Şirinov E.

 

Qarabağ bülbüllərinin yaradıcısı kimdir


Rafiq Rüstəmli: "Mənim yetirmələrimi Murad Rzayev öz adına çıxır"

 

"Ustad sənətkar Rafiq Rüstəmli bəşəri musiqini bizə tərcüməsiz anlatdı". Bu fikir Fransanın Lion şəhərində milli musiqimizi dinləyən bir fransız jurnalistə məxsusdur. R.Rüstəmli sənətinə və onun "Qarabağ bülbülləri" ansamblına ünvanlanan belə xoş sözlər, təşəkkür dolu məktublar, teleqramlar yüzlərlədir...
1993-cü ildən Biləcəridəki Q.Abbasov adına 284 saylı orta məktəbdə fəaliyyət göstərən Xan Şuşinski
adına Ağdam muğam məktəbinin direktoru, respublikanın əməkdar mədəniyyət işçisi Rafiq Rüstəmlinin iş otağındakı rəflərə düzülmüş fəxri fərmanlar, diplomlar, stolüstü medallar, videokasetlər, disklər, fotoalbomlar, afişalar və müxtəlif sənədlər bu təhsil ocağının fəaliyyətinin göstəricisidir...
Həmsöhbətimiz R.Rüstəmlinin dediklərindən məlum oldu ki, rəhbərlik etdiyi Ağdam muğam məktəbi 1985-ci ildən fəaliyyətə başlayıb. Məktəbin nəzdində 1987-ci ildə yaratdığı "Qarabağ bülbülləri" ansamblı dövlət tədbirlərində, Filarmoniyada, televiziyada, hərbi hissələrdə geniş konsert proqramları ilə çıxış edib. Bundan əlavə, Daşkənddə, Moskvada, İraqda, Türkiyədə, Fransada və digər ölkələrdə qastrol səfərlərində olub, festival və müsabiqələrdə muğamlarımızın, milli musiqimizin təbliğində böyük xidmətlər göstərib. Hazırda 7 şöbə üzrə fəaliyyət göstərən məktəbdə 251 şagirdin təlim-tərbiyəsi ilə 50 müəllim məşğul olur.
R.Rüstəmli bizimlə söhbətində sənətə gəlişi barədə bunları söylədi:
- 1945-ci ildə Ağdam rayonunun Xındırıstan kəndində şair Rəhim Rüstəmlinin ailəsində doğulmuşam. Uşaq ikən səsim diqqət çəksə də, atamın arzusu məni hüquqşünas görmək idi. Səsimi bəyənən kənd adamları atama məsləhət gördülər ki, məni musiqi məktəbinə qoysun. Atam məni ü.Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə apardı. Məktəbin direktoru Əlipaşa Daşdəmirov səsimi bəyənsə də, yaşım az olduğu üçün 1 nömrəli uşaq musiqi məktəbində təhsil almağımı tövsiyə etdi. Məktəbin direktoru Cəlal Əliyev səs şöbəsi olmadığı üçün atamın razılığından sonra məni tar sinfinə götürdü. Məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olundum. Lakin əsgərlik yaşım çatdığı üçün hərbi xidmətə yollandım. Qayıdıb gələndə isə Asəf Zeynallıda oxumaq imkanım olmadı. Dolanışığımız ağır olduğundan işləməli oldum. Eyni zamanda ü.Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə qəbul edildim. 1980-ci ildə İncəsənət İnstitutuna qəbul oldum. İnstitutu qurtaran ili Xan Şuşinski adına Ağdam muğam məktəbi açıldı. Məni həmin məktəbə direktor təyin etdilər. Elə o vaxtdan indiyə kimi məktəbə rəhbərlik edirəm.
- Rafiq müəllim, ailənizdə sənətinizi davam etdirən varmı?
- Mənim dörd övladım var - üç oğlan, bir qız: Rahab, Mahur, Şüştər və Şahnaz. Hamısı musiqi təhsili alsa da, yalnız Şüştər Asəf Zeynallı adına musiqi texnikumunu bitirdikdən sonra Azərbaycan Milli Konservatoriyasında təhsilini davam etdirdi. İndi bizim məktəbdə tardan dərs deyir.
- Rafiq müəllim, necə oldu ki, "Qarabağ bülbülləri" ansamblını yaratdınız?
- Yadınızdadırsa, 1976-85-ci illərdə Ağdam "Pionerlər evi"ndəki dərnəyin üzvləri - hamının yaxşı tanıdığı Tacir, İlhamiz, Arzu və Nazim "Qarabağ bülbülləri" adı ilə aləmə səs salmışdılar. Ancaq onlar böyüdükcə səslərində problemlər yarandı. Bu səbdən də "Qarabağ bülbülləri"nin fəaliyyətində fasilə yarandı. Şair Nüsrət Kəsəmənli televiziyada xalqın bununla bağlı narahatlığını dilə gətirərək dedi ki, "Qarabağ bülbülləri"nin taleyi niyə belə oldu?!
Ağdam rayon mədəniyyət şöbəsinin müdiri çimnaz Əliyeva məni yanına çağırıb "Qarabağ bülbülləri" ilə bağlı respublikada həyəcan təbili çalındığını söylədi.
Dedi ki, indi onsuz da "Pionerlər evi"nə maraq azılıb. Xan Şuşinski adına muğam məktəbi ona görə açılıb ki, Qarabağ uşaqları orada təhsil alsınlar. İndi "Qarabağ bülbülləri"nin adını yaşatmaq məsuliyyəti sənin üzərinə düşür. çimnaz xanımın bu sözündən sonra rayonlardan istedadlı uşaqlar yığmağa başladım. Sevinc Sarıyevanı, Humay Məmmədovanı, Səbuhi İbayevi, sevimli müğənnimiz Qədir Rüstəmovun oğlu Azər Rüstəmovu, Fəqani Əliyevi, Habil Hacıyevi və digər istedadlı uşaqları məktəbə cəlb etdim. Az müddət ərzində onların səsi xarici ölkələrdən gəlməyə başladı. Belə ki, muğam məktəbinin "Qarabağ bülbülləri" 1988-ci ildə Moskva şəhərində Belyayevin 100 illik yubileyində, 1989-cu ildə İraqda Babilistan festivalında, 1990-cı ildə İstanbul şəhərində 10 günlük qastrolda oldu. Elə həmin il Moskva şəhərində Uşaq Xeyriyyə Fonduna yardım məqsədilə keçirilən telemarafonda mədəniyyət naziri Polad Bülbüloğlu ilə birlikdə xeyriyyə konserti vermişik. 1991-ci ildə Türkiyənin Ankara şəhərində 3-cü uşaq festivalında uğurlu çıxışımıza görə şəhər valisi tərəfindən stolüstü medalla mükafatlandırılmışıq. Həmin il Düşənbə şəhərində beynəlxalq müsabiqədə iştirak etmişik. 2005-ci ildə Fransanın Lion və Lil şəhərlərində, 2006-cı ildə isə Di şəhərində, 2008-ci ildə yenidən Lion şəhərində muğam konsertləri vermişik.
- Təəssüf ki, son vaxtlaradək muğam sənətini unutmaq üzrə idik...
- Əslində muğam yox, xalqın özü unudulurdu. Şükürlər olsun ki, musiqi mədəniyyətimizin zirvəsi sayılan muğam sənəti Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın qayğısı sayəsində ikinci ömrünü yaşamağa başladı. Bu əvəzsiz xidmətinə görə Mehriban xanıma bütün muğamsevərlər adından təşəkkür edirəm. Qeyd edim ki, muğam müsabiqəsində ikinci yerin qalibi Ehtiram Hüseynov bizim məktəbin yetirməsidir. Həmçinin məktəbimizin yetirməsi Rəvan və Şirazi "Xalq ulduzu" yarışmasında iştirak edirlər. Məktəbimiz yüzlərlə sənətkar yetişdirib. Onlardan əməkdar artist Firuz Səxavət, Opera və Balet Teatrının solisti Səbuhi İbayev, Sevinc Sarıyeva, Humay Məmmədova, Fəqani Əliyev, Cabir İmanov, Ayaz Qasımov, Habil Hacıyev və digərləri republikamızın tanınmış, adlı-sanlı sənətkarlarıdır. Milli musiqimizin inkişafı və təbliği istiqamətində önəmli fəaliyyətləri olan Cəlal Əliyev, Barat Fəhradov, Əlisafa Hüseynov, Əlövsət Hüseynov və digər müəllimlərimizin adını məmnuniyyətlə çəkmək istərdim.
- Rafiq müəllim, məktəbiniz bu gün hansı qayğılarla yaşayır?
- Ən kanfort şəraitdə belə, heç bir iş görə bilmirsənsə, həvəslə işləmirsənsə mütləq hansısa problem ortaya çıxacaq. Ancaq sənətə yanğı ilə, sevgi ilə, məhəbbətlə yanaşsan ağac kölgəsində də yaxşı tələbə yetişdirmək mümkündür. Bununla belə, daha yüksək səviyyədə dərs keçmək üçün yaxşı şəraitin olması da vacibdir. Ancaq gəlin onunla da hesablaşaq ki, biz müharibə şəraitində yaşayırıq. Ona görə də sənətindən asılı olmayaraq kiminsə işləməsi üçün şəraitsizliyi bəhanə etməyə haqqı yoxdur. Belə çətin şəraitdə işləməyimizə rəğmən bəzən istər-istəməz lazımsız söz-söhbətlərə, mübahisələrə cəlb edilirik...
- Fikrinizi konkretləşdirə bilərsinizmi?

- Vaxtilə Ağdam "Pionerlər evi"ndə təhsilli kadrlar olmadığından valideynlər öz uşaqlarını muğam məktəbinə gətirməyə üstünlük verirdilər. Drijorluq etməklə, uşaqları yığıb xor oxutmaqla "Qarabağ bülbülü" yetişdirmək qeyri-mümkün idi. Yoxsa, özünün şəxsi mənafeyini güdərək, adına şöhrət gətirmək üçün Asəf Zeynallı adına musiqi texnikumundan, yaxud ordan-burdan uşaq yığıb "Qarabağ bülbülləri" adı altında çəkilişlər aparıb, sonra da "bunları mən yaratmışam" demək heç də düzgün deyil. Hətta həmin çəkilişlərə bizim məktəbin şagirdləri də cəlb edilib. 10 il beləcə gün keçirən adam axırda gedib oturdu İsmayıllı rayonunda. Heç bilmədi dərnək harda qaldı, uşaqlar necə oldu.
- Konkret olaraq söhbət kimdən gedir?
- Söhbət Ağdam "Pionerlər evi"nin keçmiş müdiri Murad Rzayevdən gedir. Əgər bu gün "Pionerlər evi"nin "bülbülləri" susursa, biz də susmalıyıq? Əksinə, daha çox çalışmalıyıq ki, istedadlı uşaqlarımız ortalıqda qalmasın. Aybəniz Haşımovanın da "Bülbüllər" kollektivi var. İndi A.Haşımovaya irad tutaq ki, sən niyə bu "bülbülləri" yaratmısan, bülbüllər ancaq Qarabağda olur?! Əksinə, Aybəniz xanımın bu işini alqışlayıram. Ancaq çox təəssüf ki, keçmiş "Pionerlər evi"nin keçmiş rəhbəri Murad Rzayev bizim uğurlarımızla heç cürə barışa bilmir. Televiziyada, mətubatda "ah-vay" edir ki, "mənim "Qarabağ bülbülləri"mə Rafiq Rüstəmli sahib çıxıb". İndi mən də deyirəm ki, Murad Rzayev, sənin "bülbüllərin" 1976-85-ci illərdə Tacir, İlhamiz, Arzu və Nazim idi. Onlar nə bizim məktəbin şagirdi olub, nə də birlikdə konsert vermişik. 1986-cı ildən indiyədək hansı istedadlı uşağı yetişdirib, respublikada tanıtdırıb, hansı xarici ölkədə konsert vermisən? Yaxud, hansı yetirmən sənətini davam etdirib, ali təhsil alıb, fəxri ada layiq görülüb? Əgər varsa, biz buna sevinərik.
1986-cı ildən başlayraq məktəbimizin ansamblı "Qarabağ bülbülləri" adı ilə çıxış edib. İstər televiziyada, istərsə də bütün kütləvi informasiya vasitələrində bu adla təqdim olunmuşuq. Sual olunur: bu ötən illər ərzində Murad Rzayevin "Qarabağ bülbülləri" var idisə, 1988-ci ildən bəri respublikada, yaxud xarici ölkələrdə keçirilən beynəlxalq musabiqələrdə, festivallarda niyə onlar yox, biz iştirak edirik? Murad Rzayev bu gün də "Qarabağ bülbülləri"nin - İlhamiz, Tacir, Arzu və Nazimin adlarını çəkərək, onları yetişdirdiyini deyir. İndi mən də Firuz Səxavətin, Sevinc Sarıyevanın, Səbuhi İbayevin və digərlərinin qolundan tutub deyim ki, onlar "Qarabağ bülbülləri"dir? Artıq onlar bülbül yox, sənətin ən uca zirvələrinə yüksələn qartallardır. M.Rzayev deyir ki, "Nəzakət Teymurova mənim yetirməmdir". Az qalıb desin ki, "Şur" ansamblında yetişən Aydın Nifalıoğlu, Aydın Məmmədov, Hafiz Şəfizadə, Barat Fərhadov, İsrafil Məmmədov və başqalarını da mən yetişdirmişəm... Əlimin altında olan "Hardasan, Qarabağ bülbülü?" sərlövhəli bir qəzet məqaləsindən bəzi sətirləri oxumaq istəyirəm: "Ona Qarabağ bülbülü adını 50-ci illərin axırlarında Moskvada ümumdünya gənclər festivalında qızıl medal alanda veriblər. Bütün Azərbaycan musiqisevərlərinin yaddaşından silinməyən Qarabağ bülbülü indi hardadır? Söhbət səsi-sədası bir zamanlar hamını heyrətləndirən Vəli Məmmədovdan gedir..." Səhv etmirəmsə, Murad Rzayevin 1950-ci ildə 3 yaşı olub. Belə çıxır ki, 3 yaşında olarkən Vəli Məmmədovu da o yetişdirib...
Yeri gəlmişkən bir məsələyə də toxunmaq istəyirəm.
Adını çəkmək istəmədiyim bəzi kitab müəllifləri mənim getdiyim ölkələri, şagirdlərimizi Murad Rzayevin adına çıxıblar. Kitabda yazır lar ki, M.Rzayevin "Qarabağ bülbülləri" Rusiyada, Gürcüstanda, özbəkistanda, İranda, Türkiyədə, İraqda, Bolqariyada, Polşada, Almaniyada konsertlər verib. Halbuki bu ölkələr mənim və "Qarabağ bülbülləri"min getdiyi yerlərdir. Bir müəllifin yazdığına görə, Sədi Məmmədov M.Rzayevin yetirməsidir. Ağ yalandır! Sədi Məmmədov "Pionerlər evi"nə getməyib. O, mənimlə bərabər ü.Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbində təhsil alıb. Nəzakət Teymurova, Sevinc Sarıyeva, Humay Məmmədova, Cabir Abdullayev, Firuz Səxavət və başqaları da guya M.Rzayevin yetirmələridir. Əgər bu adı çəkilənlər doğrudan da M.Rzayevin yetirmələridirsə, o zaman niyə bizim məktəbdə təhsil alırdılar? Daha acınacaqlı hal odur ki, kitabın başqa bir səhifəsində təzədən həmin adları mənə aid ediblər...

Təzadlar.- 2008..- 20 may.- S. 8.