Mükərrəmoğlu M.

 

Bakı sirkinin yeni proqramı

 

Son illər Bakı Dövlət Sirkinin fəaliyyətində canlanma aydın hiss olunmaqdadır. Öz maraqlı proqramları ilə paytaxt sakinlərinin böyük rəğbətini qazanan sirkin kollektivi hər yeni mövsumdə dünyanın məşhur sirk ustalarını dəvət edir, onların çıxışlarını təşkil edir. Budur, yaz mövsümündə daha bir proqram bakılılara təqdim olunur.
Yeni proqram hansı əlamətləri ilə fərqlənəcək, hansı sirk kollektivləri Bakıya dəvət olunmuşdur? Bu sualları Bakı sirkinin direktoru Vaqif Bağırzadə cavablandırır.

– Bu proqrama üç məşhur sirkdən nümayəndələr dəvət olunmuşdur. Böyük Moskva Sirkinin, Nikulin sirkinin artistləri, Latviyadan Riqa sirkinin nümayəndələri artıq dünən ilk çıxışlarını etmişlər. Janrlar rəngarəngdir. Burada hava gimnastları da var, Nikulin sirkindən məşhur klounlar, akrobatlar da var. Onların da ifaları teatrlaşdırılmış formada təqdim olunur. Yəni hər bir nömrə xüsusi süjetə uyğunlaşdırılmışdır.

Biz həmişə yeni sirk proqramı tərtib edərkən çalışırıq ki, onlar bizim tamaşaçıların ürəyincə olsun. Hər dəfə tamaşalarımız böyük maraqla qarşılanır. Eyni artistləri gətirmirik, istəyirik ki, proqramda məşhur aktyorlar, sirk aləmində tanınmış mütəxəssislər olsun. Sirk sahəsində dünyada məşhur aktyorlar çoxdur, amma biz seçim edərkən istəyirik ki, yeni, maraqlı sirk nömrələri ifa edən artistlər dəvət olunsunlar. Aktyorların titullarına da diqqət yetiririk.

Əməkdar artist Vladimir Sarıkinin nömrələri çox maraqlıdır. O, üç böyük şimpanze ilə çıxış edir. Onun nömrələrində detektiv elementlər var.

İtlərlə Marina Lapiyadanın yaxşı nömrələri var.

Nikulin sirkindən olan Andrey Averuşkin ailəvi proqramda iştirak edir.

Sirkin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov əlavə olaraq bildirdi ki, bizim sirkin tamaşaçıları əsasən bakılılardır. Bizdə yaxşı qəbul olunan proqram, ola bilsin ki, Avropa ölkələrində o qədər müsbət qarşılanmasın. Biz öz tamaşaçılarımızı tanıyırıq gətirdiyimiz proqram da onların maraq dairəsinə uyğunlaşdırılır.

Bizim tamaşaçını aldatmaq da mümkün deyil. Onlar xoşları gəlməyən nömrələri, ümumiyyətlə, qəbul etmirlər. Dünən ilk nümayiş zamanı tamaşaçılar bizim proqramı alqışlarla qarşıladılar. Bizim sirkdə hava nömrələrinə xüsusi maraq var. İndiki proqramda da belə nömrələr çoxdur.Yeni proqram aprelin 6-na kimi davam edəcək. Ayrıca xeyriyyə tamaşası da göstərəcəyik. Proqram iştirakçıları da bu təşəbbüsü bəyənmişlər. Bakı sakinlərini, şəhərimizin qonaqlarını yeni proqrama baxmağa dəvət edirik.

 

Xalq qəzeti.- 2008.- 19 mart.- S. 7.