Hacıyev G.

 

 

Mədəni irsi qorumasan, öyrənməsən zənginləşdirə bilməzsən

 

Ölkəmizin müasir inkişaf manifesti Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası dünyanı, sözün əsl mənasında, heyrətləndirməkdədir. Qısa müddətdə tarixi baxımdan böyük işlərin gerçəkliyə çevrilməsi nəticəsində ölkə həyatının digər sahələri kimi mədəni sfera da yeni yüksəliş mərhələsinə daxil olmuşdur. 2007-ci ildə bu sahənin inkişaf etdirilməsi ilə bağlı 50-dən artıq fərman və sərəncam imzalanması dövlət başçısının milli mədəniyyətin tərəqqisinə diqqətinin canlı nümunəsidir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fəal dəstəyi, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı ilə həyata keçirilən layihələr nəticəsində xalqımızın mədəni irsinin nadir inciləri YUNESKO-nun Dünya irsi siyahısına daxil edilməklə, bəşəri dəyər və status almışdır. Bu gün mədəniyyətimizə, incəsənətimizin və musiqimizin inkişafına ulu öndər Heydər Əliyevin himayədarlığı ölkə başçısının nümunəsində uğurla davam etdirilir. Müstəqil dövlətimiz milli mədəniyyətimizi dünya miqyasında tanıdır, onun yeni uğurlarına qapı açır. Ötən il İslam Konfransı Təşkilatının Bakı şəhərini 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan etməsi ən böyük mədəni uğurlarımızdandır. Bu nəticələr ölkənin çoxsaylı mədəniyyət və turizm işçilərinin də qürurunu artırır, bizi mədəni tərəqqiyə töhfəmizi artırmağa həvəsləndirir. Bütün bunlar barədə Mədəniyyət və Turizm Nazirliyinin rayonumuzda keçirdiyi builki ilk kollegiya iclasında geniş söhbət açıldı, həlli vacib məsələlər önə çəkildi.
Goranboy Rayon Mədəniyyət və Turizm Şöbəsinin kollektivi də qarşıya qoyulmuş vəzifənin ölkə Prezidentinin məqsədyönlü və davamlı sosial-iqtisadi, mədəni siyasətinin əhali arasında təbliği, qədim və zəngin milli-mənəvi irs və dəyərlərimizin yaşadılması və inkişaf etdirilməsi, əhaliyə göstərilən mədəni xidmətin məzmunca yeniləşdirilməsi ilə bağlı işlərin yerinə yetirilməsinə maksimum səy göstərir.
Ölkəmizdə olduğu kimi, rayonumuzda da mədəni sahədə son illərdə ciddi işlər görülmüşdür. Goranboy şəhər və Xoylu kəndi Tarix-Diyarşünaslıq Muzeyləri əsaslı şəkildə yenidən qurulmuşdur. Dəliməmmədli uşaq kitabxanası üçün yeni oxu zalı tikilmişdir. Şəhər İncəsənət Məktəbinə yeni binanın, Dəliməmmədli uşaq musiqi məktəbinə əlavə korpusun və mədəniyyət evinə yardımçı otaqların tikintisi davam etdirilməkdədir. Rəsm Qalereyasına yeni inzibati binanın tikintisinə yaxın günlərdə başlanacaqdır.
Ötən il Goranboy şəhərində Heydər Əliyev Parkının müasir dizaynda yenidən qurulması işləri davam etdirilmişdir. 2 mədəniyyət evi, 3 musiqi məktəbi, 5 kitabxana filialı da əsaslı təmir edilmişdir. Ümumilikdə, mədəniyyət obyektlərində 59 min manatlıq tikinti-təmir işləri aparılmış, 34 min manatlıq inventar və avadanlıq alınmışdır.
Muzeylərin və kitabxanaların xidmətində irəliləyiş əldə olunmuşdur. Ötən il muzeylərimizdə 8 min nəfərdən çox adam olmuş, kitabxanalarımız isə 29 min nəfərə xidmət göstərmişdir. İki kitabxana filialı yeni binaya köçürülmüşdür. Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin muzeylər vasitəsilə təbliği və öyrənilməsinə diqqət yetirilir. Avropa və Asiyanın 17 ölkəsindən olan qonaqlara muzeylərdə diyarın tarixi, mədəni-siyasi inkişafı haqqında yetərincə bilgi verilmişdir. Mədəniyyət və Turizm Nazirliyi rayonumuzdakı Heydər Əliyev Muzeyində sənədlərlə iş təcrübəsinin öyrənilməsini ətraf rayonlara da tövsiyyə etmişdir.
İnformasiya məlumatlarının sürətlə alınması və ötürülməsi müasir kitabxana xidmətində çeviklik tələb edir. Bu məqsədlə kitabxanaların elektron avadanlıqla təmin olunması, yeni kitabxana mərkəzlərinin yaradılması da diqqətdə saxlanmışdır. Yaxın günlərdə Qızılhacılı qəsəbəsində belə bir mərkəzin yaradılmasına başlanacaqdır. Bununla da yararsız otaqlarda yerləşən kitabxanaların yeni binalara köçürülməsi işləri sürətlənəcəkdir.
Son 1 ildə rayonun 66 klub müəssisəsi tarixi hadisələr və əlamətdar yubileylərlə bağlı 74-dən artıq tədbir keçirmişdir. Sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, zəruri inventara olan ehtiyacın ödənilməsi məqsədilə Goranboy Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyindən 700 oturacaq və digər avadanlıq almışıq. Rayon rəhbərliyi büdcə xərclərinə yenidən baxdıqdan sonra mədəniyyət obyektlərində əsaslı təmir, inventar və avadanlıq üçün ayırmalar ikiqat artırılmışdır. Bu isə müəssisələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsində dönüş yaratmağa imkan verəcəkdir.
Keçən il Goranboy şəhər 2 saylı klubu yeni binaya köçürülmüşdür. 17 ildən sonra vaxtilə ölkəmizi Bolqarıstanda, Rumıniyada, Hollandiyada layiqincə təmsil etmiş Goranboy xalq teatrının və folklar qrupunun fəaliyyəti bərpa olunmuşdur. Bu kollektivlər müxtəlif müsabiqələrdə uğurla çıxış edirlər. Yaxın aylarda respublikada ilk dəfə olaraq bizim rayonda yeni bir layihənin reallaşması kənd mədəniyyət mərkəzinin yaradılması bu sahədə köklü işlərin görülməsinə şərait yaradacaqdır.
Hazırda rayonda 113 daşınmaz tarix və mədəniyyət abidəsi mühafizə olunur. Abidələrimiz tarixilik baxımından qədim və möhtəşəmdir. Onların uzunömürlülüyünü təmin etmək məqsədilə Rəhimli türbələr kompleksinin elmi bərpası Mədəniyyət və Tarizm Nazirliyinin, Azərbaycan Atabəylər dövlətinin alınmaz qalası olan Şətəl şəhərinin ərazisində və Səfikürd kurqanlarında arxeoloji qazıntıların aparılması isə Arxeologiya və Etnoqrafiya İnstitutunun 2008 2009-cu illər üçün iş planına daxil edilmişdir. Ötən müddət də Sarov, Baxçakürd və Zeyvə kəndlərində, Qızılhacılı qəsəbəsində, Dəliməmmədli və Goranboy şəhərlərində yerləşən tarix-memarlıq abidələri və komplekslərində təmir və abadlıq işləri aparılmış, işlərin davam etdirilməsi nəzərdə tutulmuşdur.
Təəssüf ki, torpaq islahatları aparılan zaman bəzi abidələrin yerləşdiyi sahələr, xüsusilə kurqan və qala yerləri pay mülkiyyətinə verilmişdir. Zəbtetmələr də qalmaqdadır. Bəzi kurqan abidələrinin yerləşdiyi ərazidən qum, çınqıl mənbəyi kimi istifadə edilir. Belə hallar abidələrin mühafihə işində əlavə problemlər yaradır. Goranboy abidələrinin elmi tədqiqini davam etdirmək lazımdır. 2003-cü ildə Borsunlu kurqanlarından əldə olunmuş qiymətli nümunələr bu torpaqlarda min illərdən bəri türkdilli xalqların yaşadığını sübuta yetirmişdir.
Rayonun Aşağı Ağcakənd və Gülüstan əraziləri təbii relyefinə görə turizmin inkişafı üçün əlverişli və iqtisadi potensiala malik zonalar kimi seçilmişdir. Artıq Aşağı Ağcakənd ərazisində 2 turizm istirahət mərkəzi fəaliyyət göstərir. Burada yeni obyektlər də salınacaq. Rayonda turizmin inkişaf etdirilməsi məqsədilə iş adamları, turizm şirkətləri, qeyri-hökumət təşkilatları fəal təşviq olunur.
Goranboy rayonu üzrə turizm marşurutu da tərtib olunmuşdur. Birincisi marşrut Goranboy şəhərini (muzeylər, Rəsm Qalereyası, İstirahət Parkı), Rəhimli kəndini (XVIII əsr türbələr kompleksi, IXXII əsrlərə aid kənd qəbristanlığı), Şətəl şəhər qala yerini (VIXII əsrlər), Səfikürd kəndini (e.ə. I minilliyin II yarısı kurqanlar, XVII əsr türbə, XXIII əsrlərə aid kənd qəbristanlığı, qədim kəhrizlər), Meşəli kəndini (VIXII əsr Alban məbədi), Aşağı Ağcakəndi (turist istirahət mərkəzləri) əhatə edir. İkinci marşrut Goranqboy şəhərindən başlanmaqla (muzeylər, Rəsm Qalereyası, İstirahət Parkı) Balakürd kəndindən (qədim toysar ocağı), Qızılhacılı qəsəbəsindən (XVIII əsr məscid), Naftalan şəhərindən (müalicəvi neft buruqları), Səfikürd kəndindən (e.ə. I minilliyin II yarısı kurqanlar), Meşəli kəndindən (Alban məbədi VIXII əsr), Aşağı Ağcakənd qəsəbəsindən (istirahət güşələri), Börü Mənəşli Buzluq kəndlərindən (yaylaqlar, təbiət mənzərələri, bulaqlar və s.) və Gülüstan kəndindən (XII əsr Gülüstan qalası) keçir.
Bu ildən rayonumuzda kənd mədəniyyət günləri həftəsinin keçirilməsinə başlanmışdır. Xalça sərgisinin təşkili Qızılhacılı qəsəbəsində xalça muzeyinin yaradılması üçün təşkilati işlər aparılır.
Goranboylular həmişə dövlət və dövlətçiliyimizə dərin ehtiram və sədaqətləri ilə seçilmişlər. Bu gün də onlar regionun iqtisadi ehtiyatlarının və potensialının ölkəmizin tərəqqisi naminə istifadə edilməsində əzmkarlıq nümayiş etdirirlər. Rayonun mədəniyyət və turizm kollektivləri bu prosesdə fəal iştirak etməklə, milli-mədəni dəyərlərimizi öyrənmək, təbliğ etmək və zənginləşdirmək işinə töhfələrini bundan sonra da artıracaqlar. Tarix göstərir ki, mədəni irsinə hörmətlə yanaşmayan xalqların aqibəti acınacaqlı olur. Bu baxımdan bizim öyünməyə haqqımız olduğu kimi, görməyə işlərimiz də çoxdur. Yaxşı deyiblər ki, mədəni irsi qorumasan, öyrənməsən zənginləşdirə bilməzsən.

 

Xalq qəzeti.- 2008.- 15 mart.- S. 9.