Nisə

 

Rafiq Əzimovun 70 illik yubileyi keçirildi

 

Fevralın 14-də Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Xalq artisti Rafiq Əşrəf oğlu Əzimovun 70 illik yubiley gecəsi böyük təntənə ilə qeyd olundu.

Tədbiri giriş sözü ilə teatrın bədii rəhbəri və direktoru Maqbet Bünyadov açaraq teatrın bütün yaradıcı heyəti adından Rafiq Əzimova xoş təbriklərini ünvanladı. Daha sonra Mədəniyyət və Turizm Nazirliyi adından  məsul katib Nahidə İsmayılzadə çıxış etdi.

Teatr Xadimləri İttifaqının məsul katibi Kəmalə Cəfərzadə İttifaqın sədri - Xalq artisti Azər Paşa Nemətovun və heyətin adından yubilyarı təbrik etdi. Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyəti adından Həmidə Ömərova Rafiq Əzimovun kino fəaliyyətindən söhbət açaraq, ona bundan sonrakı fəaliyyətində sənət uğurları arzuladı. Yubiley gecəsində Rafiq Əzimovun sənət dostları Amaliya Pənahova və Xalq artisti Səyavuş Aslan da çıxış etdilər. Gecədə Rafiq Əzimovun iştirak etdiyi teatr və televiziya tamaşalarından, çəkildiyi filmlərdən fraqmentlər nümayiş olundu. Xalq artisti Flora Kərimova, əməkdar artistlər Nazpəri Dostəliyeva, Gülüstan Əliyeva, müğənnilər Lalə Məmmədova, Samirə və başqaları öz musiqi töhfələri ilə gecəni daha da maraqlı etdilər.

 

Mədəniyyət.- 2008.- 20 mart.- S. 2.