Əzim Əzimzadənin ev-muzeyinin 40 illik yubileyi

 

Həmin gün 60 karikatura əsəri təqdim olunacaq

 

Azərbaycan karikaturaçı rəssamı Əzim Əzimzadənin ev-muzeyinin 40 illik yubileyi keçiriləcək. 1968-ci ildə yaradılan muzeydə karikaturaçı rəssamın həyat və fəaliyyətini əks etdirən sənət nümunələri yer almışdır.

Əzim Əzimzadənin ev-muzeyinin direktoru İradə  Əzimzadənin  qəzetimizə verdiyi məlumata əsasən, 40 illik yubiley tədbiri aprel ayının 30-da keçiriləcəkdir.

Tədbirdə Azərbaycan Mədəniyyət və Turizm  Nazirliyinin,   Rəssamlar  İttifaqının, Bakı şəhər Mədəniyyət idarəsinin rəsmiləri iştirak edəcəklər. Yubiley gecəsində Mədəniyyət  və Turizm naziri Əbülfəs Qarayev, Xalq rəssamı Fərhad Xəlilov, memar Ömər Eldarov və başqaları Əzim Əzimzadənin yaradıcılığı ilə bağlı öz görüşlərini ifadə edəcəklər. İradə Əzimzadənin sözlərinə görə, yubiley tədbirində Əzim Əzimzadənin əsərləri ilə yanaşı, onun davamçıları olan karikaturaçı rəssamların sənət nümunələri də sərgilənəcəkdir. Həmin gün 60 karikatura əsəri muzeyə qonaq gələn şəxslərə təqdim olunacaq. Qeyd olunan sayda əsərlər sırasında 20 karikatura əsəri Əzim Əzimzadəyə, 40 sənət nümunəsi isə onun davamçıları olan sənətkarlara məxsusdur. Yubiley tədbiri həm də Əzim Əzimzadənin 128 illiyinə təsadüf edir. Məhz yubileyin aprel ayında keçirilməsi də onun doğum günü ilə əlaqədardır.

Muzeyin direktoru söhbət əsnasında qeyd etdi ki, Əzim Əzimzadənin 130 illiyi ilə əlaqədar olaraq albom buraxılmasını nəzərdə tutmuşdur. Artıq o, üç ildir ki, həmin albom üzərində işləyir. Bu alboma Əzim Əzimzadənin 4 üslubda karikatura, şəbəkə, təbiət, portret əsərləri və iki üsulda yaratdığı rəngli boya və karikatura nümunələri daxil ediləcəkdir. Onu da vurğulayaq ki, bu alboma daxil olacaq əsərlərin əksəriyyəti rəsmsevənlər üçün yeni və orijinaldır. Əzim Əzimzadənin yaradıcılığının 35 illiyi ilə əlaqədar olaraq Moskva kitabxanasında sərgilənən əsərlərini muzeyin direkloru əldə etmiş, həmin ornamentləri alboma daxil etməyi nəzərdə tutmuşdur.

 

Səs.- 2008.- 13 mart.- S. 12.