən nümayəndələri, sənətə üz tutmaq istəyən gənclər Habil Əliyevin sözlərindən nəticə çıxarsalar, daha yaxşı olar. "Bizim paxıllığımızı çəkir" kimi nalayiq sözləri mətbuat səhifələrində qabardıb ağsaqqalın üzünə olmaq isə heç kəsə başucalığı gətirmir.

 

Kaspi .-2008.- 10 iyul.- S. 14.