Quliyeva A.

 

Koreya rəqs qrupu Azərbaycan səhnəsində

 

Musiqili Komediya Teatrında Koreya Respublikasının Azərbaycandakı səfirliyinin, Koreya fondunun və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Çae" - Koreya ənənəvi incəsənət qrupunun rəqs konserti keçirilib. Konserti giriş sözüylə açan Koreyanın Azərbaycandakı səfiri ilk öncə "Çae" rəqs qrupu haqqında məlumat verib. O bildirib ki, "Çae" rəqs qrupu Çunq-Anq Milli Musiqi İncəsənət Assossasiyasının üzvü olan kollektivdir. Bu incəsənət qrupu xanım Çae Hyonq Sunun rəhbərliyi ilə adət-ənənə yaradıcılığa əsaslanmış səs, zərb alətləri rəqs vasitəsilə Koreya mədəniyyətini dünyaya nümayiş etdirməklə məşğuldur. Bu təşkilatın bütün üzvləri Çunq-Anq Universitetinin məzunlarındır onların fəaliyyəti xalqın mədəniyyətini yüksək səviyyədə təbliğ etməyə yönəlib.
   "Çae" qrupunun rəhbəri Çae Hyonq Su Azərbaycana səfərindən məmnun olduğunu bildirib.
"Azərbaycan haqqında ətraflı məlumatım olmasa da, nədənsə düşünürəm ki, bu iki xalqın incəsənəti bir-birinə yaxındır. Ona görə bu gün sizin qarşınızda məharətimizi göstərmək bizə böyük zövq verir".
   Daha sonra rəngarəng geyimlərdə səhnəyə çıxan "Çae" rəqs qrupu bir-birindən fərqli 10 rəqs nümayiş etdirib.
   

525-ci qəzet.- 2008.- 24 iyun.- S. 7.