Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Arif Babayevi qəbul etmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 29-da Prezident sarayında Xalq artisti, professor Arif Babayevi qəbul etmiş, Azərbaycan muğam sənətinin inkişafındakı böyük xidmətlərinə görə "İstiqlal" ordenini ona təqdim etmişdir.

Prezident İlham Əliyev görkəmli muğam ustasına müraciətlə dedi:

-  Mən sizi Azərbaycan dövlətinin yüksək mükafatı olan "İstiqlal" ordeni ilə təltif etmişəm və istəyirəm bu gün bu ordeni özüm sizə təqdim edim.

Xalq artisti Arif Babayev dövlətimizin başçısına təşəkkür edərək dedi:

-  Cənab Prezident, çox  sağ olun, Sizə minnətdaram. Müstəqil Azərbaycanımızın bu yüksək ordenini mənə verdiyinizə görə Sizə öz adımdan, ailəmin adından qarabağlıların adından təşəkkürümü bildirirəm.

İlham Əliyev: Siz buna layiqsiniz. Azərbaycan xalqı qarşısında böyük xidmətləriniz olmuşdur. Həmişə öz sənətinizlə bütün Azərbaycan xalqını sevindirmisiniz.

Dövlət başçısı "İstiqlal" ordenini Arif Babayevə təqdim edərək, onu bir daha təbrik etdi.

Arif Babayev: Cənab Prezident, çox sağ olun, minnətdaram. Mən çalışacağam ki, bu etimadı doğruldum. qədər ömrüm var, öz sahəmdə əlimdən gələni əsirgəməyəcəyəm. Mən bunu ürəyimlə, varlığımla deyirəm ki, son zamanlar Azərbaycan başdan-başa dəyişir, gözəlləşir, abadlaşır. Hər şeyi xalqımız görür. Qarşıdan seçkilər gəlir. Xalqımız ürəklə, canla-başla Sizə səs verəcəkdir. Siz Prezident olduğunuz bu müddətdə çox böyük, əvəzolunmaz işlər görmüsünüz. Allah ulu öndər Heydər Əliyevə rəhmət eləsin. Siz onun davamçısı kimi hər sahədə çox böyük işlər görürsünüz. Vallah, bizim rayonlara gedəndə gərək rezin çəkmə alıb geyinəydin. indi, maşallah, ölkəmizin hər bölgəsində, rayonlarda gözəl asfalt çəkilir, evlər tikilir. Hansı rayona gedirsən, hansı bölgəyə gedirsən, hamısı gözəldir, indi o rayonları tanımaq olmur. Bunun hamısı Sizin qayğınızdır. Allah Sizə yar olsun.

Mehriban xanıma da biz öz təşəkkürümüzü bildiririk. Mehriban xanımın bizim muğam sahəsində həyata keçirdiyi layihələri bütün dünya alqışlayır. Bu yaxınlarda müsabiqələr oldu. O müsabiqələrdə telefon zənglərinin ardı-arası kəsilmirdi. Bütün dünyanın hər yerindən azərbaycanlılar zəng edirdilər. Heç vaxt milli musiqimiz bu zirvəyə qalxmamışdı, bu ucalıqda olmamışdı.

İlham Əliyev: Əlbəttə, biz elə etməliyik ki, ölkəmiz hərtərəfli inkişaf etsin. Həm regionlarda, həm Bakıda görülən işlər Azərbaycanı gücləndirir, insanlar üçün daha da yaxşı şərait yaradır. İndi Bakı şəhərini görürsünüz, necə gözəlləşir. Həm rayonlar, həm infrastruktur, həm binalar, həm yollar - hər şey. O cümlədən bizim mədəniyyətimizə böyük diqqət göstərilməlidir. Mən həmişə demişəm ki, bizi bir millət kimi assimilyasiyadan qoruyan mədəniyyətimiz, dilimiz, musiqimiz əsərlərimiz olubdur. Ona görə biz bu sahəyə daim böyük diqqət göstərməliyik. Muğam sənətinə Azərbaycan xalqının qəlbində olan məhəbbəti biz bir daha müsabiqədə gördük. Siz yaxşı bilirsiniz ki, xaricdə yaşayan bütün soydaşlarımız  televiziya vasitəsilə baxırdılar Azərbaycan vətəndaşları da baxırdılar. Hamımız çox sevinirdik ki, gənc nəsil yetişir. Yəni bu sənət davam edir bunun gələcəyi çox gözəl olacaqdır.

 

Azərbaycan.- 2008.- 1 mart.- S. 1.