Məmmədova G.

 

Qaliblər müəyyən edilib

 

Son zamanlar Mədəniyyət və Turizm Nazirliyinin gördüyü təqdirəlayiq işlər sırasına daha biri əlavə edildi. Xalq teatrlarının I Ümumrespublika baxış-müsabiqəsi müvəffəqiyyətlə başa çatdı.

Xalq teatrımız Şəmkirdə keçirilən zona baxış-müsabiqəsinin seçim turunda münsiflər heyətinin diqqətini çəkərək II turda iştirak etmək hüququ qazandı.

44 Xalq teatrı arasından seçilərək finala çıxan 14 teatrın A.Şaiq adına Dövlət Kukla Teatrının səhnəsində uğurlu çıxışı oldu.

Teatrımız S.Rüstəmin "Çimnaz xanım yuxudadır" əsəri ilə çıxış etdi. Qafar rolunu teatrın rejissoru Mehman Quliyev, Çimnazı - Rayon Mədəniyyət və Turizm şöbəsinin əməkdaşı Lalə Məmmədova, Nabat rolunu isə Yaqut Ağayeva oynadılar. Teatrda həvəskar aktyor kimi fəaliyyət göstərən, peşəsi sürücü olan Şöhrət Məmmədov Əli obrazını yaratdı.

Mükafatlandırma mərasimi zamanı 14 xalq teatrına diplomlar təqdim edildi. Teatr Xadimləri İttifaqının xüsusi mükafatı da verildi (DVD - Player). Sonra isə ayrı-ayrı nominasiyalar üzrə qaliblər təltif olundu. Ən yaxşı qadın roluna görə Yaqut Ağayeva diplom pul mükafatına layiq görüldü.

Mərasimdə çıxış edən Mədəniyyət Turizm naziri Əbülfəs Qarayev son illər mədəniyyətin bütün sahələrində olduğu kimi teatrda da böyük canlanma yarandığını xüsusi vurğuladı.

Təqdimetmə mərasimindən sonra Mərdəkan xalq teatrının təqdimatında birinci yerin qalibi olan "Dəli Domrul" tamaşası göstərildi.

Xalq yaradıcılığının inkişafı, teatra gənc nəslin cəlb edilməsi, teatr sənətinə marağın artırılması məqsədilə keçirilən bu baxış-müsabiqədən biz çox böyük təəssüratla ayrıldıq. Tədbirin əhəmiyyəti o oldu ki, sənət adamları bir araya gəldi, fikir mübadiləsi etdi, bir-birlərinin repertuarı ilə maraqlandı, ən əsası bir-birlərindən nəyisə gotürdülər, nəsə öyrəndilər.

Şübhə yoxdur ki, teatrımız bundan sonra yeni-yeni tamaşalarla sənətsevərləri fərəhləndirəcəkdir.

 

Yeni Mədəni-maarif jurnalı.- 2008.- 3 6.- S. 35.