Musaoğlu İ.

Ucarda bayram şənlikləri

 

Bu gün respublikanın hər yerində olduğu kimi, Azərbaycan xalqının ümümmilli lideri Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar Ucar rayonunda da silsilə tədbirlər həyata keçirilir. Belə ki, yubileylə əlaqədar rayon icra hakimiyyətinin tədbirlər planı təsdiq edilmiş, müvafiq idarə təşkilatların vəzifələri dəqiqləşdirilmiş, icraya məsul şəxslər müəyyənləşdirilmişdir.

Buna müvafiq olaraq rayonun təhsil müəssisələrində, mədəniyyət evi və klublarında tədbirlər keçirilməyə başlanılmış, yubileylə əlaqədar stend və güşələr düzəldilmişdir.

Bütün orta məktəblərdə ulu öndərə həsr olunmuş inşa yazı müsabiqəsi, eləcə də şeir, mahnı, bədii qiraət və rəsm üzrə müsabiqələr keçirilmişdir.

Ucar şəhər 4 saylı orta məktəbin şagirdi Xatın Bağırovanın respublika şahmat yarışlarında 11-12 yaşlılar arasında 2-ci dəfə respublika çempionu adını qazanması yubileyə ən layiqli hədiyyələrdən olmuşdur.

Aprelin 29-da rayon Mədəniyyət evində “Heydər Əliyevin ideyaları Azərbaycanı işıqlı sabahlara aparır” mövzusunda elmi-praktik konfrans keçirilmiş, konfransda 6 məruzə dinlənilmişdir.
Konfransın sonunda rayon məktəblərinin yubileyə həsr olunmuş müsabiqəsində qalib gəlmiş ifaçıların iştirakı ilə konsert nümayiş olunmuş maraqla qarşılanmışdır.

Aprelin 30-da rayon mərkəzindəki Heydər Əliyev adına parkda rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkil etdiyi “Kitab bayramı” keçirilmiş, tədbirdə ulu öndərin kitabları, eləcə də bu böyük şəxsiyyətə həsr olunmuş kitablar nümayiş və təbliğ olunmuşdur. Tədbir özfəaliyyət kollektivlərinin müşayiəti ilə davam etdirilmiş burada 1000 nəfərədək tamaşaçı iştirak etmişdir.

Mayın 3-də rayon Mədəniyyət evində şəhər 3 saylı orta məktəbin şagirdlərinin iştirakı ilə yubileyə həsr olunmuş Əlifba bayramı və “Biz Heydər Babanın nəvələriyik” adlı musiqili kompozisiya nümayiş etdirilmiş, tədbirdə müəllimlər, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Aprel ayının 25-dən başlayaraq rayonun ümumtəhsil məktəb şagirdlərinin Heydər Əliyevin abidəsinə və Heydər Əliyev muzeyinə ziyarətləri təşkil edilmiş və qeyd olunan tədbirin may ayının 10-dək davam etməsi nəzərdə tutulmuşdur.

Yubileylə əlaqədar Yeni Azərbaycan Partiyasının mükafatı uğrunda respublika üzrə keçirilən mini-fitbol yarışlarında rayonun komandası zona yarışlarında 10 rayon arasında 1-ci yeri tutmuş və may ayının 2-dən 8-dək Bakıda keçirilən final mərhələsində iştirak edir.
Bu gün rayonun bütün məktəblərində ilk dərslər ulu öndər Heydər Əliyevə həsr olunacaqdır.

Sabah isə rayon Mədəniyyət evinin qarşısındakı meydanda respublikanın tanınmış müğənnilərinin iştirakı ilə böyük bayram şənliyi keçiriləcəkdir.

Ümumiyyətlə, may ayının 10-dək şənliklər davam edəcək və çoxminli rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev parkında ucaldılmış ulu öndərin abidəsi önünə əklillər və gül-çiçək dəstələri qoyacaqlar.

Qeyd etmək lazımdır ki, yubiley ərəfəsində rayonda abadlıq və quruculuq işləri də yeni vüsət almış, bu sahədə xeyli iş görülmüşdür.


Xalq qəzeti.- 2008.- 6 may.- S. 11.