Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik

 

Hörmətli həmvətənlər!
Sizi xalqımızın sevimli Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət bütün işlərinizdə uğurlar diləyirəm.
Təbiətin əbədi qanunları kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən ilk bahar günü yurdumuza qədəm qoyur. Qədim əcdadlarımızın bizə misilsiz yadigarı kimi Yaz bayramının gəlişi Odlar diyarında yüzillərdən bəri xüsusi mərasimlərlə qarşılanır, təntənəli el şənlikləri ilə müşayiət olunur. Milli varlığımızı ulu babalarımızın mənəvi aləminin zənginliyini ən incə çalarlarınadək nümayiş etdirən bu el bayramı əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə bu gün çox sevilir, uca tutulur layiqincə qorunub yaşadılır. Onun hazırda respublikamızın hər bir guşəsində böyük ruh yüksəkliyi ilə rəsmi səviyyədə geniş qeyd olunması dövlət müstəqilliyimizin verdiyi bəhrələrdəndir. Novruz bayramı, sözün əsl mənasında, ümumxalq bayramı mahiyyəti qazanmışdır.
Azərbaycanın son illərdə ən müxtəlif sahələrdə nail olduğu misilsiz uğurlar bu bahar günlərində hər evə, hər ailəyə həqiqi bayram əhvalı bəxş etmişdir. Mədəni-ictimai həyatımızın daha da canlanması, iqtisadiyyatımızın yüksələn xətt üzrə davamlı inkişaf tempi, paytaxtımızı bölgələrimizi bürüyən abadlıq-quruculuq işləri təbiətin dirçəlməsi yeniləşməsi ilə həmahəng olub hər birimizdə nikbin ovqat yaradır, sabahkı günə dərin inam aşılayır.
Azərbaycan torpaqlarının müdafiəsində dayanan mətin əsgərlərimizə mən bu əziz günlərdə səmimi bayram salamımı yetirirəm. Ölkəmizin ərazi bütövlüyünün qorunması naminə canlarını fəda edərək, uca şəhidlik mərtəbəsinə yüksəlmiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsini ehtiramla yad edir, onlara Tanrıdan rəhmət diləyirəm.
Azərbaycanın sərhədlərindən uzaqlarda yaşayan soydaşlarımız da Novruz bayramını bizimlə birlikdə böyük sevinclə qarşılayırlar. Dünya azərbaycanlılarının milli həmrəyliyinin rəmzinə çevrilən bu bayram hər gəlişi ilə onların Ana Vətənə azərbaycançılıq məfkurəsi işığında bağlılıq duyğularını daha da gücləndirir.
Əziz bayram günündə hamınıza bahar əhval-ruhiyy
əsi arzu edirəm.
Novruz bayramınız mübarək olsun!

İlham Əliyev
, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 mart 2008-ci il

 

Xalq qəzeti.- 2008.- 20 mart.- S. 1.