Cavid ömrü: ilk baxış, ilk təəssürat

 

Bu yaxınlarda televiziya ilə yenicə istehsal olunmuş "Cavid ömrü" filminə baxdım. Böyük mütəfəkkir Hüseyn Cavid haqqında bilgilərim zənginləşdi, xalqımızın bu istedadlı ziyalısının ömür yoluna yenidən nəzər saldım. Açığını deyim ki, Cavidin həyat yolu və yaradıcılığı haqqında oxuduğum əsərlər arasında Rəfael Hüseynovun "Vaxtdan uca" əsəri məni daha çox tutmuşdu və nədənsə hələ o kitabı oxuyarkən onun ssenari kimi işlənməsi ürəyimdən keçmişdi. Amma Cavid haqqında kinossenarini görkəmli yazıçımız Anar yazdı. Anar kinematoqraf sahəsində öz qələmini dəfələrlə sınayıb, neçə-neçə ssenari yazıb, filmlər çəkib. Ulu öndərin sərəncamı ilə çəkilən bu filmin də ssenarisinin müəllifi odur və film uzun intizardan sonra rejissor Ramiz Həsənoğlunun quruluşunda ekran həyatı tapdı.

Söz yox ki, böyük istedad sahibi Hüseyn Cavidin həyat yolu, yaradıcılığı kinematoqraf üçün kifayət qədər dramaturji material verir və müəlliflər əsas diqqəti "sənətkar və zaman" motivləri üzərində qurmuşlar. Aydındır ki, müəlliflər kinodram janrının əsas xüsusiyyətləri və qanunları çərçivəsində Hüseyn Cavidin şəxsi həyatını ictimai mühitin fonunda qurmuş, insan taleyinin faciəsini də buraya məharətlə əlavə edə bilmişlər.

"Hər kəs zəmanəsinin övladıdır" deyimi əslində ona görə doğrudur ki, insan doğulub yaşadığı mühitin, ətraf aləmin bir nümayəndəsi kimi heç vaxt özünü bu mühitdən kənarda hiss edə bilməz. Əks halda zəmanənin qorxunc cəzalarına məhz qalır və özünü məhvə yuvarlayır. Cavid zəmanəsinin fövqündə dayanan bir sənətkar, şair, dramaturq idi. Müəlliflər də məhz bu ucalığı, bu yüksək mənəvi yaşantıları ekrana gətirməklə mənəvi dəyərlər barədə bizi düşünməyə sövq edirlər.

"Cavid ömrü" klassik ənənələrə söykənən filmdir. Orada yalnız bir şairin taleyi deyil, bir xalqın mənəvi dünyasını yaşatmaq səyi var. Və mənə belə gəlir ki, film bizim haqqımızdadır. Bizim xalqın mənəviyyatına zaman-zaman olunan təcavüz haqqındadır.

Cavidin yaşadığı dövrün ağrıları haqqında çox kitablar yazılıb, fılmlər çəkilib. Heç kəsə sirr deyil ki, Stalin rejiminin yaratdığı qanlı ideologiya neçə-neçə istedadları aparıb. Bu gün izsiz-soraqsız itən həmin insanların taleyi əslində dərs olmalıdır. Xalq öz mənəviyyatını qorumağı bacarmalı, onu gələcək nəsillərə çatdırmalıdır.

Qəribədir, bir dövlət başçısının əmri ilə əsərlərinə qadağa qoyulub Sibirə sürgün olunan Cavid, digər dövlət xadiminin səyi ilə ölümündən sonra cəsədi Vətənə qaytarılıb. Ona heykəl qoyalub, ev muzeyi yaradılıb, adına küçələr, parklar, xiyabanlar salınıb. Xalqın oğlunu Vətənə qaytaran dövlət başçısını xalq necə sevməyə bılər? Mən müəlliflərin filmə qoşduğu həmin tarixi sənədli epizodları yerində və əhəmiyyətli hesab edirəm. Və elə filmin də finalında ümummilli liderin Naxcıvanda Cavidin məqbərəsinin açılışındakı iştirakını əks etdirən kadrlar yüksək təsirli epizodlardır.

"Cavid ömrü" fılmi həm də bir ailənin faciəsi haqqında filmdir. Bu film Cavidlə yanaşı Müşkünaz xanımın, Ərtoğrulun, Turanın faciəsi idi. Bu həm də ümumiləşdirilmiş bir ailənin faciəsidir. O dövrün repressiya qurbanlarının hər birinin ailəsi bu ağrıla yaşamamışmı?

Mən baş rolun ifaçısı Rasim Balayey haqqında, onun sənətkarlığı barədə danışmaq istəmirəm. Amma bu filmdəki işi barədə bəzi fikirlərimi oxucularla bölüşmək istərdim. Əvvəla onu deyim ki, Rasim elə bil Cavidi tam qrimsiz ifa edir. Gözündəki eynək istisna olmaqla, heç bir əlavə qrim elementi görünmür. Bunu başqa aktyorlar üçün də demək olar. Cavid uzaq dövrün adamı deyil. Onun şəxsi fotoları da qalmaqdadır. Bəs elə isə nəyə görə filmin qrim ustası bu vəziyyəti nəzərdən qaçırmışdır. Buna baxmayaraq, Rasim obrazı hiss edib duyaraq oynayır və elə bilirərn, onun rolları arasında Cavid Əfəndinin özünəməxsus yeri var. Yəqin ki, kinotənqidçilər də buna öz münasibətlərini bildirəcəkr. Rasim Cavidi qəlbən yaradıb. Hiss olunur ki, o çox ciddi sarsıntılar içərisindədir. Xüsusilə həbsxanada Müşkünaz xanım və uşaqları ilə görüşündə bu daha aydın hiss olunur. Onun ifasında Cavidin əsil sənətkar, ailəsini, uşaqlarını ürəkdən sevən bir insan olduğıı açıq-açıqdan görünür.

Rasim Balayevin Cavidi dövrünün ağrıları duyan, xalqının dərdini yaşayan bir sənətkardır. O, ailəsinə ürəkdən bağlıdır. Ümumiytlə, Cavid Rasim Balayevin yaratdığı ikinci şair ömrüdür. Lakin Cavidi Nəsimi ilə müqayisə etmək olmaz.

Filmdə Mircəfər Bağırovun rolunu ifa edən Ramiz Novruzovun da ifasını qənaətbəxş hesab etmək olar. Lakin burada da qrimlə bağlı çatışmazlıqlar aydın hiss olunur. Bu xalqın yaddaşında Mircəfər Bağırovun çox aydın obrazı yaşayır. Onu məhz elə xalqın yaddaşında olduğu kimi vermək daha məqsədəuyğun olardı.

Filmdə Müşkünaz xanım rolunda çəkilmiş Dilarə Əliyeva kinoda ilk addımlarını atır. Buna baxmayaraq hiss olunur ki, aktrisa obrazı duyub.

Digər aktyorların işi barədə də müsbət fikirlər söyləmək olar. Amma bizə belə gəlir ki, rejissor bəzən aktyor seçimində daha ciddi götür-qoy etməli idi. Aktyor Məmmədsəfanın rolu isə filmin uğurlu tapıntılarındandır. Onun "iblis" siması tamaşaçıda sözün əsl mənasında hiddət, nifrət yaradır.

Ümumiyyətlə, filmdə təsirli kadrlar çoxdur. Xüsusilə, Cavidin həbsxana həyatı ilə bağlı epizodlara həyəcansız baxmaq olmur. Əlbəttə ki, film qüsurlardan da xali deyil. Həm rejissor işində, həm aktyor oyunlarında, həm də yuxarıda qeyd etdiyimi kimi, qrim işində irad tutulası elementlər var.

Azərbaycan xalqı başı min bir müsibətlər çəkmiş Cavid haqqında onun özünə layiq film gözləyirdi. Bu film isə Cavidin ömür yoluna sadəcə bir nəzərdir. Onu kino sənətimizin böyük nailiyyəti kimi qiymətləndirmək olmaz. Sadəcə, fılm çəkilməli idi və çəkildi. Bunlar, əlbəttə ki, bizim subyektiv fıkirlərimizdir.

 

Xalq qəzeti.- 2008.- 14 mart.- S. 6.