Əliyev İ.

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anara

 

Hörmətli sədr!
Sizi - müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, cansağlığı və işlərinizdə yeni-yeni uğurlar arzulayıram.
Müxtəlif janrlarda yaratdığınız və taleyüklü problemlərə həsr etdiyiniz əsərlərinizlə Siz respublikamızda ədəbi prosesin inkişafına layiqli töhfələr vermisiniz. Qələminizin məhsulu olan, öz həyatiliyi, təbiiliyi, dilinin rəvanlığı və üslub rəngarəngliyi ilə fərqlənən yaradıcılığınız müasir Azərbaycan oxucusunun bədii-estetik zövqünün formalaşmasında əhəmiyyətli rol oynamışdır.
Siz fəaliyyətinin çoxşaxəliliyi ilə seçilən qələm sahibisiniz. Teatr və kino üçün əsərləriniz tamaşaçılar tərəfindən həmişə böyük maraqla qarşılanmışdır. Ssenarilərini yazdığınız və rejissoru olduğunuz bədii filmlər Sizi peşəkar kino xadimi kimi tanıtmışdır.
Azərbaycançılıq düşüncəsindən yoğrulan ədəbi-tənqidi, elmi-publisistik məqalə və esseləriniz nasir-publisist istedadınızın məhsulu kimi meydana çıxmışdır. Həmin yazılarda milli mədəniyyətimizin qiymətli abidələrinə, klassik və müasir ədəbi fikir tariximizin bir çox böyük şəxsiyyəti və hadisəsinə tədqiqatçı münasibəti öz dolğun əksini tapmışdır.
Sizin ictimai xadim kimi də fəaliyyətiniz geniş və əhatəli olmuşdur. Uzun illərdən bəri Azərbaycan Yazıçılar Birliyinin sədri kimi məsul bir vəzifədə çalışmağınız isə böyük təşkilatçılıq qabiliyyətinə malik olduğunuzu göstərir.
İnanıram ki, yaradıcılığının ən yetkin dövrünü yaşayan söz ustası kimi Siz bundan sonra da ədəbiyyatımızın zənginləşməsi naminə töhfələrinizi əsirgəməyəcəksiniz.
Ən xoş arzularla,

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 mart 2008-ci il

 

 

Azərbaycan.- 2008.- 14 mart.- S. 1.